
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Təklif bölgədə sülhə və əməkdaşlığa xidmət edir
Ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfər etməzdən öncə jurnalistlərə açıqlamasında “Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə dördtərəfli (Türkiyə daxil - red.) görüşün keçirilməsini təklif etmişik” fikri geniş müzakirəyə səbəb olub.
"Elə təklif verdik ki, addımı da ona uyğun ataq. Hələlik heç bir müsbət və ya mənfi rəy almamışıq. Biz Prezident İlham Əliyevlə bu məsələni daha sonra müzakirə edəcəyik və hadisələri yaxından izləyəcəyik", - deyə R.T.Ərdoğan əlavə edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dördtərəfli görüş təklifinin İrəvana edilib-edilməməsi ilə bağlı sualını cavablandırarkən deyib ki, müxtəlif təkliflər və ideyalar var, mən heç birini açıqlamaq istəmirəm.
“Problem ondadır ki, bu, münasibət bildirəcəyim yeganə ideya deyil. Biz bütün məsələyə baxmalıyıq", - Paşinyan bildirib.
Rusiya Xarici İşlər Nazirliyi isə məlumat yayıb ki, Rusiya Türkiyədən Qarabağla əlaqədar dördtərəfli görüşün keçirilməsi barədə hələlik rəsmi müraciət almayıb.
Politoloq Elşən Manafov “Xalq Cəbhəsi”nə açıqlamasında deyib ki, Türkiyə prezidenti Ərdoğanın Cənubi Qafqazda dayanıqlı və uzunmüddətli sülhün təmin edilməsi, stabilliyin bərqərar olması istiqamətində atdığı bütün addımlar əlbəttə alqışlanmalıdır: “Türkiyənin məlum taxıl böhranın yaşandığı dönəmdə Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçiliyi müəyyən zaman müddətində də olsa dünyanı təhdid edən taxıl çatışmazlığının arxa plana keçməsinə səbəb olmaqla, xüsusən üçüncü dunya ölkələrində dərinləşə biləcək humanitar fəlakətin qarşısını ala bilmişdi. Lakin Türkiyənin vasitəçiliyi ilə əldə edilmiş razılıqların şərtlərinin sonradan Ukrayna və Qərb dövlətləri tərəfindən pozulması taxılla bağlı sazişlərin dondurulmàsına gətirib çıxardı”.
Politoloq qeyd edib ki, Qərb Rusiyanın razılığı ilə Ukrayna limanlarından çıxan taxılın əhəmiyyətli hissəsini özu idxal etdi, 3/1-nə Türkiyə sahib oldu. Nəticə etibarı ilə aclıqdan əziyyət çəkən Afrika ölkələrinə nəzərdə tutulan taxıl yetişmədi. Yəni bu hadisələr Türkiyənin iradəsindən kənarda baş verdi. Bu Rusiyanı haqlı olaraq narazı saldı, zira, razılıqlarda Rusiyanın maraqlarına cavab verəçək şərtlərin gözlənilməməsi Rusiyanı sazişi dondurmağa sövq etdi: “İndi Cənubi Qafqazda kifayət qədər gərgin və mürəkkəb bir vəziyyətin yarandığı bir şəraitdə Türkiyənin vasitəçilik səyləri yalnız o halda səmərəli ola bilər ki, bölgədə Rusiyanın maraqları nəzərə alınsın, digər tərəfdən vasitəçilik səylərinə Ermənistanın da müsbət cavab verməsindən çox şey asılı olacaq. Son günlər yaşanan hadisələrin müqayisəli təhlili göstərir ki, Paşinyan müstəqil qərar vermək imkanlarina malik deyil. Bunu ciddi cəhdlə gizlətməyə çalışa bilər. Azərbaycanın öz ərazisində konstitision quruluşu bərpa etmək əzmi ilə başladığı antiterror əməliyyatı göstərir ki, millətçi Ermənistana münasibətdə "ilan ulduz görməsə ölməz" kəlamı yerinə düşür. Ermənistan və Qarabağdakı separatçı rejim Azərbaycan ordusundan növbəti sarsıdıcı zərbəni aldıqdan sonra artıq kifayət qədər fərqli vəziyyətdə danışıqlar masası arxasında oturacaq. Sadəcə Paşinyanın ikibaşlı siyasəti, sözdə Qarabag üzərində Azərbaycanin suveren hüquqlarının tanımasi ilə bağlı deklorativ bəyanatları, Azərbaycan prezidentinin irəli sürdüyü 5 məlum şərt ətrafinda diplomatik manevrləri, 2020-ci ilin razılıqlarını icra etməkdən hər dəfə yayınması, nəhayət, Rusiya ilə münasibətlərin Qərbin məsləhət bildiyi müstəvi uzərinə keçirilməsi istiqamətində atdığı addımlar onu bu reallıq qarşısında qoymalı idi. Onunla muqayisədə kifayət qədər praqmatik və realist olan, siyasi iradə və qətiyyət numayiş etdirən İ.Əliyev isə növbəti dəfə ipə, sapa yatmayan bu rejimə zərbəni endirmək üçün fürsəti fövtə vermədi. Dəfələrlə dediyimiz kimi Ermənistandakı rejimin Rusiya ilə münasibətlərin kəskinləşdirilməsi istiqamətində atdığı addımlar son olaraq bizim xeyrimizə işləyəcək. İndiki şəraitdə Azərbaycan tərəfinin məhz Rusiya ilə razılaşdıraraq lokal xarakterli antiterror əməliyyatlarına getməsi bunun bariz göstəricisidir. Belə bir şəraitdə Ərdoğanın vasitəçilik cəhdlərindən Qərbdəki havadarları vasitəsilə Ermənistan yararlanmağa çalışmalı olacaq, qeyd-şərtsiz məğlubiyyət müqavuləsinə imza atmamaq üçün”.
