Türkmənelində etnik təmizləmə Siyasət

Türkmənelində etnik təmizləmə

Riyaz Sarıkahya: "Qərb Türkiyə ilə olan tarixi hesablarını həyata keçirmək istəyir"


"Bir neçə gün əvvəl Kərkükün şəhər mərkəzinə hücumlar təşkil edən İŞİD-in əsas məqsədi valilik binasını və polis idarəsini ələ keçirmək olub". Bunu SİA-ya açıqlamasında İraq türkmənlərinin lideri Riyaz Sarıkahya deyib. O bildirib ki, təxminən 100 yaraqlı bəzi qrupların yardımı ilə İŞİD-in nəzarəti altında olan Havicə kəndindən şəhər mərkəzinə daxil olub: "Ancaq polis, peşmərgə və Kərkükün ətrafında olan türkmən haşdi qüvvələri Kərkük mərkəzinə gələrək bu binaların ətraflarını mühasirəyə aldılar və vəziyyəti nəzarətə götürdülər. Hər iki tərəfdən təxminən 150 insan öldü. Bir çox İŞİD yaraqlıları isə Kərkükün ərazisində tutularaq saxlandılar. Polis, türkmən və kürd qüvvələri gizlənən İŞİD-çilərin axtarışlarını davam etdirir. Bu axtarışlara görə də şəhərdə bir təlaş və qorxu hökm sürür. Çünki qarşıdurma və partlayışlar baş verir. Ayrıca kürd qüvvələri ilə birlikdə PKK terrorçuları da şəhərə girdilər. Bu vəziyyət də türkmənlərin qorxu və narahatlıqlarını artırdı. Türkmənlər iki terror təşkilatının arasında qaldılar. Onsuzda İŞİD oyununun məqsədi türkmən ərazilərini İraq Kürdüstanına qatmaqdır. Kürdüstana dünyada legitimlik qazandırmaq istəyirlər. Hücumun indi olması Mosul əməliyyatını bir az gecikdirmək, Kərkükdə kürd hakimiyyətini daha güclü hala gətirməkdir. İŞİD-in Kərkükü tam olaraq ələ keçirmə gücü yoxdur".
Riyaz Sarıkahya İŞİD-in yaxında Mosuldan çıxarılacağını vurğulayıb: "Bu hücumlar siyasət üçün uyğun mühit hazırlamaq məqsədini güdür. Həmçinin İŞİD yeni bir xəritə çəkmə vasitəsidir. ABŞ, Böyük Britaniya, İsrail yeni bir orta Şərq xəritəsini hazırlayırlar. İraq və Suriya bu layihənin həyata keçirilməsinin ilk addımıdır. Türkməneli bölgəsini türkmənlərdən təmizləmək istəyirlər. Qərb Türkiyə ilə olan tarixi hesablarını həyata keçirmək istəyir. Rusiya da uzun müddət qərb ilə birlikdə hərəkət edən kimi oldu. Biz türkmənlər böyük Türk millətinin bir parçası olduğumuz üçün bizə də həmin mənfi münasibəti göstərirlər".
İraq türkmənlərinin lideri hesab edir ki, işin maraqlı tərəfi İŞİD-in Kərkükdəki hücumları ilə eyni vaxtda türkmən Tavuk mahalında bir kəndə koalisiya təyyarələrinin hücum etməsi oldu. "Hadisə nəticəsində 20-dən çox türkmən qadını şəhid oldu, 50 nəfər yaralandı. Baş verən bu hadisələrlə bağlı heç bir İraq hakimiyyət nümayəndəsi açıqlama vermədi, araşdırma aparılmadı, medya da yetərincə önəm vermədi. Hələ də Kərkükün ərazilərinin 40 faizi İŞİD-in nəzarəti altındadır. Orda da 100 mindən artıq insan yaşayır. Gələcəkdə Kərkük üçün ən doğru model federal bölgəyə çevrilməsidir. Bölgənin İŞİD-dən təmizlənməsindən sonra bunun gerçəkləşməsi şansları böyükdür".