
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Azərbaycan cəmiyyətində baş verən prosesləri, dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikası vətəndaş cəmiyyətinin aktiv fəaliyyəti nəticəsində yüksəlmişdir. Gənclərin vətənpərvər ruhda yetişməsində qeyri-hökumət təşkilatlarının özünəməxsus yeri var. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi gənclərin vətənpərvər ruhda yetişməsi və müharibə qəhrəmanlarının təbligi üçün müxtəlif əhəmiyyətli layihələri maliyyləşdirir. Qəhrəmanlar bizim milli sərvətimiz və qürur mənbəyimizdir.
Suyun saflığı, gülün tər çiçəyinin təravəti, qönçə gülünün gözəlliyi, ruhun ölməzliyi, torpağın müqəddəsliyi, günəşin, ayın əbədiliyi qədərdi Vətən sevgisi! Torpağın müqəddəsliyi vətən, yurd, el-oba anlayışı ilə birləşəndə candan əziz olur. O candan ki, uğruna fəda edirsən. Qanla yazılan tarix qana bulaşan torpağın müqəddəsliyindən əsrlərlə yaşayır. O tarixi silməyə heç bir qüvvənin gücü yetmir! Yaşayanda, becərəndə, qoruyanda Vətən, əxlaqi sərvətləri cəmləşdirəndə isə vətəndaş olur! O vətəndaş ki, torpağının hər qarışı üçün canını verməyə hazırdır!
30 il işğalda olan Qarabağ! Vətən həsrəti və 44 günlük Vətən müharibəsi! Bu kiçik bir zaman məfhumunda böyük və qüdrətli xalqın ərənlərinin meydan şücaətləri! Dilə, ağıza, ürəklərə, köksə, vərəqlərə kitablara sığmayan qəhrəmanlıqları. Onlar Vətən üçün, yurd üçün, millətin varlığı üçün vuruşdular, Vətən qarşısındakı, şəhid və itkinlərin, günahsız insanların qisasını alaraq borclarını ödədilər. Bizim də borcumuz onları hamıya, eləcə də gələcək nəsillərə tanıtmaqdı.
Bu günkü qəhrəmanımız Qax rayonun Qaşqaçay kəndindən olan gizirimiz Məmmədov Mail Hikmət oğludur.
30 dekabr 1985-ci ildə dağlar qoynunda yerləşən, dünyanın bütün gözəlliklərini özündə cəmləşdirən, əzəmətli dağ düzümündə boz qurdların ayaq səsləri eşidilən Qaşqaçay kəndində dünyaya göz açıb. Çılğın ruhlu, diribaşlığı ilə seçilən uşaq olub. Qayalarda səkərkən, çiling ağac oynayarkən heç ağlına gəlməzdi ki, kiçik vücud, böyük ürəkli qəhrəman olacaq. Yurdunun insanlarını, doğulduğu torpağı çox sevirdi Mail. Bu yurdun övladları, oğlanlı-qızlı mərd idilər. Çünki dağların əzəmətindən yoğrulmuşdu ruhları. Məktəb illəri idmanla məşğul olan Mail sevdiyi, seçdiyi sənətin dalınca Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına gedir.
Qarabağın işğalı hamı kimi Mailin də damarına toxunmuşdu. Həqiqi hərbi xidməti bitirdikdən sonra ürəyi dözməyən qəhrəman yenidən ordu sıralarına qayıdır. Sərhəd Qoşunlarında xidmətə başlayır. O, bilirdi ki, bir gün mütləq Qarabağ işğaldan azad olunacaq. Hərbçi kimi özünə inanır, güvənirdi. Nizami ordunun ildən-ilə artan gücü, ölkəsinin inkişafı bu inama əsas verirdi. Biləyinə güc, dizinə daha çox təpər yığan Vətən oğlu el ağsaqqallarının və ata-ananın duasını alıb qayıtmışdı orduya. Ürəyində ilahiyə nə qədər bağlı idisə, haqqın bərqərarlığına da inamı artamidi. İnamla iman birləşəndə fövqəl gücə malik olur insan. O gücə ki, bu gün erməni də, bütün dünya da hələ də bunun heyrətindədir.
27 sentyabr düşmənin həmləsinin qarşısını almaq üçün başlayan Vətən müharibəsində ən ön cərgədəydi Mail Hikmət oğlu. Kəlbəcər, Fizuli, Hadrut, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə şücaətlə vuruşub. Torpağn nəm qoxusundan gələn şəhidin qardaşlarının qan iyi, qayaların arasından iniltilisi 30 ildə qulaqdan çəkilməyən günahsizların qətliamı, körpələrin ölümü və nəhayət öz doğma yurdunun işğalı ona da ilahi güc vermişdi. O, geriyə baxmadan irəli cumurdu. Qulağının dibindən keçən gülələrə, yanına tökülən mərmilərə baxmadan zəfərə doğru gedirdi. Yatmaq, dincəlmək, yemək ağlına belə gəlmirdi, nə Mailin, nə də döyüş dostlarının. Ağıllarında bircə şey vardı: qələbə!