Politoloq Asif Nərimanlının fikrincə, Ərdoğanın dördtərəfli görüş (Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan) təklifi regiondankənar oyunçuların bölgədəki proseslərdən kənarlaşdırmaq məqsədi daşıyır: “44 günlük müharibədən dərhal sonra bu prosesdə Türkiyə və Rusiya əsas oyunçu olsa da, sonrakı dövrdə, xüsusilə Ukrayna müharibəsindən sonra Fransa, ABŞ və Avropa İttifaqı oyuna aktiv daxil oldu; bu Rusiya qarşısında bir çox məsələdə Bakının manevr imkanını genişləndirsə də, əsasən Ermənistana sülh sazişindən yayınmaq imkanları qazandırdı. Türkiyə və Rusiya prosei yenidən ələ almaq istəyir. Və bu, Fransadan sonra ABŞ-ın da vasitəçilik məsələsində geriyə düşməsinə zəmin yarada bilər, xüsusilə Vaşinqtonun Qarabağla bağlı son mövqeyindən sonra.
Ərdoğanın təklifinə Bakı və Moskva razı olacaq, hərçənd, masaya dəvət edilən İrəvanın bundan imtina edəcəyi, görüşə gəlsə belə, razılaşmalardan qaçacağı gözləntisi daha çoxdur. Belə vəziyyətdə isə bölgədə yeni eskalasiya qaçılmaz olacaq və Ermənistan ciddi itkilər verəcək. İrəvanı yaxın perspektivdə regiondankənar ölkələrin qoruması praktiki olaraq çətindir. Balansı poza biləcək yeganə ölkə İrandır. Ki, Tehranın siyasi xəttində müşahidə edilən korrektlər Paşinyan üçün çıxılmaz vəziyyəti yetişdirir”.
Politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan, Rusiya və Ermənistana liderlər səviyyəsində dördtərəfli görüş keçirməyi təklifi bölgədə sülhə və əməkdaşlığa xidmət edir.
O bildirib ki, Rusiya Prezident Vladimir Putinin bu təklifə qarşı çıxacağını zənn etmir:
“Putin üçün əsas olan ABŞ-la Avropa İttifaqını Ermənistandan və bölgədən uzaq tutmaqdır. Əlbəttə, Kreml Türkiyənin Cənubi Qafqazdakı fəallığından, Azərbaycanla strateji müttəfiqliyindən məmnun deyil. Ancaq Putin ABŞ-la Türkiyə arasındakı seçimdə şübhəsiz ikinciyə üstünlük verər. Problem Ermənistanın Baş naziri Nikol Paşinyanla bağlıdır. Ərdoğan dördlü görüş təklifini telefon söhbətində Paşinyana bildirib. Nikol Paşinyan son bir ildə Fransa Prezidenti Emmanuel Makronun iştirakı olmadan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərdən çəkinir. Dördlü görüş perspektivi Paşinyanı daha çox qorxudur, çünki masanın bir tərəfində ermənilərin illərdir düşmən gözüylə baxdıqları Türkiyənin lideri, digər tərəfində də münasibətlərini pozmağa başladığı Rusiya prezidenti oturacaq. Vaşinqtonla Paris də dördlü görüş təklifindən məmnun qalmadıqlarından görüşün reallaşmaması üçün Paşinyana təzyiq edəcəklər”.
Cavid