Sülhməramlı son Siyasət

Sülhməramlı son

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması faktı təsdiqini tapdı. Prezidentin köməkçisi Hikmət Hacıyev mediaya müsahibəsində bildirdi ki, bu barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib: “Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”.

Əslində 44 günlük müharibədən və lokal antiterror əməliyyatlarından sonra Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini vaxtından əvvəl tərk edəcəkləri gözlənilirdi, vaxtında tərk edəcəkləri isə, ümumiyyətlə şübhə doğurmurdu. Təbii ki, söhbət reallıq hissini itirməyənlərdən, bilgi azlığından, savadsızlıqdan, kənardan idarə olunan qərəzdən, natamamlıqdan doğan hikkədən və siyasi korluqdan əziyyət çəkməyənlərdən, “fitili” fitlə alışan əldəqayırma siyasət “partlayıcısı”, milli maraqlar əleyhinə “mina” missiyasını yerinə yetirməyənlərdən gedir. Digərləri ilə, yəni ölkə sərhədlərindən kənarda cücərən “fır göbələkləri”, daxildəki “yal” və “qırıq val” müxalifətinin başdan iylənənləri ilə bağlı durum, zatən aydındır. Onlar 44 günlük müharibədən sonra “bəs Xankəndi, Xocalı, Əsgəran... necə oldu” deyə sosial şəbəkələri ucuz siyasi şouların platformasına çevirmişdilər. Antiterror əməliyyatları siyasi “tutquşu”ların davamlı sərsəmləmələrinə son qoysa da, “nə olsu”lar, “necə oldu”lar tükənmədi. Bu dəfə Rusiya sülhməramlıları ilə bağlı suallarını bir neçə ifadədən ibarət “tutuquşu lüğətləri”nin ön sırasına çıxartdılar. 44 günlük müharibədən keçən zaman kəsiyində baş verənlərdən, regionda hər gün dəyişməkdə olan geosiyasi reallıqlardan, Prezident İlham Əliyevin özünü hər addımda büruzə verən ardıcıl və sistemli siyasi gedişlərinin doğurduğu nəticələrdən, dövlətimizin başçısının nəyi necə, nə vaxt etmək lazım gəldiyini hər kəsdən daha yaxşı bildiyini göz önünə sərgiləyən addımlarından... dərs ala bilmədilər və yenə “sinifdə” qaldılar. Azərbaycanla Rusiya arasında, uzun illərdən bəri postsovet məkanında kök salmış peşəkar fitnə-fəsadçıların, maraq ovçularının bütün cəhdlərinə baxmayaraq, formalaşan etimadlı münasibətlər də gözünü özgə qapılarında “girov” saxlayanlar üçün görk olmadı...

“Proqnozlar” yenə boşa çıxdı, ümidlər “suya düşdü”... İndi nə deyəcəklər, görəsən?

Nə oldu, bəs, filan-filan şüdələr? İndi nə deyəcəksiniz?

Elçin Mirzəbəyli