Ərdoğanın bəyanatı birmənalı qarşılanmadı Siyasət

Ərdoğanın bəyanatı birmənalı qarşılanmadı

İsmail Alper Coşkun: "Erməni diasporasının bu məsələ ilə bağlı təzyiq və fəaliyyəti açıq şəkildə göz önündədir"
Akif Nağı: "Mən çox təəssüf edirəm"
Zəlimxan Məmmədli: "Bu cür dipıomatik jestlərlə Türkiyənin erməni xəyanətini durdurmaq istəyi nəticəsiz qalacaq"

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qondarma erməni "soyqırımı" ilə bağlı dünya ictimaiyyətinə qalmaqallı müraciət edib. Hökumət başçısının bəyanatı Nazirlər Kabinetinin saytında dərc olunub: "Erməni vətəndaşlarımız və dünyadakı bütün ermənilər üçün özəl bir gün olan 24 aprel tarixi bir məsələ ilə bağlı onların düşüncələrinin azad ifadə edilməsi üçün bir fürsətdir. Amma 1915-ci il hadisələri Türkiyəyə qarşı istifadə olunmamalıdır və bu yolverilməzdir. Birinci dünya müharibəsində yaşanan acı xatirələr hamımızın ortaq dərdidir. Biz arxivlərimizi tarixçilərin üzünə açmışıq. Həmin zamanlarda etnik və dini mənsubiyyətindən asılı olmayaraq həlak olan hər bir insanı rəhmətlə yad edirik".
Qeyd edək ki, müraciət 9 dildə- fransız, ingilis, alman, ərəb, ispan, rus və Qərb və Şərq ermənilərinin və türk dillərində yayımlanıb.
Xatırladaq ki, erməni lobbisi hər il aprelin 24-nü qondarma erməni "soyqırımı"nın ildönümü kimi qeyd edir.
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələri ilə bağlı bəyanatına erməni tərəfindən də reaksiya verilib. Ermənistan prezidenti Serj Sarkisyan yazılı açıqlamasında "türklər düşmənimiz deyil" söyləyib.
O, eyni zamanda Türkiyənin baş verənləri etiraf edərək tarixə damğasını vurmaq imkanı olduğunu deyib. Sarkisyan həmin dövrdə özlərini təhlükəyə ataraq ermənilərə yardım edən türkləri də unutmadıqlarını bildirib.
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Jen Psaki Türkiyə baş nazirinin 1915-ci il hadisələri ilə bağlı verdiyi bəyanatı məmnuniyyətlə qarşıladıqlarını deyib.
Ancaq baş nazir Ərdoğanın bəyanatı erməni diasporunu razı salmayıb. Erməni diasporunun ən nüfuzlu təşkilatlarından olan Amerika Erməni Milli Komitəsinin (ANCA) açıqlamasında "Ankara fərqli üsullarla soyqırımı inkar etməyə davam edir" qeyd olunub. ANCA rəhbəri Aram Hamparyan baş nazir Ərdoğan bu bəyanatla "erməni soyqırımı"nın gətirdiyi məsuliyyətlərdən xilas olmağa çalışdığını ifadə edib.
Saxta soyqırımı iddialarına görə, 1915-ci il aprelin 24-dən başlayaraq 1923-cü ilə kimi Türkiyədə 1 milyon 500 min nəfər erməni öldürülüb. Bu iddiaları indiyədək bir neçə ölkənin (Uruqvay, Rusiya, Fransa, Litva, İtaliya, Yunanıstan, Kipr, Argentina, Belçika, Uels, İsveçrə, Kanada, Polşa) parlamenti rəsmən tanıyıb.
Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun isə deyib ki, ermeni diasporası və lobbiçilik fəaliyyəti nəticəsində 24 aprel Türk tarixinə qarşı təhdidlər olub. Onun sözlərinə görə, ermənilər bunu diaspora və xaricdən aldığı dəstək hesabına həyata keçirir: "Erməni diasporasının bu məsələ ilə bağlı təzyiq və fəaliyyəti açıq şəkildə göz önündədir. Ancaq hüquqi və siyasi anlamda da bu cür addımlar doğru və ədalətli deyil. Biz burada tarixin yüksək zəmində təhrif olunmasının şahidi oluruq. Ermənilərin bu cür adımlarının 2015-ci ilədək daha da artacağına şübhə etmirik. Ancaq ortada bir həqiqət və müzakirə var. Cənab baş nazirimizin ötən gün bununla bağlı verdiyi açıqlama da o dövrdə yaşanan ortaq acılarla bağlı idi. Biz öz tariximizə baxarkən ermənilər kimi anlayışsızcasına deyil, humanist bir davranışla qarşı tərəfi dinləməyə hazırıq. Ancaq hörmətlə dinlənməyi də gözləyirik. Ustadımızın da dediyi kimi, bu yerlərdən nə azərbaycanlılar, nə də ermənilər getməyəcəksə, o zaman bu ortaq acıları bir kənara buraxaraq deyil, normal formada müzakirə edərək ortaq gələcəyə doğru irəliləməyin yolunu tapmaq məcburiyyətindəyik. Bunu isə döyülməklə deyil, xoş münasibət qurmaqdan yaranacaq bir gələcəkdir. Bu baxımdan da bizim əsl tariximiz güc mənbəyimizdir. Çünki ustadların da vurğuladığı kimi, nə siyasi həyatımızda, nə də ədəbiyyatımızda qarşı tərəfə nifrət hissləri yoxdur".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bundan təəssüfləndiyini önə çəkib: "Mən çox təəssüf edirəm. Ermənilər ən müxtəlif yollarla qondarma soyqırımını dünyada tanıtdırmağa, qəbul etdirməyə çalışır. Onların əsas hədəfi də soyqırımı Türkiyənin qəbul etməsidir. İndiyə qədər Türkiyə haqlı olaraq ermənilərin soyqırım iddialarını birmənalı rədd edirdi. Ancaq bu gün baş nazirin sərgilədiyi davranış kimi yumşaq hərəkətlərlə, ermənilərə güzəştə getməklə Türkiyə çox böyük səhvə yol verdi. Çünki ermənilər bu güzəştin qarşısında növbəti addımlar atacaqlar. Baş nazirin ermənilərə başsağlığı verməsi ermənilərin soyqırım iddialarını tanımaq anlamına gəlir. Adını nə qoyurlarsa-qoysunlar baş nazirin başsağlığı verməsi bunu ifadə edir".
Akif Nağı düşünür ki, ermənilərin səsləndirdikləri iddialar qarşısında yumşalma onların yeni iddialarının yaranmasına səbəb olacaq. QAT sədrinin fikrincə, baş verənlər Türkiyə üçün acı nəticələr verəcək".
"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə hesab edir ki, bu, strateji olaraq düzgün hesablanılmayan diplomatik jestdir: "Kimsə hesab edirsə ki, saxta erməni soyqırımınln 100 illiyi ərəfəsində erməniləri məkrli iddialarından imtina etfirəcək, yanılır. Çünki tarixən türk etnosu erməni xəyanətini yaşayıb. "diplomatik oyunlarla özlərinə kirvə də dedirtdilər, Həm Azərbaycan həm də Türkiyədə yüksək dövlət hakimiyyət orqanlarında yer tutdular, amma xəyanətlərindən əl çəkmədilər. Əsrin faciəsi olan Xocalı soyqırımına əl atdılar, Cənubi Qafqaz və türkiyədə separatçı düşüncədən imtina etmədilər. Bu gün də dünyanı türk dünyasının üzərinə qaldırmaqla,ərazi bütövlüyünü parçalamaqla məşğuldurlar. Erməni milli mərkəzinin əsas hədəfi türk etnosudur. Bu cür diplomatik jestlərlə Türkiyənin erməni xəyanətini durdurmaq istəyi nəticəsiz qalacaq. Mənə elə gəlir ki, türk dünyası erməni xəyanətinə qarşı birlikdə vahid konsepsiya ilə daha effektiv mübarizə üsullarına yiyələnməyə çlışmalıdır. 2015-də erməni xəstəliyinin daha hiyləgər oyunlara baş vuracağı gözləniləndir".
