“Ermənistanın son dövrlər artan təxribatı, törətdiyi terror aktları antiterror tədbirlərini qaçılmaz etdi” Siyasət

“Ermənistanın son dövrlər artan təxribatı, törətdiyi terror aktları antiterror tədbirlərini qaçılmaz etdi”

Adil Əliyev: “2020-ci ilin noyabr ayından bu günə qədər 314 nəfər vətəndaşımız minaların qurbanı olub”

Erməni terroru nəticəsində Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarının şəhid olmasından sonra Azərbaycan ordusu son çarə olaraq antiterror əməliyyatlarına başladı.
Təbii ki, dövlət separatçıların təxribatlara əl-atacağını və mülki əhalinin hədəf alınması ilə bağlı dezinformasiya yayacağını də hesablamışdı.
Buna görə də Azərbaycan Müdafiə Nazirliyi mülki ermənilərə çağırış etdi: “Yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırırıq. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır.
Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq.
Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq.
Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb”.
Bundan sonra təbii ki, Ermənistan mətbuatının təxribat xarakterli addımlarını müşahidə etmək gözlənilən idi. Azərbaycan Müdafiə Nazirliyinin təkzib xarakterli məlumatlarına nəzər salsaq məsələni daha aydın təsəvvür etmək mümkündür.
Azərbaycan Müdafiə Nazirliyinin müxtəlif zamanlarda yaydığı rəsmi məlumatlar:
“-Ermənistan sosial media hesablarında paylaşılan mülki şəxslərin və mülki inrastrukturun guya Silahlı Qüvvələrimiz tərəfindən atəşə məruz qalması barədə məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır.
Dəfələrlə qeyd etdiyimiz kimi mülki şəxslər və heç bir mülki obyekt Silahlı Qüvvələrimiz tərəfindən hədəfə alınmır, yalnız legitim hərbi hədəflər zərərsizləşdirilir.
-Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlı yayılan dezinformasiyanı qəti surətdə təkzib edirik.
Silahlı Qüvvələrimiz yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəfləri zərərsizləşdirir.
-Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar tamamilə yalandır.
Beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə yayılan bu məlumatı qəti surətdə təkzib edirik.
-Ermənistan mətbuatında guya Silahlı Qüvvələrimizin Ağdərə yaşayış məntəqəsini atəşə tutması barədə yayılan məlumatların heç bir real əsası yoxdur, tamamilə yalandır.
Qarşı tərəfin yaydığı növbəti dezinformasiya xarakterli məlumatı qəti surətdə təkzib edirik.
-Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Laçın yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkət edən mülki kolonun atəşə tutulması barədə yayılan məlumatın heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.
Bu əsassız iddianı qəti surətdə təkzib edirik.
-Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yenidən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır.
Yayılan bu məlumatı qəti surətdə təkzib edirik.
Bir daha bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri yalnız legitim hərbi obyektləri və hərbi infrastrukturu yüksək dəqiqliyə malik silahlarla hədəfə alır və sıradan çıxarır...”.
Milli Məclisin sədr müavini Adil Əliyev bildirib ki, Ermənistanın son dövrlər artan təxribatı, törətdiyi terror aktları və 2020-ci ilin 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə riayət etməməsi lokal xarakterli antiterror tədbirlərini qaçılmaz etdi: “Qondarma rejimin törətdiyi özbaşınalıq, erməni diversantlarının terrorçuluq fəaliyyəti nəticəsində 2020-ci ilin noyabr ayından bu günə qədər 314 nəfər vətəndaşımız təkcə minaların qurbanı olub.
Təəssüf ki, Ermənistan rəhbərliyi üzərinə götürdüyü öhdəlikləri icra etmək əvəzinə təxribatlara, sabotajlara davam edir, sülh müqaviləsini imzalamaqdan imtina edir. Rəşadətli Azərbaycan Ordusu düşmənin təxribatının qarşısını almaqla antiterror tədbirlərinə başladı. Ordumuz hər zamankı kimi məsuliyyətli davranır, yalnız hərbi obyektlərə yüksək dəqiqliklə zərbələr endirir. Hətta təxribatçıya zərbə endirməmişdən qabaq bu barədə mülki əhalini məlumatlandırır. Mülki əhaliyə ərazini tərk etməyi tövsiyə edir, həyata keçirəcəyi tədbirlər zamanı yalnız hərbi obyektlərə ziyan vuracağı barədə öhdəlik götürdüyünü qeyd edir”.
