“Ermənistan hakimiyyətinə heç bir təzyiq edilməyəcək” Siyasət

“Ermənistan hakimiyyətinə heç bir təzyiq edilməyəcək”

Elxan Şahinoğlu:"Çünki hakimiyyəti bəyanat verib ki, biz torpaqları boşaltmayacağıq"

Musa Qasımlı: "Beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir"

Zaur Məmmədov: "Bu kimi bəyanatları Azərbaycan neçə illərdi ki, eşidir"
Elman Nəsirov: "Həmsədrlərin regiona növbəti səfəri öz hesabatlarını zənginləşdirmək məqsədi daşıyır"

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Bakıda keçirilən mətbuat konfransında deyib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir. ABŞ dövlət katibi Con Kerrinin bu yaxınlarda səsləndirdiyi bəyanatını şərh edən həmsədr qeyd edib ki, Kerri münaqişənin sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə sadiqdir: "Tərəflərin münaqişənin sülh yolu ilə həllinin tapılması üzrə işə sadiq qalmaları da vacibdir. Mən bilirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev danışıqlar və artıq masada olan təkliflər üzərində işləməyə hazırdır, eləcə də Ermənistan rəhbəri ilə gələcək müzakirələrə hazırdır. Biz Vyana və Sankt-Peterbuqda üzərimizə götürülən öhdəliklərə əməl etmək istərdik, hərçənd hələ də işin davam etdirilməli olduğu məqamlar var. Biz bütün bunları prezidentlərin növbəti görüşündə müzakirə edəcəyik". Həmsədr bildirib ki, işğal edilmiş ərazilər Azərbaycana qaytarılmadan və ya Dağlıq Qarabağın statusu üzrə danışıqlar keçirilmədən heç bir saziş olmayacaq.
Politoloq Elxan Şahinoğlu həmsədrin bəyanatının birinci tərəfini müsbət qiymətləndirsə də, bəyanatdakı ikinci fikrin Azərbaycanın maraqlarına uyğun olmadığını hesab edir: "Ceyms Uorlik öz bəyanatında bildirdi ki, işğal edilmiş ərazilərin geri qaytarılması statusun müəyyənləşməsinə paralel getməlidir. Artıq bu bizim maraqlara xidmət etmir. Biz birinci növbədə Dağlıq Qarabağ ətrafındakı ərazilərin boşaldılmasını tələb edirik. Bu mərhələli həll planıdır. Amma Uorlik bunun vacib olduğunu dedikdən sonra statusu məsələsini ortaya atdı".
E. Şahinoğlunun sözlərinə görə, həmsədrlərin regiona səfəri də faktiki onu göstərir ki, elə bir yanaşma da yoxdur: "Fikrimcə, Ermənistan hakimiyyətinə də heç bir təzyiq edilməyəcək. Ermənistan hakimiyyəti bəyanat verib ki, biz torpaqları boşaltmayacağıq. Belə olan halda mən danışıqlar prosesində yaxın müddətdə irəliləyiş əldə ediləcəyini gözləmirəm". Politoloq əlavə edib ki, Azərbaycan və Ermənistan prezidentlərin görüşü də sual altında qala bilər.
Deputatı Musa Qasımlı isə deyib ki, Ermənistan əvvəlcə Azərbaycanın yuxarı Qarabağ regionunu, sonra isə ətraf rayonları işğal edib. Deputat qeyd edib ki, təcavüzkar ölkə BMT TŞ-nin müvafiq qətnamələrini qeyd-şərtsiz yerinə yetirməli, sonra isə status məsələsi müzakirə edilməldir. M.Qasımlı əlavə edib ki, beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir.
Politoloq Zaur Məmmədov vurğulayıb ki, ATƏT-in Misk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasının zəruriliyi barəsində səsləndirdiyi bəyanat bundan öncə verilən bəyanatın təkrarı idi. O qeyd edib ki, ATƏT-in Minsk qrupuna, xüsusilə ABŞ–a münaqişənin nizamlanmasındakı passivliyinə görə təzyiqlər var: "Uorlik də bütün bunları nəzərə alaraq belə bir bəyanatla çıxış edib". Politoloqun fikrincə, əslinə qalanda bu sadəcə bəyanatdır: "Belə ki, 1990–cı illərin əvvəllərindən ayrı–ayrı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan işğalçı adlandırılıb. Lakin, biz nəyi görürük? Beynəlxalq qətnamələrin İrəvan tərəfindən yerinə yetirilməməsini".