Dünya Azərbaycanlıları Konqresi (DAK) isə qondarma soyqırımla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "Yüz ildən çoxdur türk milləti erməni şovinistlərinin fiziki və mənəvi terrorundan, işğalçılıq və soyqırımı siyasətindən əziyyət çəkir. Qonşu xalqlara qarşı ərazi iddialarına və bunun vasitəsi kimi seçdikləri etnik təmizləmə siyasətinə haqq qazandırmaq üçün erməni millətçiləri guya 1915-ci ildə Osmanlı Türkiyəsi tərəfindən soyqırımına məruz qaldıqları barədə uydurmalara istinad etməyə çalışırlar. Halbuki elmi həqiqətlərə sadiq qalan tədqiqatçı alimlər, o cümlədən Avropa alimləri tarixdə heç bir erməni soyqırımının baş vermədiyini çoxdan sübuta yetiriblər. Qondarma erməni soyqırımı xəstə təxəyyülün məhsuludur və saxta sənədlərə əsaslanır. Bu yaxınlarda Türkiyədə Osmanlı dövrünə aid arxivlərin açılması, hər kəsin, o cümlədən erməni alimlərinin və siyasətçilərinin XX əsrin əvvəlləri ilə bağlı tarixi sənədlərlə tanış olmağa dəvət edilməsi, lakin erməni tərəfinin sağlam elmi polemikadan imtina etməsi "erməni soyqırımı" uydurmasının ayaq tutmasına çalışanların iç üzünü açıb göstərir...".
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri və Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri komanda heyətinin əsas hissəsi erməni olan keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək bəşər tarixində ən böyük müsibətlərdən biri olan müdhiş soyqırımı aktı törədiblər. Heç bir hərbi zərurət olmadan Xocalı şəhəri tamamilə yandırılıb və məhv edilib, 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə öldürülüb, 487 nəfər şikəst edilib, 1275 sakin - qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qalıblar.
Ermənistanın ölkəmizə təcavüzünün başlandığı vaxtdan erməni terrorçu təşkilatları Azərbaycana qarşı 32 terror aktı törətmişlər. Bu terror aktlarının birbaşa nəticəsi kimi 2 mindən çox Azərbaycan vətəndaşı həlak olub, on minlərlə adam yaralanıb. Ancaq bu gün qondarma erməni soyqırımı tez-tez dünya gündəminə gətirildiyi halda ermənilərin yaxın keçmişdə türk millətinə qarşı törətdiyi soyqırımı hələ də beynəlxalq aləmdə tanınmır və hadisəyə dünya ictimaiyyəti tərəfindən obyektiv siyasi, hüquqi qiymət verilməyib".
İrəvanın Azadlıq meydanında isə qondarma erməni soyqırımını anmaq üçün məşəlli yürüş keçirilib. Yürüş "Daşnaksutyun" partiyasının gənclər qanadı "Nikol Aqbalyan" təşkilatı tərəfindən təşkil edilib. Onlar İrəvanın Opera Teatrının qarşısında Türkiyə bayraqlarını yandırıblar. Daha sonra onlar qondarma erməni soyqırımına qoyulmuş abidəyə doğru irəliləyiblər.
Qeyd edək ki, ermənilərin soyqırım iddiaları 1915-ci ilin aprel ayında Van şəhərində baş vermiş erməni üsyanı ilə bağlıdır. Rusiya imperiyasnının işğalçı qoşunlarının Vana tərəf irəlilədiyini görən erməni əhali aprelin 19-da üsyan qaldıraraq şəhərdə 15 minə yaxın türkü qəfil yaxalayaraq qətl etmişdilər. Həmin vaxt şəhərdə yaşayan 41 min adamın 23 mini ermənilər olub. Amma ermənilər təşkil olunmuş halda Vana axışıblar və sayları 70 minə çatıb. Nəticədə şəhərdə 15 min türk qətl edilib. Vəziyyəti belə görən Osmanlı hökuməti aprelin 24-də şəhəri üsyançılardan təmizləyib və dinc erməni əhalinin qırılmasından ehtiyatlanaraq onları Rusiya ilə cəbhə xəttindən Aralıq dənizi sahillərinə köçürüb.
Ermənilər həmin tarixin soyqırımı kimi tanıdılması fikrinə yalnız İkinci Dünya müharibəsində baş vermiş yəhudi soyqırımından sonra düşüblər. Soyqırımı yəhudilərə dövlət qurmağa imkan vermişdi. Buna görə də ermənilər uydurma əsərlər yazdıraraq Van üsyanına soyqırımı donu geyindirməyə çalışıblar. 1965-ci ildə İrəvanda qondarma soyqırımına abidə qoyulub. Amma bununla belə dünyanın əksər dövlətləri ermənilərə qarşı soyqırımı törədilməsi fikrini qəbul etmirlər.

Əli