Azərbaycanın müstəqilliyinin bərpasından 25 il ötür... Siyasət

Azərbaycanın müstəqilliyinin bərpasından 25 il ötür...

Yaşar Kələntərli: "Şərəf duyuruq ki, müstəqilliyimizin əldə olunmasında bizim də payımız var"

Yeganə Mehtibəyli: "Biz xalq olaraq əsarətdə olduğumuzu anladıq və bundan xilas olmaq üçün fədəkarlıq göstərdik"

Hüseynağa Qəniyev: "Xalqın müstəqillikdən böyük məqsədi və məramı yoxdur, ola da bilməz"

Vaqif Abışov: "Hər bir insan müstəqillliyin dəyərini bilməli və bunun mahiyyətini dərk etməlidir"

Faiq İsmayılov: "Azərbaycan dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib"



Bu gün Azərbaycan dövlət müstəqilliyinin bərpasından 25 il ötür. 70 illik rus imperiyasının əsarətindən sonra Azərbaycan nəhayət ki, öz dövlət müstəqilliyini bərpa etdi. Müstəqilliymizin bərpasında rol oynamış Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) funksionerləri ilə söhbətləşdik.

BAXCP-nin baş katibi Yaşar Kələntərli bildirdi ki, müstəqilliyimiz əldə edilənə qədər böyük yol qət edilib. Onun fikrincə, Azərbaycan Xalq Hərəkatı başlayanda indi bizim sıralarımızda olanların bir çoxu tələbə idi: "Bir çoxumuz da ali məktəbi yenicə bitirib ayrı-ayrı dövlət qurumlarında çalışırdıq. Xalq Hərəkatına qoşulduq və bu hərəkat Azərbaycanın müstəqillik aktının qəbul olunması ilə nəticələndi. Biz bu günü qeyd edənlər arasında ən çox haqqı olanlardanıq. Bu yolda kifayət qədər mübarizə aparmışıq, öz bacarığımızı ortaya qoymuşuq, böyük ruh yüksəkliyi ilə çalışmışıq. Bütün gənclik illərimizi hərakata sərf etmişik. Bu gün şərəf duyuruq ki, müstəqilliyimizin əldə olunmasında bizim də payımız var və bu yola aparan hərəkatın iştirakçısıyıq. Bundan sonrakı nəsillər müstəqil dövlətimizin inkişafına xidmət edə biləcəklər, amma bizim kimi müstəqillyin əldə olunmasında pay sahibi olmayacaqlar. Bu baxımdan özümü xoşbəxt hesab edirəm".
O, "təəssüflər olsun ki, müstəqilliyimiz əldə olunan zaman bizi istəməyən dövlətlər, güclər Qarabağ problemini yaratdılar", - deyə fikrini davam etdirdi: "İnşallah Azərbaycan tam qələbəsini Qarabağı işğaldan azad edəndən sonra əldə edəcək. Sovet zamanı xaricdə hər hansı bir dövlətdə olanda bizi bir dövlət və millət olaraq tanımırdılar. Xristian ölkələrində rus, müsəlman ölkələrində isə şurəvi adlandırırdılar. Ancaq Azərbaycan bu gün bütün beynəlxalq təşkilatlarda təmsil olunur, bayrağımız hər yerdə dalğalanır və biz bundan şərəf duyuruq. Müstəqil dövlət kimi özümüz hər hansı bir məsələ ilə bağlı öz mövqeyimizi ortaya qoyuruq. Əsas problemimiz olan Qarabağ məsələsini də həll edəcəyik və ondan sonra Azərbaycan bölgədə və dünyada inkişaf etmiş, öndə gələn ölkələr sırasında olacaq".

