“İlham Əliyevin səfərə hərbi geyimdə çıxmasının özü Ermənistana mesaj idi” Siyasət

“İlham Əliyevin səfərə hərbi geyimdə çıxmasının özü Ermənistana mesaj idi”

Elxan Şahinoğlu: "Başqa sözlə bu "elə bilməyin ki, aprel döyüşləri təkrarlanmaya bilməz" demək idi"

Üzeyir Cəfərov: "Prezidentin bu fikirləri çox ciddi mesaj kimi qəbul edilməlidir"

Noyabrın 12-də iri miqyaslı, 60 min hərbçinin, yüzlərlə ağır texnika vahidi və artilleriya qurğusunun iştirakı ilə təlimlərə start verilib. Həmin gün Ali Baş Komandan, ölkə prezidenti İlham Əliyev şəxsən cəbhə bölgəsində olub. Dövlət başçısının Lələtəpədə verdiyi mesajlar diqqət çəkir: "Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının ərazilərində işğal altındakı 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilib...". Ali Baş komandan daha sonra deyib: "Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Ordumuz istənilən vəzifəni icra etməyə qadirdir. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalq bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri var".
Prezident Ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu və günbəgün artığını xüsusi vurğulayıb: "Ordumuzda nizam-intizam hökm sürür və onun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır".
Ölkə başçısı deyib ki, Azərbaycan Ordusunun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir: "Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik.... Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz işğal altındakı bütün torpaqlarımıza qayıdacağıq. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasa, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq...". İlham Əliyev bildirib ki, gələcəkdə ordumuza nə qədər silah-sursat lazımdırsa, Azərbaycanda o qədər də istehsal olunacaq və idxal ediləcək. "Ermənistan başqasının gücünə güvənməsin. Əgər istəyirlər ki, məsələ sülh yolu ilə həll olunsun və erməni xalqı itki verməsin, torpaqlarımızdan çəkilsinlər. Biz də müharibə istəmirik, ancaq biz torpaqlarımızı istəyirik. İşğalçılardan azad edilmiş, bu gün durduğumuz bax bu yerdə - Lələtəpədə olmağımız onu göstərir ki, biz o günü yaxınlaşdırırıq".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli əvvəlkitək dalana dirənib. Onun fikrincə, böyük dövlətlər yenə passiv mövqe tutublar, həmsədrlər isə Azərbaycana az qala "paket həll" təklif edirlər, yəni Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldıması bölgənin status müzakirələri ilə paralel getməlidir: "Bu heç bir halda Azərbaycanın maraqlarına cavab vermir. Bu şəraitdə hərbi ritorika istər-istəməz artmalıdır. Azərbaycan prezidenti İlham Əliyevin noyabrın 12-də cəbhə bölgəsinə səfəri də məhz hərbi ritorikanın ön plana keçə biləcəyinə işarədir. Dövlət başçısının Füzuli rayonuna səfəri zamanı bu ilin aprel ayında işğalçılardan geri alınan Lələtəpəyə gedib hərbçilər qarşısında çıxış etməsinin simvolik əhəmiyyəti var idi.
Birincisi, İlham Əliyev Lələtəpəyə getməklə rəsmi İrəvanın təxribatlarına cavab vermiş oldu. Məsələ burasındadır ki, son vaxtlar Ermənistan rəsmiləri və generalları cəbhə bölgəsindəki Talış kəndinə getməklə bir növü Azərbaycana açıq verirdilər ki, "bu kənd bizim nəzarətimizdədir". İlham Əliyev isə Lələtəpəyə gedərək strateji yüksəklikdən düşmən mövqelərinə baxış keçirməklə Talış və ətraf kəndlərin istənilən an işğaldan azad oluna biləcəyinə eyham vurdu.
İkincisi, İlham Əliyevin səfərə hərbi geyimdə çıxmasının özü Ermənistana mesaj idi. Başqa sözlə "elə bilməyin ki, aprel döyüşləri təkrarlanmaya bilməz". Danışıqlar uzanır, ortada isə konkret nəticə yoxdur. Aydındır ki, Ermənistan rəsmiləri, ekspertləri və sadə vətəndaşları hazırda İlham Əliyevin Lələtəpəyə gəlişi və orda verdiyi açıqlamalar üzərində baş sındırırlar, rəsmi Bakının hansı taktikaya üstünlük verəcəyini anlamağa çalışırlar".
