Yazarlar Müsavat Partiyasından istefa verdilər Siyasət

Yazarlar Müsavat Partiyasından istefa verdilər

Müsavat başqanı Arif Hacılının son müsahibəsindən sonra "Yeni Müsavat" qəzetində çalışan və Müsavat Partiyasının üzvü olan şəxslər istefa verməyə başlayıb.
Qeyd edək ki, sözügedən müsahibədə Müsavat başqanı "Yeni Müsavat"ın baş redaktoruna qarşı ciddi iddia və ittihamlar irəli sürüb.
"Yeni Müsavat"ın siyasət yazarı Etibar Seyidağa bəyan edib ki, 1995-ci il fevralın 27-dən Müsavat Partiyasının üzvü olması ilə daima qürur duyub: "Yüzlərlə əqidəli müsavatçı dostları bu müddətdə qazanmışam. Müsavat Partiyasında son başqan seçkilərində bir müsavatçı və jurnalist kimi Arif Hacılının başqanlığını müdafiə etdiyimi hər kəs bilir. Əvəz Zeynallı kimi Müsavat Partiyasına, "Yeni Müsavat"a kin dağarcığı olan birisinin toruna asanlıqla düşəcək siyasətçi kimi tanımırdım Arif Hacılını. İsa Qəmbər heç vaxt bu tipli jurnalistlərin toruna düşməzdi. Bu gündən bütün müsavatçı dostlarıma bəyan edirəm ki, İsa Qəmbər Müsavat Partiyasının başqanı postuna qayıdan günədək özümü Müsavat Partiyasının üzvü hesab etmirəm".
"Yeni Müsavat"ın direktoru Ələsgər Süleymanov da istefa bəyanatı verib: "21 ildir Müsavat Partiyasının üzvüyəm. Bu günəcən partiyaya minlərlə adamın üzv olduğunun və istefa verdiyinin şahidi olmuşam. Həmişə özüm-özümə sual vermişəm ki, "mən də istefa verə bilərəmmi? Bu qədər yol qət etdiyin, heç nə etməsən belə təəssübünü çəkdiyin, ən azı davranışlarında nəzərə aldığın mənsubluğundan imtina edə bilmək necə mümkündür? Son dövrlər göstərir ki, bəzən, adamı bunu etməyə məcbur buraxırlar. İstefa verib gedənləri indi anlayıram. Müsavat Partiyası buna görə dağılır. Dünəndən gedən məlum müzakirələr bu fikirlərimi yenidən təzələdi. Düşündüm. İstefa bəyanatı vermək istədim. Axı mən Arif Hacılıya görə bu partiyaya üzv yazılmamışam. Odur ki, burdan bəyan edirəm. Nə qədər ki, Arif Hacılı Müsavat Partiyasının başqanıdır, məni istefa vermiş saya bilər!".
Yazar Elşad Paşasoy da yazdığı köşə yazısında Müsavat Partiyası ilə yollarını ayırdığını elan edib: "Bizlər bu illər ərzində "Yeni Müsavat"la Müsavat Partiyası arasında fərq qoymadıq. Baş redaktorumuz keçən il partiyanı tərk edəndən sonra da "dostlar mən qərarımı verdim, siz də qərar verin" demədi, hər birimizin mövqeyinə sayğılı yanaşdı. Hətta Arif Hacılının başqanlığı dönəmində də baş redaktor olanlara rəğmən işçiləri qarşısında "Ya Müsavat, ya "Yeni Müsavat" seçimi qarşısında qoymadı. Ancaq Arif Hacılı son açıqlamaları, Rauf Arifoğluna qarşı davranışları ilə bizi də pis vəziyyətdə qoydu. Bundan sonra susmağımız ayıb olar.
Partiya rəhbərliyi ilə qəzet arasındakı mövcud münasibətlər səbəbindən 21 ildir üzvü olduğum Müsavat Partiyasının sıralarından istefa verdiyimi bəyan edirəm".
"Yeni Müsavat" qəzetinin redaktoru, Rauf Arifoğlunun qardaşı Azər Ayxan da Müsavat Partiyasından istefa verib.
A.Ayxan Arif Hacılının iftira və böhtanlarına görə bu addımı atdığını açıqlayıb: "Müsavat Partiyasının rəhbəri Arif Hacılının son müsahibəsində "Yeni Müsavat" qəzeti və Rauf Arifoğlu barədə dediyi təhqiramiz sözlərə, heç bir fakta əsaslanmayan ifadələrə, iftira və böhtanlara görə 1992-ci ilin sentyabr ayından bu günə kimi üzvü olduğum Müsavat Partiyasındakı fəaliyyətimi dayandırıram. Arif Hacılının bu çirkin mövqeyi təkcə Rauf Arifoğluna qarşı yönəlməyib. O, bu sözləri, böhtan və təhqirləri həm də avtomatik olaraq Rauf bəyin rəhbərlik etdiyi "Yeni Müsavat" media qrupunda çalışan onlarla tanınan imzaya, jurnalist kollektivinə yönəlib. Ən dəhşətlisi isə odur ki, özünü demokrat siyasətçi kimi cəmiyyətə sırımağa çalışan Arif Hacılı bu mövqeyi ilə söz-mətbuat azadlığına qarşı olduğunu sübut etdi. Həmçinin fərqli mövqeyə, baxışa, ifadə azadlığına düşmən mövqedə dayandığını isbatladı. Bir qəzet redaktorunun, jurnalistin partiyadan istefasını şərh edərkən həmin jurnalistə qarşı mənəvi-psixoloji terrora yol verdi".
A.Ayxan qeyd edib ki, belə bir düşüncə daşıyıcısının rəhbər olduğu partiyada qalmaq, fəaliyyət göstərmək əslində demokratiyaya, söz və mətbuat azadlığına, prinsiplərə hörmətsizlik olardı.