
Elxan Şahinoğlu: "O həmsədr olanda da ziddiyyətli açıqlamalar verirdi"
ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza Ermənistanın "168 Jam" qəzetinə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərindən danışarkən bildirib ki, Kazan və Madrid sənədləri arasında qızıl orta tapılmalıdır. Bu sənədlər arasında ortaq məxrəcin tapılması hansı nəticəni verə bilər?
Məsələni şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, bu münaqişənin mərhələli həll planı üzrə gedişatıdır. Belə ki, Ermənistan əvvəlcə Dağlıq Qarabağ ətrafındakı əraziləri boşaltmalıdır ki, Azərbaycan da başqa addımları atsın.
Politoloq qeyd edib ki, bu addımlara təhlükəsizlik zəmanətinin verilməsi, status məsələsinin sonrakı mərhələdə müzakirəsinə razılaşmaq kimi məsələlər daxildir. Madrid Prinsiplərində bu məsələlər öz əksini tapmışdı: "Kazan sənədləri "Madrid Prinsipləri"ndən çox da fərqlənmir, bir balaca korrektə edilmiş variantıdır".
E. Şahinoğlu əlavə edib ki, Metyu Brayzanın ortaq məxrəc deməklə nəyi nəzərdə tutduğunu demək çətindir. Brayzanın özü də münaqişənin mərhələli şəkildə həllini lazım bilir.
Politoloq qeyd edib ki, M. Brayza həmsədr olanda da ziddiyyətli açıqlamalar verirdi: "Bakıda bir söz deyirdi, İrəvanda tamam fərqli söz. Amma ümumən onun baxışı belədir ki, münaqişə mərhələli şəkildə həll edilməlidir".
Politoloq həmçinin Ermənistanın XİN rəhbərinin müavini Şavarş Koçaryanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox məntiqsiz fikirlər irəli sürdüyünü bildirib: "Ş. Koçaryan deyir ki, münaqişənin hər iki tərəfi güzəştə getməlidir, Azərbaycan statusun müəyyənləşməsi üçün referendumun keçirilməsinə razılaşmalıdır".
E. Şahinoğlu deyib ki, burada bəzi suallar ortaya çıxır: "Bu Azərbaycanın güzəştidirsə, Ermənistanın güzəşti nədir? Guya Ağdam və Füzulinin ermənilər tərəfindən boşaldılması nə böyük güzəştdir ki? Onların Dağlıq Qarabağa aidiyyəti yoxdur".
Politoloqun fikrincə, Ş. Koçaryan faktiki deyir ki, Azərbaycan danışıqlarda uduzsun, Ermənistan qalib çıxsın. Çünki ermənilər referendumda seperatçıların təzyiqi altında Qarabağın dırnaqarası müstəqilliyinə səs verəcək. Bunun nəyi güzəşt oldu ki?".
E. Şahinoğlu vurğulayıb ki, münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesi dirənib, irəliləyiş yoxdur: "ATƏT-in Minsk qrupunun vəzifəsindən uzaqlaşmaqda olan həmsədri Ceyms Uorlik əvvəlki illərdə deyirdi ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər boşaldılmalıdır. Sonrakı səfərində isə Uorlik dedi ki, bəli bu olmalıdır, amma status müzakirəsi paralel aparılmalıdır. Bu da faktiki olaraq ermənilərin marağına uyğundur". O sonda əlavə edib ki, ermənilər Dağlıq Qarabağ ətrafındakı əraziləri öz dillərində "təhlükəsizlik zonası" adlandırır: "Guya ermənilər ətraf əraziləri ona görə boşalda bilmirlər ki, sonra Xankəndinə təhlükə yaranar. Ona görə də əraziləri girov kimi saxlayırlar. Burada məqsəd odur ki, Azərbaycandan aha çox güzəşt qopara bilsinlər. Azərbaycan isə bu güzəştlərə getmir. Ona görə də aprel döyüşləri baş verdi".
Politoloq danışıqlar prosesində ciddi irəliləyiş olacağını düşünmür. O bildirib ki, dekabrda Hamburqda ATƏT XİN rəhbərləri Şurasının görüşü olacaq: "Çox çalışırlar ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşsün. Amma Ermənistan tərəfindən addımlar yoxdursa, görüşün elə bil əhəmiyyəti yoxdur. Həmsədrlər çox çalışdı ki, ilin sonuna qədər prezidentlər görüşsün. Azərbaycan prezidenti obyektiv olaraq hər zaman vurğulayır ki, görüntü xatirinə görüşlərdə biz iştirak etməyəcəyik".