Qüdrət Həsənquliyev Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səlahiyyətlərinin artırılmasını təklif edib Siyasət

Qüdrət Həsənquliyev  Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səlahiyyətlərinin artırılmasını təklif edib

"Bu idarənin cinayət işi başlamaq və daxil olmuş məlumatları yoxlamaq hüququ olmalıdır"

"Müzakirə olunan məsələ ilə bağlı komitə iclasında da dedim ki, 11-1-ci maddəyə ehtiyac yoxdur. Burada korrupsiyaya görə cinayət təqibini həyata keçirən orqana müraciət olunmayacaqsa və ya hər hansı idarə və təşkilatdakı vəzifəli şəxsə və ya müəyyən quruma müraciət olunacaqsa, əvvəla, onların səlahiyyətləri yoxdur ki, bu istiqamətdə araşdırma aparsınlar. Bunu yalnız cinayət təqibini həyata keçirən xüsusi səlahiyyətli dövlət orqanı edə bilər. "
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Millət vəkilinin fikrincə, ikincisi, həmin idarə, müəssisə, təşkilat maraqlı olacaq ki, bir çox hallarda bu faktlar kənara çıxmasın: "Ümumiyyətlə, müəssisədə korrupsiya əməlləri varsa bu müəssisənin özü üçün sözsüz ki, yaxşı hal deyil. Ona görə mən də hesab edirəm ki, qanun layihəsindən 11-1-ci maddə çıxarılmalıdır. Həm də bu maddə qalacağı təqdirdə 11-2-ci maddəyə ehtiyac olmur. Əgər müəssisənin daxilində kimsə həmin qurumdakı korrupsiya faktı barədə məlumat verirsə, onun gizliliyinin saxlanılmasının mümkünlüyünə şəxsən inanmıram. Ona görə ki, müəssisə rəhbəri orada özünə ən yaxın şəxsi təyin edəcək ki, bu korrupsiya faktlarını araşdırsın. Bu da məlumatı verən şəxsin kim olması barədə müəssisənin rəhbərinə məlumat verəcək".
"Komitə iclasında təkcə mən yox, çıxış edənlərin hamısı bu məsələnin üzərində dayandılar"-deyən millət vəkili qeyd etdi:"Biz Əli müəllimdən xahiş etdik ki, bu məsələni qanun layihəsini göndərən orqanla müzakirə eləsin. Ona göprə ki, 11-1-ci maddə əslində korrupsiya ilə bağlı məlumatların bir qisminin gizlədilməsinə imkan yaradacaq. Burada 20 gün müddətinə araşdırmadan söhbət gedir . 11-2-ci maddəyə gəldikdə isə, əlbəttə müsbət haldır ki, korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında məlumat elektoron və şifahi qaydada verilə bilər".
Qüdrət Həsənquliyevin fikrincə, bundan sonra mütləq Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin özünün cinayət işi başlamaq və daxil olmuş məlumatları yoxlamaq hüququ olmalıdır: " Amma reallıqda belədir. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edilir. Şikayət ərizəsi buradan Baş Prokurorluğa göndrilir. Burada baş prokurorun həvalə etdiyi vəzifəli şəxslər həmin məlumatları araşdırır, sonradan əgər məqsədəuyğun hesab edirsə, qaytarır korrupsiyaya qarşı mübarizə idarəsinə ki, siz artıq bu iş üzrə yoxlama apara, cinayət işi qaldıra bilərsiz, yoxsa yox. Hesab edirəm ki, əgər bu qurumu yaratmışıqsa, həmin qurumun özünün daxil olmuş şikayətlər üzrə materiallar əsasında yoxlama aparmaq və cinayət işi qaldırmaq səlahiyyəti olmalıdır. Əgər bunu yenə də Baş Prokurorluq edəcəksə onda bu idarənin yaranmasının mənası nədən ibarət idi? Elə Baş Prokurorluq onu Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə, başqa rayon prokurorluğuna göndərə bilər. Ona görə də düşünürəm ki, artıq bu praktikaya son qoymaq lazımdır. Bundan başqa burada 11-2.4-cü maddədə həmin işçinin attestasiyadan keçirilməsi ilə bağlı qeyd olunur. Biz axı dövlət qulluğu haqqında qanuna da dəyişilik etdik, komitədə də bu barədə deyildi. Bundan sionra müəssisələrdə attestasiya keçirilməyəcək. Dövlət Qulluğu Şurası hər 5 ildən bir özü attestasiya keçirir və sertifikatlar verir. Ona görə də düşünürəm ki, axırıncı cümlə oradan çıxarılmalıdır. Sonda əlbəttə onu qeyd edim ki, idarə, müəssisə və təşkilatlarda yeni struktur bölmə yaradılacaqsa indiki dövrdə bu mnəqsədəuyğun deyil. Aparılan islahatlar sayəsində hökumət çalşır ki, dövlət idarəetmə xərcləri azaldılsın. Yəni belə bir halda yeni strukturların yaradlması bu baxımdan da məqsədəuyğun hesab olunmur. Ona görə də mən düşünürəm ki, maddə 11-1-i ümumiyyətlə çıxarmalıyıq. Maddə 11-2.4-də də attestasiyanın keçirilməsi ilə bağlı müddəa oradan çıxarılmaldıır".