“Ukraynanın taleyini Qərb və Rusiya həll edir” Siyasət

“Ukraynanın taleyini Qərb və Rusiya həll edir”

Azər Həsrət "Hazırda ölkə elə bir böhranla üz-üzədir ki, vəziyyətdən çıxmaq üçün yalnız prezident seçmək yetərli olan deyil"
Elşən Həsənov: "Rusiyanın çalışdığı da məhz Ukraynada qanuni seçkilər keçirilənə qədər bu ölkədən maksimum istədiklərini əldə etməkdir"

Ukrayna prezident seçkilərinə hazırlaşır. Artıq Ukraynanın prezidentliyə namizədləri televiziya vasitəsi ilə seçki kampaniyasına başlayıblar. 23 namizədin hər birinə seçki kampaniyasını aparmaq üçün Ukraynanın "1-ci" milli kanalında vaxt ayrılacaq. İlk dəfə televiziya vasitəsi ilə prezidentliyə namizəd Vasili Kuybida, sonra isə Kiyev Şurasının sabiq deputatı Zoran Şkirak çıxış edib. Qeyd edək ki, Ukraynada may ayının 25-də keçiriləcək seçkilərdə ölkənin bütün siyasi gücünü təşkil edən 23 namizəd prezident postu uğrunda mübarizə aparacaq.
Onu da əlavə edək ki, Krım tatarları da Ukrayna prezidentliyinə keçiriləcək seçkidə iştirak etmək istəklərini bildiriblər. Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bunu Krım Tatar Xalq Məclisinin üzvü İsgəndər Bariyev açıqlamasında bildirib. O, deyib ki, tatarlar muxtar respublikanın Ukrayna ilə həmsərhəd qəsəbələrində təşkil olunan seçki məntəqələrində səsvermədə iştirak edə bilərlər: "Bunun üçün tatarların həmin seçki məntəqələrinə gedişini reallaşdırmaq lazımdır. Xerson vilayətinin sərhəd kəndində bunu həyata keçirmək lazımdır". İsgəndər Bariyev Rusiya hökumətinin bu məsələdə Ukrayna vətəndaşı olan tatarlara maneə yaratmayacağına ümid etdiyini də vurğulayıb: "Ukrayna prezidentliyinə keçiriləcək seçki günü - mayın 25-də Krım tatarlarının referendumunun keçirilməsi də istisna edilmi".
Ümumiyyətlə Ukraynada keçiriləcək prezident seçkiləri bu ölkədə sabitliyin bərpa olunmasına təsir göstərə biləcəkmi?
Siyasi şərhçi Azər Həsrət "düşünmürəm ki, Ukraynada keçiriləcək prezident seçkisi bu ölkəyə sabitlik gətirəcək",- deyə vurğuldı: "Çünki hazırda ölkə elə bir böhranla üz-üzədir ki, vəziyyətdən çıxmaq üçün yalnız prezident seçmək yetərli olan deyil. Ölkənin əsas problemi Rusiya ilədir. Bunu həll etmədən vəziyyətdən çıxmaq olmaz. Rusiyayla problemləri həll etmək üçünsə Ukraynada hakimiyyət başına Rusiya meylli şəxs gəlməlidir. Namizədlərin arasındasa beləsi gözə dəymir. Daha doğrusu, real namizədlərin arasında. Üstəlik, Rusiya Krımı da ilhaq edib və bu məsələ də Ukraynayla münasibətlərdə kötük rolunu uzun müddət oynayacaq. Ona görə də Ukraynanın seçkidən sonra böhrandan çıxa biləcəyini demək olmaz. Yəni bu xəmir hələ çox su aparacaq və hətta deyərdim ki, ölkənin parçalanması prosesi də davam edəcək. Anlaşılan odur ki, Ukrayna Avropa Birliyi ilə ortaqlıq anlaşmasının xatirinə özünü uzun müddət çıxa bilməyəcəyi bir dalana dirəyib".
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov isə "təbii ki, indi bütün baş verənlərə nəzər salsaq ilk növbədə Ukraynada qanuni yolla seçilmiş təmsilçinin olmaması, Rusiyanın maraqlarına tam uyğundur",- deyə vurğudadı: "Rusiyanın çalışdığı da məhz Ukraynada qanuni seçkilər keçirilənə qədər bu ölkədən maksimum istədiklərini əldə etməkdir. Bildiyiniz kimi Ukrayna daxilində də vəziyyət sabit deyil və bu da hakimiyyətə müxtəlif yönümlü qüvvələrin can atması nəticəsində bu hala gəlib çatıb. Təbii ki, seçkilərdən sonra artıq kiminlə danışıqlar aparılması aydınlaşacaq və bəhanəyə yer qalmayacaq".
