Ermənistanın havadarları onu silahlandıraraq, Azərbaycana qarşı müharibəyə hazırlaşdırmağa cəhd edirlər - Deputat Siyasət

Ermənistanın havadarları onu silahlandıraraq, Azərbaycana qarşı müharibəyə hazırlaşdırmağa cəhd edirlər - Deputat

Ermənistanın havadarları olan ölkələr onu silahlandıraraq, Azərbaycana qarşı müharibəyə hazırlaşdırmağa cəhd edirlər. Ələxsus da Makron və Borrel kimi siyasətçilər Azərbaycanla bağlı cəfəng fikirlər səsləndirərək, regionda sülhün və sabitliyin bərqərar olmasına mane törədirlər.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Azərbayca torpaqlarının 30 illik işğal dövründə Fransa və Ermənistanın havadarı olan digər Avropa ölkələri beynəlxalq hüququn bərpa edilməsi və BMT-nin Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ilə bağlı qəbul etdiyi qətnamələrin icrası ilə bağlı hər hansı bir addım atmadılar.

“Azərbaycan özü təkbaşına bu qətnamələri icra edəndən və öz ərazi bütövlüyünü və suverenliyini bərpa edəndən sonra işğala məruz qalmış, erməni vandalizminin hər bir dəhşətinə məruz qalmış bir ölkə kimi yenə də humanistlik göstərərək, sülhün tərəfdarı kimi çıxış etdi, bölgədə sülhün, əminamanlığın və təhlükəsizliyin təmin olunması təşəbbüsü irəli sürdü və sülh müqaviləsinin imzalanmasının təşviq edilməsi üçün tədbirlər görür və görməkdədir.

Ancaq təəssüf doğuran məsələ ondan ibarətdir ki, Fransa başda olmaqla, bir sıra Avropa ölkələri, o cümlədən, Avropa intsitutları sülhü təşviq edən ölkəyə qarşı qərəzli münasibət sərgiləyirlər və regionda yeni münaqişə yaratmağa çalışırlar.

Azərbaycan məhz ərazi bütövlüyünü bərpa edəndən sonra ölkəmizə qarşı ikili standartlı münasibətlər daha qabarıq şəkildə özünü büruzə verməyə başladı və Azərbaycan hər addımda riyakarlıqla üzləşməkdədir. Artıq ikili standartlar bir çox Avropa ölkələri və institutları üçün adi bir hala çevrilib. İddia edirlər ki, guya Azərbaycan Ermənistana hücum edəcək. Ermənistana hücum etmək Azərbaycanın nəyinə lazımdır?! Azərbaycan üçün öz torpaqlarını azad etmək vacib idi və buna da nail olub.

Azərbaycan regionda sülhün təşviq edilməsi ilə məşğuldur. Lakin Avropa ölkələrinin və institutlarının bu riyakarlğı təəssüf doğurur. Bu cür münasibət təbii ki, Azərbaycan ictimaiyyətini də narahat edir və hiddətinə səbəb olur. Avropa siyasilərinin reallıqdan uzaq fikirləri, Ermənistanı silahlandırması bölgədə sülhün pozulmasına səbəb olur. Təbii ki, Azərbaycan qüdrətli ölkə olaraq öznün təhlükəsizliyinin təmin etməyə qadirdir. Avropa ölkələri və Ermənistan bunu nə qədər tez anlasa daha faydalı olar”, - deyə deputat əlavə edib.