
“Ailə həkimliyi – sağlam cəmiyyətin açarıdır”
21 Oktyabr 22:37
21 Oktyabr 22:37
21 Oktyabr 18:51
21 Oktyabr 15:49
Ailə həkimliyi institutu Azərbaycanda nisbətən yeni formalaşan bir sahədir və bu istiqamətin inkişafı ölkədə ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bunu Milli Məclisin Səhiyyə, Ailə, Qadın və Uşaq məsələləri üzrə komitələrinin üzvü, deputat Müşfiq Məmmədli “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Deputat qeyd edib ki, ailə həkimi ixtisası Azərbaycan Tibb Universitetində son illərdə yaradılan ixtisaslardan biridir və bu sahə ilkin səhiyyə pilləsini tənzimləyən, idarə edən əsas istiqamət sayılır: “Hazırda ailə həkimliyi sisteminin istənilən səviyyədə fəaliyyət göstərə bilməməsinin əsas səbəblərindən biri bu ixtisasın yeniliyi və mütəxəssislərin azlığıdır. Bu səbəbdən bəzi hallarda pediatrlar, terapevtlər və ginekoloqlar ailə həkiminin funksiyalarını öz üzərlərinə götürürlər. Təbii ki, bu, bizim planlaşdırdığımız və arzuladığımız səviyyədə ailə həkimliyi modelinin tam şəkildə tətbiqinə imkan vermir. Bu problemi aradan qaldırmaq üçün ilkin səhiyyə xidməti yeni səhiyyə islahatlarına uyğun şəkildə gücləndirilməlidir. Onun sözlərinə görə, ailə həkimlərinin fəaliyyətini stimullaşdırmaq üçün həm maddi, həm də sosial təminat mexanizmləri genişləndirilməlidir.Ailə həkimlərinin maaşları rəqabətqabiliyyətli səviyyədə olmalı, onların sosial təminatı daha yüksək səviyyədə təşkil edilməlidir. Xüsusilə bölgələrdə fəaliyyət göstərən həkimlərin ‘ailə həkimi’ kimi çalışması üçün əlavə stimullar yaradılmalıdır. Bu, həm bölgələrdə həkim çatışmazlığının aradan qaldırılmasına, həm də əhalinin ilkin tibbi yardıma daha asan çıxışına imkan verəcək.”
Müşfiq Məmmədli “gəzici tibb xidməti”nin bərpasını və bu istiqamətdə infrastrukturun inkişafını da zəruri olduğunu qeyd edib: “Əhalinin sağlamlığının qorunması, xəstəliklərin profilaktikası və vaxtında aşkarlanması üçün tibb xidmətinin vətəndaşın yaşadığı yerdə göstərilməsi çox vacibdir. Bunun üçün həkimlərin və tibb işçilərinin nəqliyyat vasitələri ilə təminatı, gəzici tibb xidmətlərinin təşkili və sahə həkimliyi prinsiplərinin müasir tələblərə uyğunlaşdırılması mühüm addımlardandır. Ailə həkimliyi institutunun effektiv fəaliyyəti nəticəsində əhalinin sağlamlıq vəziyyəti ilə bağlı statistik məlumatların daha dolğun toplanması, profilaktik tədbirlərin gücləndirilməsi və tibbi xidmətlərin keyfiyyətinin artırılması mümkün olacaq.Bizim məqsədimiz odur ki, hər bir vətəndaş yaşadığı ərazidə keyfiyyətli ilkin tibbi xidmətlə təmin olunsun. Ailə həkimliyi sistemi bu istiqamətdə əsas rol oynayacaq”.
Günel Elxan