“Uorlikin diplomatik ikibaşlı ifadələrinə alışmışıq” Siyasət

“Uorlikin diplomatik ikibaşlı ifadələrinə alışmışıq”

Mübariz Əhmədoğlu: "Amma onun Sərkisyanın Dağlıq Qarabağa getməsinə həvəslə haqq qazandırması diqqətdən kənarda qalmır"

"Uorlikin "İnterfaks" agentliyinə verdiyi müsahibənin məzmunu bir yana, müsahibənin strukturu özü də bəzi məsələləri aşkarlayır. Uorlikin verdiyi cavablar da məhz ermənilər üçün nəzərdə tutulub". Bu barədə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu keçirdiyi "Qarabağ saatı" adlı mətbuat konfransında bildirib. M. Əhmədoğlu deyib ki, C. Uorlikin diplomatik ikibaşlı ifadələrinə alışmışıq: "Amma onun S. Sərkisyanın Dağlıq Qarabağa getməsinə həvəslə haqq qazandırması diqqətdən kənarda qalmır. Əgər S. Sərkisyan Dağlıq Qarabağda anadan olduğu üçün ora gedirsə, onda Ermənistanın dünənə qədər baş naziri idi və yaxud eks-baş nazirlər Ovik Abramyan və Tiqran Sərkisyan, eləcə də parlamentin spikeri Qalust Saakyan dəfələrlə Dağlıq Qarabağda olublar. Eləcə müsahibəni götürən jurnalist xanım da məhz erməni prizmasından Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəzi detalları təfərrüatlı şəkildə bilir". Politoloqun sözlərinə görə, C. Uorlikin birdən-birə MDB sammiti ərəfəsində ortalığa çıxıb bu müsahibəni verməsinin yalnız bir məqsədi var idi - MDB-nin Bişkek sammitində Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin iştirakı ilə ehtimali görüşünə imkan verməmək. Fikirləri çaşdırmaq, eləcə də təxminən 10 gündən sonra daha vacib görüşün ola biləcəyi görüntüsünü yaratmaq. Uorlik çalışır ki, sentyabrın sonlarında BMT Baş Assambleyası müstəvisində Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri görüşsün və dərhal onun dalısınca BMT Baş Assambleyası müstəvisində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ABŞ prezidenti B. Obamanın iştirakı ilə təşkil olunsun. Çünki bu B. Obamanın son şansıdır, prezidentlik dövrü başa çatır".
Əhmədoğlu vurğulayıb ki, ABŞ-ın Dağlıq Qarabağ məsələsi ilə bağlı ortalığa qoyduğu bütün fikirlər siyasiləşmiş və antirusiya mahiyyətli fikirlərdir: "ABŞ Dağlıq Qarabağ tənzimlənməsində indiki mövqeyini məhz indiki zamanda ona görə qoyub ki, artıq Moskvadakı ermənilər Ermənistan rəhbərliyi ilə birlikdə məqsədyönlü şəkildə aktivləşiblər. Kreml, eləcə də Xarici İşlər Nazirliyi Uorlikin bu tələsinə düşdü və heç bir reaksiya vermədi. ABŞ Rusiyanın daxilində işini elə qurub ki, V. Putin Dağlıq Qarabağ məsələsi ilə məşğul ola bilmir.
M. Əhmədoğlu qeyd edib ki, Rusiyadakı ermənilər Rusiya hakimiyyətinə təsir etmək prizmasından çox güclüdürlər: "ABŞ bunu bilir və ermənilərin də ABŞ üçün qiyməti məhz bundadır. Ona görə Azərbaycandan neft-qaz almasına, Azərbaycanın tranzit imkanlarından yararlanmasına baxmayaraq, ABŞ üçün Ermənistan Azərbaycandan daha vacibdir. Amma məsələnin digər tərəfi var ki, hazırda Dağlıq Qarabağ münaqişəsi Suriya problemi kontekstində gündəlikdədir. Suriya problemi kontekstində Dağlıq Qarabağın gündəliyə gəlməsi bu o deyən şeydir ki, Çeçenistan, ümumiyyətlə Şimali Qafqaz məsələsi gündəlikdədir".
Politoloqun fikrincə, ABŞ-ın Dağlıq Qarabağ məsələsində əsas məqsədi Azərbaycana deyil, Rusiyaya zərbə vurmaqdır: "Dağlıq Qarabağ münaqişəsi hazırda ABŞ-ın əlində həm Rusiyanın, həm də İranın ərazi bütövlüyünə təhdid yaradan vasitədir. Rusiya və İranın son dövrlərdə yaxınlaşması Dağlıq Qarabağ məsələsini ABŞ üçün bu kontekstdən daha aktual edir".
Mübariz Əhmədoğlu həmçinin əlavə edib ki, Dağlıq Qarabağ tənzimlənməsində son aktivliyi dörd günlük aprel müharibəsi yaratdı və aktivlik 22 illik tənzimlənmə dövründə ən yüksək həddə idi. Onun sözlərinə görə, Ermənistan prezidenti S.Sərkisyan indi prezidentlərin görüşünə razılıq vermir. "Sant-Peterburq görüşündən dərhal sonra Fransa prezidenti ilə görüş gündəliyə gəldi. Az keçmiş ABŞ yeni görüşlərin təşəbbüsü ilə çıxışlar etməyə başladı. Bir az keçmiş ABŞ tərəfi V.Putinin avqust ayında prezidentləri görüşdürəcəyi ilə bağlı məlumat yaydı. Avqust ayı da başa çatıb. Sentyabr ayı da başa çatmaq üzrədir. Sentyabrın sonlarında BMT Baş Assambleyasında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşmə ehtimalından başqa bir şey yoxdu. Xarici işlər nazirləri bu münaqişəni həll etmək gücündə deyillər. Beləliklə, S.Sərkisyan ciddi cəhdlə diplomatiyanı, diplomatik səyləri heçə endirdi. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi isə artıq hətta aprel ayına qədər ki, vəziyyətdə deyil. Kifayət qədər aktiv olacaq kimi qəbul edilir" - deyə politoloq bildirib.
Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi Rusiya ilə ABŞ-ın arasında ciddi qarşıdurma predmentinə çevrilib: "Dağlıq Qarabağ münaqişəsi İranda kifayət qədər ciddi həssaslıq yaradıb. Bütün bunlar göstərir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. S.Sərkisyanın dinc yolla, siyasi yolla bu münaqişəni həll etmək fikri yoxdur, atdığı addımlar da bunu deməyə əsas verir."