“Elə tədbirlər var ki, orada Azərbaycanı vitse-prezidentlər təmsil etməlidir” Siyasət

“Elə tədbirlər var ki, orada Azərbaycanı vitse-prezidentlər təmsil etməlidir”

Siyavuş Novruzov: "O cümlədən, daxildə olan idarəçilik sistemində operativ idarəçiliyin həyata keçirilməsi üçün bu institut yaradılmalıdır"

Elman Məmmədov: "Vitse-prezident postları dövlətin idarə olunmasında ölkə prezidentinə yardımçı qollardır"

Rövşən Rzayev: "Nazirlər Kabineti bütün bu önəmli proseslərə daha çevik reaksiya verməyi bacarmadı"

"Hər hansı beynəlxalq konfranslarda, tədbirlərdə Azərbaycanın təmsil olunması, bunun hamısını cənab Prezidentin çatdırması çətin məsələdir. Elə tədbirlər var ki, orada Azərbaycanı vitse-prezidentlər təmsil etməlidir". Bu sözləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. YAP funksionerinin sözlərinə görə, operativ idarəçiliyin həyata keçirilməsi üçün bu institut yaradılacaq: "Bu dəyişikliklərin çox böyük hissəsi insan hüquq və azadlıqları ilə bağlıdır. Digər tərəfdən, dövlət idarəçilik aparatının təkmilləşdirilməsi üçün Konstitusiyaya dəyişikliklər zərurəti yarandı. Azərbaycan sosial dövlətdir. Sosial dövlət olduğu üçün sosial ədalət əsas prinsiplərdən biridir. Sosial ədalət prinsipinin həyata keçirilməsi üçün çevik idarəçilik sisteminin daha da təkmilləşdirilməsi zərurəti ortaya çıxıb. Həmçinin, insan hüquq və azadlıqlarını məhdudlaşdıran yaş senzinin aradan qaldırılması vətəndaşlarımızın özlərinin seçib-seçilmək hüququnu sərbəst şəkildə həyata keçirməsinə imkan yaradacaq. 18 yaşına çatmış bir insanın istənilən bir məsələyə münasibət bildirməsinə məhdudiyyətin qoyulması tarazlığın pozulmasına gətirib çıxarırdı. Azərbaycanda 5 milyona yaxın seçici var. 3 milyona yaxını 35 yaşa qədər olan vətəndaşlardır. Yəni, 3 milyona yaxın insana digər rəhbər vəzifələrə seçib-seçilmək hüququ veriləcək".
YAP rəsmisi bildirib ki, bəzi qüvvələr Konstitusiyanı qərəzli şərh edirlər: "Həmin qüvvələrin hüquqşünasları əlavə və dəyişikliklərdə doğru olmayan hər hansı məqamlarla bağlı tutarlı hüquqi fakt ortaya qoya bilməyiblər. Azərbaycan yerləşdiyi coğrafi məkan bütün dünya ölkələri ilə əlaqə qurulması üçün vacib strateji əhəmiyyətli nöqtədir. Bu baxımdan Azərbaycanın təmsilçiliyi məsələsi çox aktuallaşıb. Keçmişdə 10 ilə görülən işlər indi bir neçə aya, bir neçə günə görülür. Dünya operativ idarəetmə sisteminə keçib. Vitse-prezidentlik institutunun yaradılması cənab Prezidentin həyata keçirdiyi islahatların surətinə uyğunlaşdırılmasıdır.
Vitse-prezidentlik institutu təmsilçilik baxımından yüksək instansiya hesab olunur. İdarəçilik sistemi getdikcə genişlənir. Hər hansı beynəlxalq konfransda, tədbirdə Azərbaycanın təmsil olunması, bunun hamısını cənab Prezidentin çatdırması çətin məsələdir. Elə tədbirlər var ki, orada Azərbaycanı vitse-prezidentlər təmsil etməlidir, o cümlədən, daxildə olan idarəçilik sistemində operativ idarəçiliyin həyata keçirilməsi üçün bu institut yaradılmalıdır. Yəni, dünyada idarəetmə sistemi daha operativləşdiyindən vitse-prezidentlik institutunun yaradılmasına ehtiyac var. Vitse-prezidentlik institutunun yaradılmasından sonra Azərbaycanın ali icra orqanlarında struktur dəyişiklikləri olacağı gözləniləndir.
Azərbaycanda kimlərin vitse-prezidentliyə şanslı olmasına gəlincə, bu səlahiyyət cənab Prezidentə aiddir. Cənab Prezident kimi məsləhət, layiq biləcəksə, təbii ki, o şəxslər də vitse-prezident kimi fəaliyyət göstərəcək".
S.Novruzov Yeni Konstitusiya dəyişikliklərinin Parlamentin fəaliyyətini, səlahiyyətlərini məhdudlaşdırmayacağını bildirib: "Parlamentin səlahiyyətləri olduğu kimi qalır. Prezidentə impiçmentdən tutmuş, hökumətlərin hesabatları, Baş nazirin təsdiqi, büdcənin təsdiqi və ona nəzarət, Ombudsmanın təsdiqi və digər məsələlər Azərbaycan parlamentinin səlahiyyətlərinə aiddir. Sadəcə, parlamentin buraxılması məsələsi ilə bağlı bəzi əlavələr olub. Bu da ölkədə baş verə biləcək hər hansı xaosun yaranmasının qarşısının alınmasına xidmət edir. Tutaq ki, parlament bir il ərzində iki dəfə hökumətin hesabatını qəbul etməsə, bu praktikada heç müstəqillik dövründə olmayıb, onda Prezident parlamenti buraxmaq səlahiyyətlərə malik olacaq. Yerdə qalan məsələlərdə parlamentin fəaliyyətini məhdudlaşdıran məsələlər yoxdur. Və ya Prezidentin səlahiyyətlərinin genişlənməsindən söhbət getmir. Sadəcə, operativ idarəetmə sistemi üçün vitse-prezidentlik institutunun yaradılması ehtiyacı yaranıb".