BAXCP MNTK-nın sədri Yeganə Mehtibəyli bildirdi ki, bu gün Azərbaycan tarixində xüsusi yeri olan şərəfli bir gündür: "Əvvəla, mən millətimizi və müstəqilliklə nəticələnən xalq hərəkatında iştirak edənlərin hər birini təbrik edirəm. Düşünürəm ki, dövlət, millət, torpaq insan üçün şərəf və qürur mənbəyidir. Biz bir xalq olaraq əsarətdə olduğumuzu anladıq və bundan xilas olmaq üçün fədəkarlıq göstərdik. Müstəqillyimizə qovuşan ərəfədə isə bizim üçün Qarabağ problemini yaratdılar. Biz anladıq ki, xalqımızın başı hələ çox bəlalar çəkəcək. Bundan sonra mübarizə metodumuz da dəyişdi . Şübhəsiz ki, Qarabağ hər birimizin ürəyində idi. Mübarizə metodumuz Millıi Azadlıq Hərəkatına çevrildi. Sözsüz ki, bu yolda çox böyük itkilərimiz oldu, onların içərisində həm də müstəqillyimizi istəyən insanlar da var idi. Onların da bir çoxu Qarabağ uğrunda gedən döyüşlərə şəhid oldular. Təbii ki, Qarabağ problemini türk millətinin düşməni olan ruslar yaratdılar, onların birbaşa köməyi və dəstəyi ilə Qarabağ işğal olundu. Mənim atam müəllim idi və biz ailəlikcə - iki qardaş və bir bacı – bu hərəkata qoşulduq. Bizim ailədə bu mövzuda çoxsaylı müzakirələrimiz olurdu. Atama deyridim ki, biz həmişə itkilərimizdən, Təbriz, Zəngəzur, Borçalı, Dərbənddən danışırıq. Nə vaxta qədər bu belə davam edəcək? O çox dərin düşüncəyə getdi və "zaman gələr hər şeyi görərsən", - deyə bildirdi. Bunlar azmış kimi Qarabağı işğaldan qurtara bilmədik. Düşünürəm ki, biz yenə də bir araya gəlib, birlikdə yola çıxacağıq. Bu dəfəki yolçuluğumuz Qarabağ üçün olmalıdır. Çünki bizə heç bir zaman heç kim kömək etməyəcək. Düzdür, bu gün müstəqil dövlətimiz, bayrağımız, ordumuz var. Bunlar qürurvericidir. Amma torpaq itkisi çox ağırdır. Ağır olduğu qədər də bizim çiynimizdə olan yükldür. Bizdən əvvəlki nəsillər bizə az yük qoyub getməyiblər. Yaxşı olardı ki, biz bu yükü də gələcək nəsillərin çiyinlərinə yükləməyək".
BAXCP Idarə Heyətinin üzvü Hüseynağa Qəniyev qeyd etdi ki, Azərbaycdan xalqı tarixən öz müstəqillyi haqqında düşünüb, bu və ya digər şəkildə mübarizə aparıb. Onun fikrincə, bunu 1918-ci ilin timsalında biz daha aydın göürürük: "Lakin tarixi hadisələr elə gətirib ki, heç bir zaman onu sona qədər davam etdirə bilməyiblər. Müstəqillik bizim xalqımızın ən çox arzuladığı ideya olıub. Əgər biz tarixə baxsaq tarixən Azərbaycan xalqı öz müstəqillyi uğrunda ən gərgin mübarizələrə girişiblər. Babəkdən başlamış bu günə qədər bu mübarizə həmişə davam edib.
Oktyabrın 18-də müstəqillyin bərpası zamanı mən Milli Məclisin üzvü idim. O zaman parlamentdə olan deputataların demək olar ki, hamısı müstəqillyin bərpası ilə əlaqədar konstitusiya aktına səs verdilər. Hesab edirəm ki, bu, Azərbaycan xalqının həyatında ən böyük hadisədir. Xalqın müstəqillikdən böyük məqsədi və məramı yoxdur, ola da bilməz. Əlbəttə müstəqillıyi əldə etməyimiz heç də asan başa gəlmədi. Əvvəla Azərbaycanım müstəqilliyi, Azərbaycan xalqının və dövlətinin bütövlüyü hələ 20-ci əsrin bütün dövrlərində ədəbiyyatımlzda