"Üçüncüsü, vücud dili vasitəsilə verdiyi ismarıclardan başqa İlham Əliyevin Lələtəpədə konkret açıqlamaları da var idi ki, onları kifayət qədər sərt qiymətləndirmək mümkündür", - deyən E.Şahinoğlu "bir daha xatırladıldı ki, Azərbaycan hərbi potensialını artırmaqda, yeni növ silahlar almaqda davam edəcək". – deyə vurğulayıb: " Rəsmi Bakı bu prosesi dayandırmaq fikrində deyil. Ermənistanı Rusiyadan aldığı "İsgəndər" raketləri xilas etməyəcək. Çünki, Ermənistanın hər aldığı uzaq mənzilli raketə Azərbaycan beşqat cavab verəcək, hardan mümkündür eyni tipli raketlər alacaq. Çünki, Ermənistanda yanlış olaraq düşünürlər ki, əgər onlarda "İsgəndər" raketləri varsa, Azərbaycan ordusu işğal altındakı torpaqları azad olunması əməliyyatına risq etməyəcək. Əksinə, prezidentin "Şuşa və Xankəndi də Azərbaycandır" sözləri ona dəlalət edir ki, söhbət yalnız Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyindən getmir, sıralamada Dağlıq Qarabağın özü də var.
Dördüncüsü, İlham Əliyevin Lələtəpədə verdiyi ən əhəmiyytli mesajlardan biri bu oldu: "Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin". İlham Əliyev bu cümləsində Rusiya-Ermənistan hərbi ittifaqını nəzərdə tutub. Yəni dövlət başçısı demək istəyib ki, Ermənistan hakimiyyəti və cəmiyyəti elə bilməsin ki, Rusiya-Ermənistan hərbi itifaqına və ya birgə hərbi qoşun birlikləri yaradılmasına görə Azərbaycan işğal altındakı torpaqların güc yolu ilə həllinə girişə bilməz. Əlbəttə, Kreml Azərbaycanın Ermənistan üzərində hərbi üstünlük qazanmasını istəmir. Ancaq orası da var ki, Rusiya Dağlıq Qarabağ və ətraf rayonları Azərbaycanın ərazisi sayır. Demək, Rusiya digər ölkələr kimi Azərbaycanın bu torpaqlardakı hüququnu tanıyır. Yox əgər Rusiya hərbi birləşmələri işğalçı ilə birgə Azərbaycana qarşı hər hansı təxribat həyata keçirərlərsə müharibə total xarakter daşıyacaq ki, bu heç Rusiyanın da maraqlarına cavab vermir".
Hərb ekspert, Üzeyir Cəfərov isə bildirib ki, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin Lələtəpədə səsləndirdiyi fikirlər həm simvolikdir, həm də Ermənistana sonuncu xəbərdarlıqlardan biridir ki, artıq Dağlıq Qarabağ məsələsinin həllini yekunlaşdırmağın vaxtıdır: "Bu, əslində, ermənilərə və onların havadarlarına müharibə mesajı idi. Azərbaycan Silahlı Qüvvələrinin 60 minlik şəxsi heyətlə irimiqyaslı təlimləri isə, sanki, cəbhədə keçiriləcək ən böyük əməliyyat öncəsi bir məşqdir. Bu, resursların cəlb edilməsi, onların istifadəsi baxımından çox gözəl hazırlıqdır. İnanıram ki, bu hazırlıq uğurla başa çatacaq".
Ekspertin fikrincə, vasitəçilər - ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli ilə bağlı guya hansısa mexanizmlər üzərində baş sındırırlar, amma onların heç bir perspektivi yoxdur: "Çünki onlar absurd mexanizmlərdir. İnsidentlərin araşdırılması, Anjey Kaspşikin səlahiyyətlərinin genişləndirilməsi göstərir ki, bunların məqsədi və məramı yenə də məsələni "pat" vəziyyətində saxlamaqdır. ABŞ-ın indi səlahiyyətlərini təhvil verməyə hazırlaşan prezidenti və dövlət katibi bu məsələni o qədər uzatdılar ki, onun həllini yeni prezidentə ötürməli oldular. Rusiya da münaqişənin dondurulması tərəfdarı kimi görünür. Çünki Rusiya ATƏT-dəki nümayəndəski Aleksanr Lukaşeviç ötən həftə belə bir bəyanat verdi ki, status-kvonun dəyişdirilməsi gərginliyə səbəb ola bilər. Ardınca ABŞ-ın ATƏT-dakı nümayəndəsi də demək olar ki, Rusiyanın mövqeyini təkrarladı. Bir sözlər prezident İlham Əliyev bütün bu məsələləri cəmləşdirərək təmkinli şəkildə, diplomatik formada fikir bildirib ki, danışıqlarda konkret nəticə olmalıdır. Nəticə olmasa, Azərbaycan Silahlı Qüvvələri qüısa müddətdə bu məsələnin çözülməsi üçün lazım olan addımı atacaq".
Ü.Cəfərov hesab edir ki, prezidentin bu fikirləri çox ciddi mesaj kimi qəbul edilməlidir: "Azərbaycan prezidentinin bu fikirləri artıq Ermənistanda narahatlıq yaradıb. Dağlıq Qarabağdakı qondarma qurumun nümayəndəsi David Babayan bu ritorikanın nəyə hesablandığı barədə açıqlama verib. Amma ermənilər başa düşmürlər ki, Azərbaycan dediyi sözü dəfələrlə təkrarlamayacaq. Yəni Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına heç bir halda razı olmayacaq. Ona görə prezident İlham Əliyevin hərbi geyimdə çıxması və bu fikirləri məhz apreldə düşmən işğalından azad olunmuş Lələtəpədə səsləndirməsi çox ciddi mesaj kimi qəbul edilməlidir. Bu gün Azərbaycan cəmiyyəti və mətbuatı beynəlxalq ictimaiyyətin diqqətinə məhz bu konktekstdən çatdırmalıdır ki, Azərbaycanın mövqeyi qətidir, öz torpaqlarını nəyin bahasına olursa-olsun işğaldan azad edəcək, ona görə də bütün resurslar buna hesablanmalıdır".
Əli