“Yeni siyasi idarəetmə sisteminin formalaşdırılması üçün...” Siyasət

“Yeni siyasi idarəetmə sisteminin formalaşdırılması üçün...”

Azər Badamov: "Konstitusion dəyişikliyin aparılması zərurəti yaranıb"

"Təbii ki, cəmiyyət inkişaf etdikcə cəmiyyətə münasibətdə və idarəetmədə müəyyən dəyişikliklərin aparılması vacibdir. Çünki, insan inkişaf edir, amma qanunları isə inkişaf etdirməmək olmaz. Azərbaycanın ilk konstitusiyası 1995-ci ildə qəbul olunub. Konstitusiyamız qəbul olunanda ümummilli lider Heydər Əliyev demişdi : "Demokratiyanın başlanğcı olur, sonu yoxdur " .İlk dəfə konstitusiyamız qəbul olunanda demokratiyanın başlanğıcı idi. Yəni, konstitusiyamızda nəzərdə tutulan ilk prinsiplər deomkratik əsaslarla Azərbaycan dövləti qurmaq idi və ötən 25 il ərzində çox möhkəm təməllər üzərində müstəqil dövlət qurduq". Bu fikirləri səsləndirən millət vəkili Azər Badamov əmin olduğunu bildirib ki, Azərbaycan xalqı öz gələcəyi üçün bu dəyişikliklərə dəstək nümayiş etdirəcək: "25 il ərzində konstitusiyamızda iki xırda düzəliş istisna olunmaqla heç bir dəyişiklik olunmadı. Beynəlxalq praktikadan görürük ki, dünyanın inkişaf etmiş super güc dövlətlərinin konstitusiyalarında da dövrü olaraq yüzlərlə, hətta minlərlə dəyişikliklər həyata keçirilib. Yəni, Azərbaycanda referendiumun keçirilməsi istisna hal deyil və beynəlxalq praktikanı öyrənilərək atılan mütərəqqi addımdır. İndiki halda isə ümumxalq səsvermədə məqsədimiz əsas qanunda müəyyən dəyişikliklər etməklə nail oldugumuz demokratik cəmiyyəti daha da inkişaf etdirmək, insan faktoruna qanun çərçivəsində diqqəti daha da artırmaq , idarəetmə sistemini təkmilləşdirməklə iqtisadi inkişafına malik dövlət qurmaq və Azərrbaycanın müstəqilliyini möhkəmləndirməkdir".
Onun fikrincə, 26 sentyabrda keçriləcək referendiumda Azərbaycan Respublikasının Konstitusiyasının 29 maddəsində əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur: "Dəyişikliklərin 60 faizi insan hüquq və azadlıqlarının genişləndirilməsi və təməlinin möhkəmləndirilməsinə xidmət edəcək. Yerdə qalan 14 dəyişiklik isə ölkədə yüksək iqtisadi inkişafa nail olmaq və çevik idarəetmə sistemini formalaşdırmaq məqsədi daşıyır. Məsələn, konstitusiyanın 9-cu maddəsində edilməsi nəzərdə tutulan dəyişiklik Azərbaycanda bütün hərbi birləşmələrin bir ad altında Azərbaycan Silahlı Qüvvələri adlandırılması məqsədi daşıyır. Yəni, bütün hərbi birləşmə növləri bir vahid komandanlıq altında birləşərək Azərbaycan Respublikasının Silahlı Qüvvələri adlandırılır. Regional və beynəlxalq təhlükələrin artdığı bir zamanda bu maddədə ediləcək dəyişikliyin konstitusion norma olaraq əsas qanunda təsbit olunması zərurəti yaranıb. Ölkəmizdə şaxələndirmiş iqtisadi siyasətin aparılması, iqtisadiyyatımızın neftdən asılılığının aradan qaldırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə əlaqdar dövlət başçısı yeni siyasi-iqtisadi xətt müəyyənləşdirib. Qeyri-neft sektorunda kənd təsərrüfatı aparıcı sahədir. 2015-ci ilin cənab prezident tərəfindən "Kənd Təsərrüfatı ili" elan olunaraq böyük kənd təsərrüfat layihələrinə start verilməsi və gələcək illərin hər birisinin kənd təsərrüfatının inkişafına həsr edilməsinin vacibliyinin qeyd etməsi, bu sahənin necə də aktual olduğunu göndəmə gətirmişdi. 1996-cı ildə MDB məkanında ilk olaraq ölkəmizdə torpaq islahatı həyata keçirilərək torpaqlar onun sahiblərinə, kəndçilərə qaytarıldı. İndi baxaq görək torpaq sahibləri sahib olduğu torpaqlardan səmərəli istifadə edirmi? Xeyir, ölkədə 100 min hektarlarla dövriyyəyə buraxılmayan, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaqlar mövcuddur. Belə böyük həcmdə kənd təsərrüfatı təyinatlı torpaqların əkilməməsi ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində müəyyən çətinliklər yaradır. Ona görə də konstitusiyanln 29- cu maddəsində ,,Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur və Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər " kimi dəyişikliyin aparılması zərurətini meydana gətirir. Yəni, özəl mülkiyyət də dövlət və bələdiyyə mülkiyyəti kimi mülkiyyət sahibinin qabağında sosial məsuliyyət yaratmalı və xüsusi mülkiyyətin də cəmiyyətə xidmət etməsi istiqamətində bir cavabdehlik ortaya qoyulmalıdır".
Onun fikrincə, Konstitusiyaya əlavə olunması nəzərdə tutulan 4 yeni maddə dövlət strukturlarının təkmilləşdirilməsi, onların səlahiyyətlərinin dəqiqləşdirilməsi yaxşı idarəetmə mexanizminin qurulmasına xidmət edəcək: "Bu dəyişikliklərlə ölkədə 1-ci vitse-prezident və vitse prezidentlərin təsis edilməsi nəzərdə tutulur. Ölkəmizdə cənab prezidentin rəhbərliyi altında geniş iqtisadi islahatlar həyata keçirilir. Bu islahatların daha dəqiq icrasını təmin etmək və yeni siyasi idarəetmə sisteminin formalaşdırılması üçün bu konstitusion dəyişikliyin aparılması zərurətini yaradıb. Cənab prezident tərəfindən verilən sərəncam və fərmanların icrasına nəzarəti gücləndirmək, iqtisadi islahatların keçirilməsini təmin etmək və beynəlxalq arenada baş verən proseslərə daha çevik reaksiya verilərək ölkənin idarəetmə sistəminin dəqiq qurulması üçün prezdentin yanında vitse-prezidentlər institutunun qanunla təsis edilməsini vacib addım hesab edirəm.
Konstitusiyada ediləcək hər bir dəyişiklik mütərəqqi xarakter daşıyır və Azərbaycan vətəndaşının daha təhlükəsiz və rahat yaşamasını təmin edəcək. Dəyişikliklər ölkəmizdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşdirilməsi, dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi mənafeyinə xidmət göstərir, dövlətin bu sahədə məsuliyyətini və fəaliyyət istiqamətlərini konkretləşdirir. Düşünürəm ki, 26 sentyabrda keçiriləcək referendiumda cənab prezdent tərəfindən təqdim olunan konstitusion dəyişikliklər xalq tərəfindən yüksək dəstəklənəcək və bir daha ölkəmizin gələcək inkişafını və güclənməsini istəməyən qüvvələrə Azərbaycandakı xalq -dövlət vəhdətini nümayiş etdirəcək".