2021-ci ildə Ermənistanda istehsal olunan 2728 mina Qarabağda aşkar edilərək zərərsizləşdirilib - Ceyhun Bayramov Siyasət

2021-ci ildə Ermənistanda istehsal olunan 2728 mina Qarabağda aşkar edilərək zərərsizləşdirilib - Ceyhun Bayramov

2022-ci ilin avqustundan indiyədək Qarabağda 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2728 mina aşkar edilərək zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

Nazir xatırladıb ki, sentyabrın 19-da Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu yük maşını Ermənistan tərəfindən bastırılan minalardan birinə düşərək partlayıb. Əməkdaşlar yerindəcə dünyasını dəyişib. Yük maşını həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonu ərazisindən keçən 58-ci kilometrliyində törədilən terror aktı yerinə gedirmiş, nəticədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları öldürüldü.

"Bu minaların bu yaxınlarda əraziyə daxil olan erməni diversiya qrupu tərəfindən qoyulduğu şübhə doğurmur. 2020-ci ilin Üçtərəfli Bəyanatından sonra 2022-ci ilin avqustundan indiyədək Azərbaycanda 2021-ci ildə Ermənistanda hasil edilən ümumilikdə 2728 mina aşkar edilərək zərərsizləşdirilib. Belə ki, Azərbaycan-Ermənistan sərhədi boyunca
Kəlbəcər və Laçın rayonlarında 1119 mina, Qarabağ İqtisadi Rayonunda isə 1609 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 2020-ci ilin noyabr ayında Üçtərəfli Bəyanatın imzalanmasından bugünədək 314 nəfər minaların qurbanı olmuşdur", - deyə nazir bildirib.

Ceyhun Bayramov əlavə edib ki, Erməni silahlı qüvvələrinin mülki və hərbi itkilərə səbəb olan təxribat əməllərinə cavab
olaraq, Azərbaycan Silahlı Qüvvələri bu qanunsuz silahlı birləşmələri tərksilah etmək, Azərbaycanın mülki və hərbi heyətinin təhlükəsizliyinə hədə olan birbaşa təhlükəni zərərsizləşdirmək üçün lokal antiterror tədbirlərinə başlayıb.