öz əksini tapıb. Ədəbiyyat bu sahədə çox irəli gedib. Şairlərimiz, yazıçılarımız müstəqillik mövzularına toxunublar, öz fikirlərini xalqa çatdırıblar. O dövrdə müstəqillik uğrinda mübarizə ziyalılar üçün yenilik deyildi. Onların qəlbində yerləşən gizli bir sirr idi və o dövrdə bu həyata keçdi. Mənim həyatımda ən mühüm hadisə müstəqillyin bərpasında birbaşa iştirakımdır". O "həmçinin mən Azərbaycanın gələcək inkişafını şərqə, qərbə və digər yerlərə inteqrasiyada görmürəm" deyə - bildirdi: "Azərbaycanın gələcək inkişafı elmə, texnologiyaya inteqrasiyadadır. İkincisi, mən çox fərəhlənirəm. Çünki elə bir kollektivin üzvüyəm ki, onun lideri Qüdrət Həsənquliyev xalq hərəkatında liderlərdən biri olub və bizim kollektivimiz həqiqətən xalqın azadlıq mübarizəsində canından qanından, hər şeyindən keçmiş adamlardır. Onlar hər şeylərini sözün həqiqi mənasında Azərbaycanın müstəqilliyi uğrunda qurban veriblər. Onlarla bir kollektivdə işlədiyim üçün fəxr edirəm".
BAXCP funksioneri Vaqif Abışov dedi ki, Azərbaycan öz müstəqilliyinin 25 illiyini qeyd edir. Onun sözlərinə görə, Azərbaycan öz müstəqilliyini itiridiyi gündən - 1920-ci il aprelin 20-dən- müstəqilliyini bərpa etmək istəsə də, bu mümkün olmayıb: "1988-ci ildə belə bir şans yarandı. Həmin dövrdə nəhəng imperiya olan SSRİ-də ictimai-siyasi vəziyyət bu şəraiti yaratdı. Bir tarixçi kimi deyə bilərəm ki, həmin şərait yaranmasaydı bəlkə də müstəqilliyin bərpası bir az çətin, ağrılı olardı. İmperiyanın hər yerində problemlər var idi. Sistem qocalmışdı və islahata da gedilmirdi. Xalqlara öz hüquqlarını müdafiə etmə imkanı verilmir və əksinə daha da boğulurdu. Bütün bunlar Azərbaycanı müstəqilliyin bərpasına doğru aparan yolun bir mərhələsidir. Bu mərhələdə də Azərbaycan xalqı çox ağır prosesdən keçib. İtkilərimiz olsa da Azərbaycan öz müstəqilliyinə nail oldu və bu bizim üçün fəxr olunası tarixi gündür. Hər bir insan müstəqillliyin dəyərini bilməli və bunun mahiyyətini dərk etməlidir".
BAXCP Ali Məclis sədrinin müavini Faiq İsmayılov bildirdi ki, 20 il öncə Azərbaycan Ali Soveti dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi:"Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. Ötən əsrin sonlarında Sovetlər Birliyi ideoloji böhran həddinə çatdı. 90-cı illərin əvvəllərində SSRİ-nin demək olar ki, əksər regionlarında millətlərin və xalqların azadlıq hərəkatı başladı. İmperiyanın siyasi beyin mərkəzi sovet hərb maşınının köməyi ilə müxtəlif bölgələrdə, o cümlədən Bakıda qanlı qırğınlar törətməklə SSRİ-yə süni nəfəs verməyə çalışırdılar.
Lakin SSRİ-nin bərpası mümkün olmadı. 1991-ci ilin avqustunda SSRİ - nin ləğv edilməsi haqqında qərar verildi və Sovetlər Birliyi dünya xəritəsindən silindi. SSRİ-yə daxil olan digər müttəfiq respublikalar kimi həmin ilin oktyabrın 18-də Azərbaycan Ali Soveti də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və suveren dövlət kimi Azərbaycan Respublikası dünya birliyinin üzvü oldu. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib".
Əli