Adil Əliyev əlavə edib ki, həyata keçirilən antiterror tədbirləri zamanı Ermənistana məxsus olan döyüş vasitələri yüksək peşəkarlıqla sıradan çıxarılır, ordumuzun arsenalında olan müasir silahlarla düşmənin silah-sursatı, hərbi texnikası məhv edilir: “Separatçılar mülki erməni əhalisindən istifadə edərək, onları hərbi təyinatlı obyektlərə gətirir və ya silahları yaşayış məntəqələrində yerləşdirirlər. Lakin, hərbi qulluqçularımız yüksək peşəkarlıqla davranaraq, mülki vətəndaşların olduğu yerləri hədəf almırlar.
Ölkəmiz dəfələrlə sülh müqaviləsinin imzalanması barədə müraciət etsə də, Ermənistan heç zaman sülhü qəbul etmədi. Müxtəlif bəhanələrlə prosesi yubatmağa çalışır, havadarlarının şirin vədlərinə inanıb hər addımda sülhdən yayınırdı. Ermənistan münasibətləri düzəltmək və sülh şəraitində yaşamaq əvəzinə, havadarlarına arxayın olub hər addımda qarayaxma kampaniyasına cəhd edir və bununla da sonuncu törətdiyi terror hadisələri ilə sülhün mümkünsüzlüyünü nümayiş etdirdi”.
Vitse-spiker bildirib ki, Xankəndidə olan erməni əsilli Azərbaycan vətəndaşları üçün ölkəmizin qapısı açıq olub: “Onlar dəfələrlə reinteqrasiya məsələlərini müzakirə etmək məqsədilə dialoqa dəvət olunublar və bu barədə müzakirələrin aparılmasının vacibliyi qeyd edilib. Lakin onlar hər dəfə bu prosesdən yayınıb, əksinə hər addımda siyasi “şou” yaratmağa cəhd ediblər. Qeyd olunur ki, lokal xarakterli antiterror əməliyyatlarından sonra Xankəndidə yaşayan ermənilər reinteqrasiya məqsədilə Yevlax şəhərində görüşməyə hazırdırlar. İllərdir bu proses onlara təklif olunsa da, birgəyaşayışı qəbul etmədilər, silahlarını təhvil verib, təxribatçı fəaliyyətlərini dayandırmadılar.
Xocavənd rayonunda baş verən terror hadisələri onu deməyə əsas verir ki, Ermənistan çirkin niyyətindən, revanşist hisslərindən əl çəkmir. Təhlükəsizliyimizə, konstitusion quruluşumuza qarşı təhdid olaraq qalır və onların növbəti dəfə təxribat törədəcəklərini heç kəs istisna etmir. Bir daha belə hallar baş verməsin deyə, qüdrətli Ordumuz hazırda tarixi missiya həyata keçirir. Xalqımız hər zamankı kimi Prezident İlham Əliyevin yanındadır, Ordumuza dayaqdır, dəstəkdir.
Söhbət ölkəmizin təhlükəsizliyindən gedirsə, bizə yalnız birlik lazımdır. Qərbi Azərbaycan İcmasının açıqlamasında da Ermənistanın sabotajı, terrorçuluq fəaliyyəti və sülhün qarşısında əngəl olması qəti şəkildə pislənib. Eləcə də, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar Prezident İlham Əliyevin ətrafında birlik nümayiş etdirir, haqq işimizə dəstək olurlar. Onlar düşmənin təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirilən antiterror tədbirlərində dövlətin yanında olmaları barədə birgə Bəyanat imzalayıblar. Partiya mənsubiyyətindən asılı olmayaraq, hər kəs Prezidentimizin ətrafında sıx birləşir, bu birliyin vahid amalı var: ölkəmizin təhlükəsizliyi təmin olunsun, terrorçuluğun və bütün növdən olan təxribatların qarşısı alınsın.
İmzalanmış Bəyanatda Xalq Cəbhəsi, Müsavat və Real Partiyalarının adları yoxdur. Görünən odur ki, birliyin-bərabərliyin vacib olduğu bu günlərdə bu partiyalar hələ də xain xislətlərindən əl çəkmirlər. Dövlət başçısının rəhbərliyi ilə aparılan haqq işinə dəstək vermək əvəzinə, pozuculuq fəaliyyətinə cəhd edirlər. Önəmli olan nə onların imzasıdır, nə də ki mövqeyi, lakin qədirbilən Azərbaycan xalqı belə həssas məqamda etdiklərinə görə onları bağışlamayacaq. 1991-1993-cü illərdə hakimiyyət böhranı yaradanlar, siyasi ambisiyalarına dövləti qurban verənlər bu gün də qazanılmış qələbəni, ölkəmizin inkişafını, qüdrətini hələ də həzm etmir və onların qısqanclıq niyyətlərinin əyani şahidi oluruq...”.

Əli