Bölgədə yeni proseslər başlayacaq Siyasət

Bölgədə yeni proseslər başlayacaq

Qərbdəki bəzi dairələr hələ də təşvişdədirlər

Sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfər etdi. Səfər kifayət qədər diqqətçəkən məqamlarla və mesajlarla yadda qaldı. Səfərin Naxçıvana baş tutması ilk diqqətçəkən məqamdır. Qeyd etmək lazımdır ki, bu, Ərdoğanın Naxçıvana sayca ikinci səfəridir. Ümumiyyətlə Naxçıvan Azərbaycan ərazisi olsa da iki ölkənin ortaq dəyərini, tarixini özündə ehtiva edir. Türkiyə üçün də bu ərazi hər zaman vacib və strateji olub. Bu mənada Naxçıvandan verilən mesajlar həm də Bakı-Ankara ortaq strateji maraqları və hədəfləri baxımından ipucları verir. Həmçinin, Türkiyə ilə Azərbaycan arasında bir sıra mühüm sənədlər imzalanıb. Liderlər ikitərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış edərək son günlər bölgədə, Qarabağda baş verənlərlə bağlı önəmli mesajlar veriblər.
Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, Türkiyə ərazisi vasitəsilə muxtar respublikaya boru kəməri ilə illik 500 milyon, gündəlik isə 1,5 milyon kubmetr Azərbaycan qazı nəql etmək mümkün olacaq. Hazırda Naxçıvanın “mavi yanacağ”a tələbatının 2004-cü ildə İranla bağlanılmış svop müqaviləsi əsasında həyata keçirildiyini nəzərə alanda, Türkiyə vasitəsilə də təbii qaz tədarükünün reallaşdırılmasının muxtar respublikanın qaz təchizatını şaxələndirəcəyi və enerji təminatının etibarlılığının artıracağı bildirilir. Hərçənd ki, o da qeyd olunur ki, indiyə qədər İran vasitəsilə Naxçıvanın qaz təchizatında hər hansı bir problem yaranmayıb.
Politoloq Məhəmməd Əsədullazadə “Xaıq Cəbhəsi”nə deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri və prezident İlham Əliyevlə birgə İgdir-Naxcivan qaz kəmərinin təməlini qoymasi, həmçinin İgdir-Naxcivan dəmir yolunun çəkilməsi ilə bağlı protokolun imzalanması "Zəngəzur" dəhlizinin əsas seqmentidir. Məhz İğdır -Naxcivan dəmiryolu Zəngəzur dəhlizinin bir hissəsi olaraq Çindən və Mərkəzi Asiyadan gələn yüklərin daşınmasını təmin edəcək: “Zəngəzur dəhlizinin açılması, Hindistanda G20 zirvəsində imzalanmış Asiya -Avropa xəttindən daha da yaxın və rentabellidir. Türkiyə prosesi uğurla aparmaqla, Tehranın razılığının alınması istiqamətində müsbət irəliləyişlər olduğu qeyd edilir. Region yenidən şəkillənir və Azərbaycanın anti-terror əməliyyatı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına müsbət təsir edəcək. Demək olar ki, Ermənistan da Zəngəzur dəhlizinin açılmasına gedəcək. Amma, bu dəhlizin yuridiskiyasinın Rusiyanın deyil, öz nəzarətində olmasında israrlıdır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlandıqdan sonra dərhal Zəngəzur dəhlizinin açılması reallaşacaq. İki ölkə arasında sülh müqaviləsinin bağlanması isə, N.Paşinyan hakimiyyətini qoruyub saxlayacaqsa gələn ilin yayına kimi mümkündür”.
Siyasi ekspert Fuad Əliyev isə deyib ki, qardaş ölkələr arasında münasibətlərin dərinləşməsinə daha bir töhfə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də ölkəmizə səfəri oldu. Ərdoğanın səfəri olduqca əhəmiyyətli və iki ölkə arasında olan birliyin bariz nümunəsidir. Bundan başqa Ərdoğanın Naxçıvandan dünyaya mesajları bir daha Türkiyənin Azərbaycanın yanında olduğunu göstərdi. İmzalanan sazişlərə gəldikdə isə, ekspert deyib ki, hələ 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Prezident İlham Əliyevin 2022-ci il 10 fevral tarixli sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb. İğdır-Naxçıvan qaz boru kəmərinin çəkilməsi ilk növbədə Naxçıvanın enerji thlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.