Millət vəkili Elman Məmmədov deyib ki, cəmiyyət, dövlətçilik inkişaf etdikcə, dövlətin idarə olunmasında mühüm mərhələlər meydana çıxır: "Hökumətin, cəmiyyətin, dövlətin idarə olunması zamanla ayaqlaşıb, müasir tələbələrə cavab verməlidir. Lakin elə məsələlər var ki, onlar məhz Konstitusiya ilə tənzimləndiyi üçün Konstitusiyaya əlavə və dəyişiklik ümumxalq səsverməsi -Referendum vasitəsilə həyata keçirilir". Onun sözlərinə görə, ölkəmizdə Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərdən biri dünya təcrübəsində istifadə edilən vitse-prezidentlik institutunun yaradılmasıdır: "Bu institut dövlətin idarə olunmasında vacibdir. Birinci vitse-prezident və vitse-prezident postları ölkəmiz üçün mühüm, sırf dövlətin idarə olunmasında ölkə prezidentinə yardımçı qollardır. Bunun əsas təkliflərdən hesab etmək olar və düşünürəm ki, bu instututun yaradılması dövlətimizin, eləcə də dövlətçiliyimizin daha da inkişafı etməsi və yüksək səviyyədə idarə olunması üçün mühüm addımlardan biridir".
E.Məmmədov qeyd edib ki, vitse-prezidentlik institutunun yaranması vətəndaş-məmur münasibətlərinin inkişafına da müsbət təsir göstərəcək: "Sözügedən institutun yaradılması vətəndaşların hüquqlarının, demokratiyanın qorunmasına xidmət edəcək".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev isə bildirib ki, hazırda konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər çox vacibdir və bu addımlar zamanın tələbindən irəli gəlir: "Həyata keçirilən konstitusiya islahatları isə olduqca zəruridir. Bu baxımdan vitse-prezidentlik institutunun yaradılması prosesi yeni intensiv yanaşma vəd edir. Ölkə başçısı da məhz buna görə belə bir təkliflə çıxış edib". Millət vəkili hesab edir ki, vitse-prezidentlik institutunun yaradılması vaxtında verilən bir təklifdir və gedişata da uyğundur: "Hazırda Azərbaycanın iqtisadi uğurları onu göstərir ki, biz daha intensiv işləməliyik. Vitse-prezidentlik institutunun yaradılması prosesi yeni intensiv yanaşma vəd edir. Ölkədə gedən iqtisadi proseslər, dünyada artan nüfuzumuz göstərir ki, bir sıra problemlər nə qədər tez həll olunarsa, bu, bir o qədər Azərbaycanın maraqlarına uyğun olar". Millət vəkili ölkə başçısının sərəncamına əsasən, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər fonunda Nazirlər Kabinetinin hazırkı fəaliyyətinə də münasibət bildirib: "İndiyə kimi kifayət qədər uğurlu işlər görülüb və bu proses davam edir. Ancaq günün tələbi tamamilə başqadır. Konstitusiyaya edilən əlavə və dəyişikliklər fonunda vitse-prezidentik institutunun yaradılması çox müsbət haldır. Ona görə də daha uğurlu əməliyyatların həyata keçirilməsinə ehtiyac var. İndi elə bir məqamdır ki, bütün bunlar yeni formada aparılmalıdır. Hazırda dünyada gedən qloballaşmada Azərbaycanın regionda artan nüfuzu adi hal deyil. Bunlar çox ciddi hadisələrdir. Görünür, böyük siyasətdə elə hallar var ki, daha intensiv yanaşma şərtdir. Yəni bu, əslində, normaldır. Nazirlər Kabineti bütün bu önəmli proseslərə daha çevik reaksiya verməyi bacarmadı. Ona görə bu məsələ gündəmə gəldi və zamanın tələbinə də uyğundur. Azərbaycan hazırda inkişaf yolundadır, həm də bir neft ölkəsidir. Dünyada neftin qiymətləri ilə bağlı problemlər yaşanır, ərazi bütövlüyü problemimiz hələ də həllini tapmayıb. Belə olan halda da Azərbaycanın daha çevik, vaxtında addımlar atması üçün bu institut təsis edildi".
Qeyd edək ki, iyulun 18-də Prezident İlham Əliyevin 2212 nömrəli Sərəncamına əsasən "Konstitusiyada dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilib. Layihənin mətninə bəzi dəyişikliklər edildikdən sonra ölkə Prezidentinin 2016-cı il 26 iyul tarixli 2241 nömrəli Sərəncamı ilə Referendum Aktının layihəsi ümumxalq səsverməsinə çıxarılıb, ümumxalq səsverməsi (referendum) isə 2016-cı il sentyabrın 26-na təyin edilib.