“Konstitusiya dəyişiklikləri dövlətçilik maraqlarına xidmət edir” Siyasət

“Konstitusiya dəyişiklikləri dövlətçilik maraqlarına xidmət edir”

Fikrət Yusifov: "Azərbaycan vətəndaşları siyasi islahatlara "hə" deyəcək"

Azərbaycan mühüm siyasi hadisə ərəfəsindədir. Məlum olduğu kimi sentyabrın 26-da Azərbaycanda konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə ümumxalq səsverməsi-referendum keçiriləcək. Müəyyən beynəlxalq təşkilatların, antiAzərbaycan şəbəkənin, onların daxildəki əlaltılarının prosesə mane olmaq, bu islahatlar barədə mənfi rəy yaratmaq cəhdlərinə baxmayaraq referendum öncəsi ölkə vətəndaşları ilə keçirilən görüşlər onu deməyə əsas verir ki, cəmiyyətin mütləq əksəriyyəti bu dəyişiklikləri dəstəkləyir. Çünki konstitusiya dəyişiklikləri dövlətçilik maraqlarına, xalqın mənafelərinə xidmət edir. Ötən illərdə Azərbaycan hakimiyyətinin xalqın maraqlarının təmin olunması, onun sosial rifahının yaxşılaşdırılması istiqamətində atmış olduğu addımlar xalqla hakimiyyətin vəhdəti, birliyini təmin etdiyi üçün, ölkə ictimaiyyəti Prezidentin bu təşəbbüsünü də təqdir edir.
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov da bu qənaətdədir. O, bildirib ki, artıq 12- ci ildir Azərbaycan bənzəri olmayan bir sürətlə inkişaf edərək, bölgənin həm iqtisadi və həm də siyasi güc mərkəzinə çevrilib və o, bu yolu bundan sonra da davam etdirmək əzmindədir. Fikrət Yusifovun szlərinə görə, bu yolun başlanğıcı ümummilli lider Heydər Əliyev tərəfindən 1993 - 1994- cü illərdə qoyulub və 1995- cı ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilib: "Bundan sonrakı illərdə Azərbaycan müstəqilliyin başlanğıcında səriştəsiz idarəçilik nəticəsində düşdüyü siyasi və iqtisadi kataklizmalardan düşünülmüş bir ssenari ilə çıxmağa üz tutdu. Düşünülmüş idarəçiliklə bu gün inkişafın ən yüksək səviyyəsinə gəlib çatmış Azərbaycanın həm iqtisadi və həm də siyasi durumunu o illərin iqtisadi, siyasi durumu ilə müqaisə etmək mümkün deyil. Bu illər ərzində Azərbaycan sadəcə inkişaf etməyib, o, sözün əsil mənasında inqilabi dönüşə nail ola bilib. İndi kimsə o dövrün iqtisadi, maliyyə göstəricilərini bu günün müvafiq göstəriciləri ilə müqaisə edə bilərmi? Belə müqaisə mümkün deyil. Görülən işlərə kölgə salmaq, hər işdə bir qara axtarmaq xislətindən xali olmayanlar bilməlidilər ki, bu uğurlara kölgə salmaq mümkün deyil. Çünki onları bütün dünya görür və təsdiq edir. Mükəmməl heç nə olmur". Fikrət Yusifov onu da qeyd edib ki, bu qədər işlər görülürkən nöqsanlarsız da ötüşmək mümkün deyildi: "Mühüm olan budur ki, nöqsanlar aşkarlandıqca onlar qətiyyətlə aradan qaldırılır. Bu yolda heç kimə güzəşt edilmir. Dövlət başçısının "heç kimin toxunulmazlıq statusu ola bilməz" çağrışı tam gücü ilə işləyir. Bu çox tədqirəlayiq bir haldır". Təşkilat sədrinin sözlərinə görə, bu gün Azərbaycan regionun əsas oyunçusuna çevrilib və bölgənin ən qüdrətli iqtisadi və siyasi güc mərkəzi kimi özünün layiqli yerini tutub: "Bu gün bölgədə Azərbaycanın iştirakı olmadan hər hansı bir transmilli layihənin reallaşması, hər hansı siyasi bir məsələnin həlli mümkün deyil. Bu gün Azərbaycan Avropanın on illər boyu yaşadığı enerji asılılığı probleminin həllində dönüş yaradacaq bir layihənin müəllifi kimi bütün dünyaya sözünü deyə bilir. Bu gün Azərbaycanın həm qərb, həm şərq, həm şimal və həm də cənub üçün əhəmiyyəti əvvəlkindən qat-qat böyükdür. Bir sözlə bu gün Azərbaycan yaxın və uzaq güclərin çox böyük maraq dairəsində olan bir məmləkətdir. Qarşı tərəflər üçün onun təkcə təbii sərvətləri deyil, həm də coğrafi mövqeyi kifayət qədər əhəmiyyətlidir. Biz bütün böyük güclər üçün strateji maraq kəsb edən bir ölkəyik. Lakin bu bizə heç də həmişə istədiklərimizi vermir. Bizim öz maraqlarımız var. Biz güclü dövlət olmaq, Qarabağ savaşındakı uğursuzluqları bizə miras qoyanların səhvlərini düzəltmək, nümunəvi multikultural və taleyrant bir məmləkət kimi, gücündən qabaritindən asılı olmayaraq hər kəsi özü ilə hesablaşdırmaq yolunu tutmuşuq. Bu yollu tutmaq və onunla uğurla irəliləmək, çox çətindir, ancaq şərəflidir. Bir baxın, bu gün Azərbaycanın da yerləşdiyi böyük regionda təmsil olunan ölkələr və bütövlükdə keçmış Sovetlər Birliyinə aid olan ölkələr içərisində bir Azərbaycan öz neytral mövqeyini qoruyub saxlaya bilib. Qalan hər bir dövlət öz seçimini edib. Bu gün kimin hansı gücün yanında olduğu hər kəsə gün kimi aydındır. Biz isə heç kimin yanında deyilik. Bizim öz yolumuz var. Biz özümüz özümüzün yanındayıq. Bu yol çox ağır yoldur. Bu yolu aparan dövlət başçısı böyük siyasi iradə sahibidir. Bu yolun bundan sonra daha uğurla davam etdirilməsi ölkədə siyasi islahatları zəruri edib. Heç şübhə yoxdur ki, sentyabr ayının 26-da Azərbaycan vətəndaşları öz hakimiyyətinin dayaqlarının möhkəmlənməsini, onun apardığı quruculuq işlərinin səmərəliliyini təmin etməyi hədəfləmiş siyasi islahatlara "HƏ" deyəcək".