Deputat İltizam Yusifov deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Qarabağda həyata keçirdiyi uğurlu antiterror tədbrilərindən sonra Naxçıvana səfər etməsi tarixi əhəmiyyət kəsb edən səfərdir. Birincisi ona görə ki, bu səfərlə prezident Ərdoğan Türkiyənin Azərbaycanın suveren hüquqlarınını təmin etməsinə dəstək verib, uğurlu antiterror tədbrilərinin peşəkarlıqla mülki insanlara zərər vermədən ən qısa zamanda yerinə yetirilib yerli erməni əhalisinə humanitar dəstək göstərməsinə görə təşəkkürünü bildirib. Ərdoğanın da qeyd etdiyi kimi, Azərbaycanın həyata keçirdiyi bu antiterror tədbiri ilə dünyaya Tükün ədalətini və mərhəmətini nümayiş etdirdi”.
Onun fikrincə, bu səfər heç də təsadüfi xarakter daşımır. “Bu səfər Azərbaycanın qələbələrinin qeyd etdiyi tarixi günlər ərəfəsinə təsadüf edir. Belə ki, səfər Azərbaycanın erməni işğalına son qoymaq üçün 44 günlük müharibənin başlamasının 3-cü il dönümü ərəfəsinə, 19 sentyabrda öz torpaqlarında suveren hüquqlarını təmin edilməsi istiqamətində həyata keçirdiyi lokal antiterror tədbrilərinin başa çatdığı və Qarabağdakı erməni əhalisinin reinteqrasiyası istiqamətində atılan uğurlu addımlarla müşayiət olunan günlərdə həyata keçirildi. Bu səfər həm də qardaşın çətin və mühüm günlərdə bir-birinin yanında olması və bir-birinə dəstək verməsi baxımdan böyük əhəmiyyət kəsb edir. Çünki Qarabağdakı aniterror tədbriləri keçirilən günlərdə prezident Ərdoğan Nyu-Yorkdə BMT Baş Assambleyasının illik sessiyasında iştirak edirdi və orada ali tirubunadan Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Eyni zamanda sessiya çərçivəsində keçirdiyi görüşlərdə keçirilən antiterror tədbrilərinin zərurətini və bunun Azərbaycanın suveren hüquqlarının bərpa edilməsi kimi qəbul edilməsini diqqətə çatdırıb. Türkiyə BMT kimi dünyanın ən mötbər təşkilatının platformasından istifadə edərək Azərbaycanın beynəlxalq hüquqa söykənən ədalətli mövqeyini dünya birliyinin diqqətinə çatdıraraq, Bakının addımlarını dəstəkləyib. Dünya birliyini də Bakının bu addımlarına hörmətlə yanaşmağa çağırıb. Türkiyənin bu əməyinə görə, Prezident İlham Əliyev prezident Ərdoğana Azərbaycan xalqı adından təşəkkürünü bildirib və bunun heç zaman unudulmayacağını qeyd edib”, - o bildirib.
Hərbi-siyasi ekspert Teymur Zahidoğlunun fikrincə, Qarabağ İqtisadi rayonunda baş verən proseslərin fonunda Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri söz yox ki, bölgədə yeni proseslərin başlanmasından və ya başlayacağından xəbər verir.
Qərbdəki bəzi dairələrin təpkisinə rəğmən, Zəngəzur dəhlizinin açılması üçün diplomatik fəaliyyətini davam etdirən siyasi mərkəzlər bu məsələdə Türkiyənin mühüm rol oynadığını qəbul edir, bəzi məqamlarda hətta rəsmi Ankara ilə həmrəy olduqlarını gizlətmirlər: “İndi dünyanın bir çox təhlil mərkəzlərini, siyasi şərhçiləri düşündürən suallardan biri də Zəngəzur dəhlizinin açılmasının Türkiyəyə Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin fonunda başqa nəyə gərək olmasıdır? Qarabağ münaqişəsinin Azərbaycan tərəfindən öz ərazi bütövlüyünü və ölkənin konstitusion quruluşunu təmin etməklə başa çatdırılması regionda yeni mühit və imkanların açılmasına rəvac verib. Bu həm də Zəngəzur dəhlizinin açılması üçün münbit şəraitin yaranmasını tezləşdirə bilər. Danılmaz faktdır ki, Türkiyə regionda sabitliyin və sülhün bərqərar olmasına çalışan tərəf kimi, həm də iqtisadi baxımdan yetərincə inkişaf etmiş dövlətdir. Bununla yanaşı, bu ölkə Avropaya çıxış üçün qonşu dövlətlərdən ötrü çox yaxşı tərəfdaş rolunu oynaya bilər.
Bu səbəbdən də, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan və Türkiyənin quru əlaqələrinin yaranması kimi qiymətləndirilməməlidir. Sözügedən dəhlizin açılması həm də region dövlətləri arasında etimadın möhkəmlənməsinə, iqtisadi əlaqələrin genişlənməsinə xidmət göstərəcək, qarşılıqlı ticarət imkanlarının inkişafına müsbət təsir edəcək. Bütün bunlar isə qonşu xalqlar arasında mədəni və dostluq əlaqələrinin yeni mərhələyə keçməsinə təkan verəcək, bu bölgədəki gərginliyin aradan qaldırılmasını təmin edəcək”.

Cavid