Azərbaycan-Rusiya münasibətləri strateji müttəfiqliyin nümunəsidir - ŞƏRH Siyasət

Azərbaycan-Rusiya münasibətləri strateji müttəfiqliyin nümunəsidir - ŞƏRH

Məlum olduğu kimi, Rusiya və Azərbaycan əlaqələri çoxəsrlik tarixə malikdir və bu gün də bu münasibətlər dinamik inkişafdadır. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər 4 aprel 1992-ci il tarixində Bakıda imzalanmış müvafiq protokol əsasında qurulub. 1992-ci ildə Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb.

Məsələ ilə bağlı deputat Emin Hacıyev və deputat Ceyhun Məmmədov Trend-ə açıqlama verib.

E.Hacıyev bildirib ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan dünya və region ölkələri ilə əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir və balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirir.

“Bölgədə sabitləşdirici aktor kimi çıxış edən ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünya ölkələri arasında böyük etimad qazanıb. Dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu və uğurlu xarici siyasət kursunu yüksək qiymətləndirirlər.

Azərbaycanın yüksək səviyyəli əməkdaşlıq etdiyi ölkələrdən biri də Rusiyadır. Çoxəsrlik tarixə malik olan Rusiya-Azərbaycan əlaqələri iki ölkə arasında diplomatik münasibətlərin 4 aprel 1992-ci il tarixində qurulması ilə yeni dövrə qədəm qoyub. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd isə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilə olub.

Onu da qeyd etməliyəm ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il iyul ayının 2-dən 4-dək Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin dəvətilə bu ölkəyə ilk rəsmi səfəri ikitərəfli münasibətlərin qurulmasında və inkişafında əhəmiyyətli rol oynayıb.

Azərbaycan və Rusiya arasında siyasi əlaqələr yüksək səviyyədə olması ilə yanaşı, ali səviyyədə dialoq da mövcuddur. Dövlət başçımızın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələri ölkələrarası əlaqələrin inkişafına müstəsna töhfə verir.

Azərbaycan və Rusiya arasında müqavilə-hüquq bazası da kifayət qədər genişdir. Ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən 263 sənəd imzalanıb. Bu sənədlərin 45-dən çoxu iqtisadi sahəyə aiddir. Qeyd etmək lazımdır ki, Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. Azərbaycanın Rusiyaya ixracatının təşviqi məqsədilə Heydər Əliyev Fondunun, Rusiyadakı səfirliyimizin və Rusiyadakı Ticarət Nümayəndəliyimizin birgə təşkilatçılığı ilə müxtəlif layihələr də həyata keçirilir.

Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin genişləndirilməsində mühüm rol oynayan formatlardan biri də Regional forumlardır. İki ölkənin nazirlikləri tərəfindən koordinasiya edilən forum hər il təşkil olunur. Ümumiyyətlə son illərdə ikitərəfli ticari-iqtisadi əlaqələr və investisiya əməkdaşlığı davamlı şəkildə inkişaf etdirilib”, - deyə deputat əlavə edib.

O qeyd edib ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında humanitar və mədəni münasibətlər sözügedən sahələrdə əməkdaşlıq proqramları ilə tənzimlənir.

“İki ölkə arasında humanitar və mədəni əlaqələrin demək olar ki, bütün aspektlərini tənzimləyən ikitərəfli saziş və müqavilələr, əməkdaşlıq proqramları və nazirliklər arasında əməkdaşlıq haqqında protokollar mövcuddur. Rusiya ilə əlaqələrimizdə ortaq dil, təhsil və mədəniyyət məkanının möhkəmlənməsinə mühüm önəm verilir. Elm və Təhsil Nazirliyinə tabe 20 ali təhsil müəssisəsinin 14-də rus dilində tədris imkanları mövcuddur.

Mədəni sahədə də qarşılıqlı əlaqələr hər iki dövlət üçün prioritet olaraq inkişaf etdirilir. Bu xüsusda Ümummilli Liderin 100 iliyi ilə əlaqədar Rusiyanın müxtəlif şəhərlərində silsilə tədbirlər keçirilib. Bu tədbirlər Rusiyanın Moskva, Sankt-Peterburq, Ulyanovsk, Ivanovo, Yekaterinburq, Vladivostok, Kazan, Həştərxan və bir sıra digər şəhərlərində təşkil olunub. Rus xalqı hər zaman Ulu Öndəri böyük ehtiramla anır və yad edir. Dahi liderin xatirəsi, təkcə bizim deyil, keçmiş Sovet İttifaqı xalqlarının da qəlbində əbədi yaşayır.

Bu illər ərzində iki ölkə arasında qazanılan böyük uğurlar əminlik yaradır ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da mütəmadi olaraq inkişaf etdirilməsi xalqlarımızın maraqlarının reallaşmasına və hər iki ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edəcək, regionumuzda habelə bütün dünyada sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə rəvac verəcək”, - deyə deputat vurğulayıb.

C.Məmmədov isə bildirib ki, Azərbaycan hər zaman Rusiya ilə qarşılıqlı əlaqələrin inkişafına xüsusi önəm verib.

“İki ölkə rəhbərinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan-Rusiya münasibətləri bu gün strateji tərəfdaşlıq xarakteri daşıyır. İkitərəfli əlqələrin inkişaf dinamikası olduqca müsbətdir. Tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlıdır.

Hazırda iki ölkə iqtisadi, siyasi, mədəni sahələrdə sıx əlaqələrə malikdir. İldən-ilə ölkələr arasında ticarət dövriyyəsi yüksəlir, hər iki ölkənin iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə çox böyük marağı var. Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitar sahələrin əksər sferalarını əhatə edən 7 yol xəritəsi uğurla icra olunur", - deyə deputat qeyd edib.