Z. Məmmədov qeyd edib ki, bu kimi bəyanatları Azərbaycan neçə illərdi ki, eşidir: "Artıq Bakının səbr kasası daşıb və bizi belə bəyanatlarla "yola vermək" olmaz. Fakt ondan ibarətdir ki, regiondakı status – kvo hər üç həmsədr dövlət üçün ən ideal variantdır".
Millət vəkili Elman Nəsirov hesab edir ki, həmsədrlərin regiona növbəti səfəri öz hesabatlarını zənginləşdirmək məqsədi daşıyır: "Həmsdərlərin regiona səfərlərində əsas niyyət ondan ibarətdir ki, əvvəlcə xarici işlər nazirləri, sonra isə prezidentlər səviyyəsində görüş təşkil etsinlər. Artıq ilin yekunlaşmaq üzrə olduğunu nəzərə alsaq, həmsədrlər ciddi cəhdlə çalışırlar ki, heç olmasa bircə dəfə də prezidentlər səviyyəsində görüş təşkil olunsun. Hansı ki, bu, daha çox öz fəaliyyətlərinə qiymət vermək üçün həmsədrlərə lazımdır. Ancaq, reallıq onu göstərir ki, həmsədrlər il ərzində üçüncü dəfə prezidentlər səviyyəsində görüşə nail olsalar belə müsbət nə isə gözləməyə dəyməz. Bu səbəbdən ki, artıq ABŞ dövlət katibi Con Kerrinin bəyanatı hər kəsə bəllidir və Azərbaycan prezidenti İlham Əliyev bu bəyanatı yumuşaq dillə desək "insafsız" bir mövqe kimi qiymətləndirib". Millət vəkili qeyd edib ki, danışıqların səmərəsiz olacağını Ermənistanın yeni formalaşan hökumətinin proqramı da təsdiqləyir: "Ermənistanda formalaşan yeni hökumət fəaliyyət proqramında Dağlıq Qarabağ münaqişəi ilə bağlı heç bir güzəştə getməyəcəyini açıqlayıb. Bu, onun göstəricisidir ki, Ermənistanla danışıqlardan və nəticədən söhbət gedə bilməz. Hesab edirəm ki, indiki halda münaqişənin həlli ilə bağlı prosesdə yenidən biz dalanla dirənmənin şahidi oluruq. Ermənistanın yeni hökumətinin proqramında əksini tapan belə bir bənd əslində danışıqlar prosesinə arxadan endirilən zərbə kimi dəyərləndirilməlidir. Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həllini istəyir. Ermənistan da guya bunu dəstəkləyir. Amma, işğalçı dövlətin bütün addımları ona yönəlib ki, danışıqlar baş tutmasın və ya baş tutacağı təqdirdə irəliləyiş olmasın. Yəni, Ermənistanın mövqeyi bunu deməyə əsas verir. Belə olan vəziyyətdə həmsədrlər nəyə ümid bəsləyirlər? Ona ümid bəsləyirlər ki, növbəti görüş və ondan sonra öz hesabatlarına görüşün təşkil olunması ilə bağlı yeni bir bənd əlavə edəcəklər. Onların məqsədi öz hesabatlarını "fəaliyyətləri" ilə zənginləşdirməyə yönəlib. Həmsədrlər bilir ki, prezidentlər səviyyəsində keçirilən hər görüşdən sonra müəyyən bir pauza yaranır. Guya özlərinin "fəaliyyəti" sayəsində münaqişənin müharibəyə çevrilməsinin qarşısını alırlar". E.Nəsirov vurğulayıb ki, münaqişə istənilən halda müharibəyə çevrilə bilər: "Aprel döyüşləri onu göstərdi ki, münaqişə istənilən halda müharibəyə çevrilə bilər. Görünür, nə Ermənistan, nə də həmsədrlər bundan lazımı dərs ala bilməyiblər. Bu isə Nobel mükafatı laureatlı məşhur amerikalı yazıçı Bernard Şounun "Tarixdən dərs almaq lazımdır. Lakin insanlıq tarixi göstərir ki, onlar heç bir zaman dərs almırlar" fikrini xatırladır. Reallıq budur və bu gün də biz bunun şahidiyik".


Əli