Politoloq Əli İsgəndərov isə dedi ki, Ukrayna hazırda elə bir siyasi və ideoloyi-mənəvi, siyasi-psixoloyi hal yaşayır ki, hadisələrin anidən 180 dərəcə dəyişməsi ehtimaldan çox reallığı əks etdirir: "Ukrayna daim mədəni-milli vahidliyin təşəkkül tarmadığı bir resrublika olub. Müstəqillik əldə etdikdən sonra siyasi elitanın qarşısında bir nömrəli vəzifə kimi bu problemin aradan qaldırılması dururdusa da gərəkən istiqamətdə nə bir addım atıldı, nə dövlət proqrammı işləndi, nə də vətəndaş cəmiyyəti təmsilçilərində belə bir istəyin olduğunu müşahidə edildi. Əksinə ölkənin bütün bölgələrində əhalinin inamını qazana bilməyən siyasi elita regionların bölücü xarakterli elektoratının dəstəyi ilə gündəmdə qalmaq, siyasi anbisiyalarına sahib olmaq üçün destruktiv, hətta deyərdim xalqının bu günü və gələcəyinə tarixi xəyanət kimi dəyərləndiriləcək dövlət quruculuğuna zidd fəaliyyət sərgiləməklə Qərbin və Rusiyanın ayrılıqda və müştərək şəkildə parçalamaq istəklərinə birbaşa xidmət etdilər və edirlər də. Çünki, səhnədə yalnız həmin oyuncaqlardı". Hazırda Ukraynanın seçki ərəfəsində olduğunu deyən politoloq bildirdi ki, bu seçkilər formal hüquqi xarakterdən başqa bir əhəmiyyət daşımır: "Bir neçə şərtlər var ki, seçkilərin nəticəsinin Ukraynadakı vəziyyətin dəyişməsinə gətirib çıxaracağına inam yaratmağa mane olur. Ümumiyyətlə stabilliyin bərpası hakimiyyətə gələcək qüvvədən deyil, ABŞ, Avrora Birliyi və Rusiyadan asılıdır. Qarşımızda açıq mənzərə var. Ukraynanın taleyini özü deyil, sadaladığımız ölkələr həll edir. Diqqətimizi azacıq cəmləsək görürük ki, əslində bu güclərin heç biri nə Ukrayna siyasilərinin, nə vətəndaşlarının ümumi mövqeyi lə nəinki hesablaşmır, həttta var və ya yox, düşünmürlər. İndi isə seçkilərin ümidsizliyinin daxili səbəblərini söyləyək. Ukrayna seçkilərə vətəndaş müharibəsi həddində gedir. Məntiq üzrə hazırda siyasi partiyaların ümdə vəzifələri çalışıb bütün cəbhələrin yer aldığı bir komissiya formalaşdırıb gərgnliyi aradan qaldırmağa, qan tökülməsi riskini aradan qaldırmağa, silahları yerə qoymağa nail olmalı, sonra seçkilərə getməli idilər. Kolaşnikovların, molotov kokteyllərinin əllərdə olduğu, rəsmilərin əyalət mərkəzinə gələ bilmədiyi vəziyyətdə seçkiyə getmək nə qədər doğrudu, anlamaq çətindi. Donetsk qondarma qurumu yaradılıb. Dneproretrovsk və cənubda da bu risklərin yaşanması çox yaxın görünür. Dövlət de fakto suverenliyini itirib. Ukrayna bu durumuyla Mərkəzi Afrika ölkərini xatırladır. Dost Azərbaycanın təcrübəsindən bəhrələnmək olardı. 1993-cü ilin iyununda Gəncə hadisələri nəticəsində ölkəmizdə siyasi hakimiyyətdə böhran yaşandı. O zaman mərhum prezident Heydər Əliyevin rəhbərliyi ilə deputat komissiyası yaradıldı, Gəncə olayı, cənubda baş vermiş separatizm, şimalda hazırlanan separatçı risklər aradan qaldırıldı və oktyabr ayında prezident seçkiləri keçirildi. Baş vermiş hadisələr fonunda ölkənin durumunda kəskin təlatümlər yaşanır ki, təbii ki, bu da siyasi elitanın əhval ruhiyyəsində də özünü tam əks etdirir. Namizədini irəli sürmüş heç bir siyasi təşkilat nəinki, seçkini udmaq üçün elektorata sahibdir, heç təsir edəcək qədərində seçici qazanacaq güc yoxdur. Bir bölgədə nüfüzu varsa və ya loyal münasibət bəslənirsə, digər əyalətdə heç adının tutulması belə mümkün deyil. Bu təqdirdə namizədlərdən hansı birinin hər hansı formada prezident kürsüsünə əyləşməyi stabilliyin yaranmasına əsas verə bilər? Əyləşsə də növbəti Maydan hadisələrinin yaşanacağı bu halda labüd hal ola bilər. Namizədlərin böyük əksəri məlum olaydan sonra seçkilərə getmə iddiasını ortaya qoydu. Düzdü, qanun icazə verir ki, iştirak edəsən. "Mən də iştirak etdim" deyəmi seçkilərə qatılır? Seçicilərin səsini qazanmaq üçün müəyyən fəaliyyət, təbliğat və təşfiqat işləri gərəkdir. komandasının olduğunu ortaya qoymalıdır. Platformasını təqdim etməlidir. Platforma isə havadan danışılan gəlişi gözəl sözlər deyil, intellektlə hazırlanmış ciddi bir konsersiyadır ki, iki gün ərzində cızma-qara ilə ərsəyə gəlmir. Bir daha təkrar vurğulamaq istəyirəm ki, Ukraynada stabilliyin bərpası hadisələrin səbəbkarı və idarəedicisi olan üç tərəfdən asılıdır".

Əli