Ordumuz artıq Şuşaya yetişmişdi. Şər qarışır, oğullar tətikdə idilər. Düşmən pusquda. Erməninin ağlına da gəlməzdi ki, dünyanın ən qüclü və dəhşət saçan döyüşü olacaq bu döyüş. Onlar bu dəhşətli, ecazkar görüntünü əsrlər boyu unutmayacaqlar. Mailin olduğu dəstə də son həmləyə hazır idi. Mail xəyalən çox sevdiyi ailəsi ilə halallaşırdı. O, hər evə zəng edəndə müharibənin qanununu xatırladırdı ailəsinə. ”Mətin və hazır olun! Müharibənin 4 şərtini unutmayın! Şəhid, qazi, veteran, ya da əsirlik!”
Bu gecə Şuşa azadlığına qovuşacaqdı. Bu gecə yeni bir əsər yazacaqdı. Bu döyüşün sədasını bütün dünyaya yayacaqdı. Evdə analar duada, xalq yuxusuz bayırda,əsgər göz qırpmadan tətikdə idi bu axşam. Cıdırdan Cəngi səsi gəlirdi. Xanın, Cabbarın səsi mehə qoşulmuşdu sanki. Qayalardan boylanırdı Üzeyir…
Bu gecə başqa gecə idi! Hər əsgərin dirsəkləndiyi yerdən Xarı bülbül cücərməyə başlamışdı. Oğuzların 24 boyu Qarabağa hilal olaraq Şuşanı qoynuna almışdı. Gecə Qarabağı böyük səda bürüdü: İrəli, oğullar, hücum! Qarabağ Azərbaycandır!”…
Səhər qanlı və qızğın döyüş bitmişdi. Şuşa azad idi! Azərbaycan əsgəri Şuşanın küçələrində idi. Şanlı bayraq dalğalanırdı Şuşanın mərkəzində. Ağır döyüşdən çıxan qəhrəmanlar hərə bir yerə yaslanıb şəhid düşən qardaşlarının yanında bitən Xarı bülbülə sevincə qarışan kədərlə baxırdılar. Bu döyüşdə dışlərini bir –birinə sıxaraq, qəzəblə qisasa qalxan Mail də hər iki ayağından ağır güllə yarası almışdı. Bu döyüşdə heç kim yarasına baxmamışdı….Bu döyüşdə komandir şəhidini, əsgər yaralı dostunu çiyninə atıb vuruşmuşdu sona qədər. Bu görüntülər ermənilərin böyük sarsıntısına səbəb olmuşdu. Onlar bərk qorxduqlarını açıq şəkildə sosial şəbəkələrdə bəyan edirdilər! Bəli, Azərbaycan Ordusunun Mail kimi qəhrəmanları Azərbaycan xalqının mərd, qorxmaz olduqlarını bütün dünyaya isbat etdilər. Hospitala gətirilən Mail 20 gün müalicə almalı olur. Lakin hər gün həkimlərə geri qayıtmaq üçün buraxmalarını xahiş edir.
Bu gün evinə qayıdan Maili el kəndin girişində bayraqlarla, coşğuyla qarşılayırdı. Qalib ordunun qəhrəmanı gəlirdi! Kənd uşaqları kitablardan oxuduqları qəhrəman timsalını görməyə can atırdılar. Əlində kiçik bayraqlı övlad böyük bayraqlı el qəhrəmanını qarşılayırdı. Qardaşı Sahil sevinc göz yaşına boğulmuşdu. Deyir: “Mən balacalıqdan qardaşımı qəhrəman kimi görmüşəm. Bu gün o, bir daha bunu sübut etdi. Bu gün mən qalib ordunun qəhrəmanını qarşılayıram! Azərbaycan tarixinin şanlı səhifəsinin qalibiyyətini yazan, Zəfər paradını qeyd edən ordusunun qəhrəmanını!”. Əvvəl kəndin şəhidlərini ziyarət edən Mail Məmmədov evinin önündəki izdihamı görəndə həm kövrəldi, həm də qürurlanırdı. O, bir daha əmin oldu ki, bu müdrik xalq üçün, bu gözəl vətən üçün, ona bu əxlaq-tərbiyəni verib vətən üçün layiqli bir vətəndaş, şəxsiyyət, ordu üçün güclü bir əsgər kimi yetişdirən Hikmət ata üçün, Mirvari ana üçün, bu gözəl ailə, yuva üçün vuruşmağa, qazi olmağa və ölməyə dəyər!
Bəli, Azərbaycan ordusunun son antiterror tədbirlərində yeni qəhrəmanlarımızı tanıdıq. Bir daha gördük ki, qəhrəman Azərbaycan oğulları vətənin müdafiəsi üçün hər an canından keçməyə hazırdır...
Əli
Yazı Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaş hazırlığının təşkili” layihəsi çərçivəsində hazırlanıb.