“Davosda təkcə iqtisadi düşüncələr bölüşülmür” Siyasət

“Davosda təkcə iqtisadi düşüncələr bölüşülmür”

Musa Quliyev: "Həm də siyasi məsələlər həll olunur"

Rufiz Qonaqov: "Forum ölkəyə investisiyaların və texnologiyaların axınına zəmin yaratmaq baxımından çox əhəmiyyətlidir"

Azər Həsrət: "Davos Forumu Azərbaycanın iqtisadi imkanlarının genişləndirilməsi üçün əhəmiyyətlidir"


"Davos İqtisadi Forumu dünyanın ən nüfuzlu iqtisadi tədbiridir. Bu forumda aparıcı ölkələrin liderləri, nüfuzlu iş adamları, siyasi xadimlər bir araya gələrək öz dövlətləri, region və bütün dünyanın iqtisadi əlaqələrinə yenidən baxırılar". Bunu millət vəkili Musa Quliyev deyib. O bildirib ki, bu tədbir əlaqələrin daha optimal şəkildə qurulması, hər kəsə xeyir verəcək layihələrin ortaya çıxması və müqavilələrin bağlanması ilə şərtlənir: "Davosda on il ərzində uğurla iştirak edən nüfuzlu şəxslərə fəxri mükafat da təsis olunub. Sevindirici haldır ki, Azərbaycan Prezidenti bu mükafatı alanlar arasındadır. Davosda Azərbaycanın çox mühüm yeri var, ölkəmiz orda vacib tərəfdaş kimi qarşılanır. Dövriyyəsi milyardlarla dollar olan böyük şirkətlərin rəhbərləri Azərbaycana maraq göstərir, iqtisadi cəhətdən inkişaf edən dövlətlərin liderləri Azərbaycanın dövlət başçısı ilə görüşür, müəyyən müqavilələr imzalanır, layihələr müzakirə edilir".
Millət vəkili əlavə edib ki, Davosda təkcə iqtisadi düşüncələr bölüşülmür, həm də siyasi məsələlər həll olunur: "Həmçinin, mədəni və digər əlaqələrin qurulması məsələləri nəzərən keçirilir. Bu mənada Davosda Azərbaycan Prezidentinin ardıcıl olaraq böyük nümayəndə heyəti ilə iştirakı, dünyada tanınmış siyasi xadimlərlə, biznes elitası ilə görüşləri, həmin görüşlər nəticəsində ortaya çıxan layihələr, müqavilələr Azərbaycanın bir tərəfdən beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması və nüfuzunun güclənməsini şərtləndirir, digər tərəfdən ölkəmiz özü üçün çox gərəkli olan iqtisadi layihələrə imza atır. İndi Azərbaycan öz iqtisadi-sosial inkişafının yeni mərhələsini, post-neft dövrünü yaşayır və belə bir zamanda bizim Davosda olmağımız, yeni əlaqələr qurmağımız, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı Prezidentin imzaladığı 11 yol xəritəsinin reallaşmasına dair heç şübhəsiz ki, orda maraqlı görüşlər keçiriləcək, təkliflər olacaq. Azərbaycan öz məhsullarını dünya bazarlarına çıxarılmasında bu yoldan da uğurla istifadə edəcək. Davos Forumu həm də ölkələrin inkişaf göstəricilərini, reytinqlərini müəyyən edən faktorlardan biridir. Bu mənada Davosda iştirakımızın səbəblərindən biri də Azərbaycanın daim dünya çapında öz göstəricilərini yaxşılaşdırması ilə bağlıdır. Bütövlükdə Davos Forumu çox əhəmiyyətli tədbirdir və orda Azərbaycanın hər il dövlət başçısı səviyyəsində təmsil olunması ölkəmizin dünya birliyinə inteqrasiyasını daha da möhkəmləndirir, iqtisadi əlaqələrimizi davamlı və etibarlı edir, eyni zamanda yeni tərəfdaşlar tapmaqda layihələr həyata keçirməkdə bizə kömək göstərir".
Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov hesab edir ki, Prezident İlham Əliyevin Forumda şəxsən iştirak etməsi Azərbaycana bir sıra üstünlüklər qazandırır. Azərbaycan Prezidenti Davos Forumunda 10 dəfədən çox iştirak edib. Cənab İlham Əliyev Davos Forumunda ən fəal iştirak edən prezidentlərdəndir. Bu da Azərbaycan üçün bir sıra dvidentlər gətirir. Prezident hər il Davosda 30-a yaxın görüş keçirir. 1995-ci ildən başlayaraq Azərbaycan Dünya İqtisadi Forumunda ölkə rəhbəri səviyyəsində təmsil olunur. Davos Forumu Azərbaycan üçün ölkədə həyata keçirilən iqtisadi islahatların yaratdığı yeni imkanları dünyaya çatdırmaq, ölkəyə investisiyaların və texnologiyaların axınına zəmin yaratmaq baxımından çox əhəmiyyətlidir. Dünyanın aparıcı iş adamları ilə birbaşa ünsiyyət, onlarda ölkə iqtisadiyyatına investisiya etmadının daha da artırılmasına çalışmaq və bunu müasir yanaşmalarla nümayiş etdirmək vacibdir. Azərbaycan Prezidenti Davos Forumunun imkanlarından görüşləri, çıxışları ilə uğurlu şəkildə faydalanır. Dünyada iqtisadi inkişaf tempinin zəiflədiyi, qeyri-müəyyənliklərin artdığı bir zamanda Azərbaycanın 2017-ci il üzrə iqtisadi prioritetlərini aydın şəkildə açıqlaması Forumda ölkəmizə olan marağı daha da artırır. Dünyanın aparıcı şirkətləri, dünya iqtisadiyyatını müəyyən edənlər fərdi qaydada Azərbaycan iqtisadiyyatının vəziyyətini öyrənirlər. Yəni Azərbaycan iqtisadiyyatının problemi nədir, Azərbaycan bu problemdən çıxış yolunu necə görür. Bütün bu suallara Davosda aydın cavablar verilir. Ölkəmizə investorların cəlb edilməsi, ölkəmizin iqtisadi potensialının təbliğ olunması baxımından Forum olduqca əhəmiyyətlidir".
Rufiz Qonaqov hesab edir ki, hazırda dünya iqtisadiyyatının nəbzi Davosda döyünür: "Davos İqtisadi Forumu dünyanın ən böyük iqtisadi Forumu sayılır. Burada dünyanın yüksək səviyyəli şəxsləri təmsil olunurlar. Forum Azərbaycan üçün həm post-neft ölkəsi, həm də həqiqətlərimizin dünyaya çatdırılması baxımından vacibdir. Azərbaycan brendinin dünyaya tanıdılması, qeyri-neft sektorunun inkişafı qarşımızda duran əsas vəzifələrdəndir. Cənab Prezident çıxışlarında, müsahibələrində təkcə mövcud iqtisadi potensialımız haqda deyil, eyni zamanda Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın işğalı ilə ölkə iqtisadiyyatına vurulmuş ziyanla bağlı iştirakçıları məlumatlandırır. Biz bu mötəbər tribunadan istifadə edərək dünyaya həm də siyasi mesajlar ötürə bilirik. Artıq Azərbaycan start mövqedən deyil, dinamik inkişafda olan, sabitliyin bərqərar olduğu, yeni hədəflərə doğru irəliləyən bir ölkə kimi Davosda çıxış edir. İqtisadiyyatımız sabitləşib, təbii ehtiyatlarımızdan cəmiyyətin firavanlığı naminə istifadə olunur. işləyir. Azərbaycan bu gün regionun lider dövləti, regionun və digər ətraf bölgələrin inkişafı üçün təşəbbüslərin müəllifi olduğunu dünya qəbul edib".
Rufiz Qonaqov bildirib ki, Davos Azərbaycanın mövqeyini dünyaya çatdırmaq baxımından bir fürsətdir: "Cənab Prezident məqaləsində Davos Forumunun əhəmiyyəti, Azərbaycan iqtisadiyyatının problemləri, 2017-ci il üçün prioritetlərimiz barədə ətraflı məlumat verib. Müşahidələr göstərir ki, Forum iştirakçılarının Azərbaycana böyük marağı var. Hər bir güclü şirkət çalışır ki, Azərbaycanda nümayəndəliklərini açsın. Düşünürəm ki, indiki vacib məqamda Davos Forumu Azərbaycana bir sıra iqtisadi və siyasi dvidentlər qazandıracaq".
Siyasi şərhçi Azər Həsrət deyib ki, ümumiyyətlə Azərbaycanın Davos İqtisadi Forumu kimi yüksək səviyyəli platformalarda iştirakı həm ölkəmizin tanıdılması, həm də ölkəmizə yeni imkanların cəlb edilməsi baxımından əhəmiyyətlidir. Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan artıq onuncu dəfədən artıqdır ki, bu platformada iştirak edir: "Təbiidir ki, hər dəfə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davos İqtisadi Forumunda iştirak edərkən müxtəlif insanlarla xüsusən də dünya iqtisadi nəhəngləri ilə və ayrı-ayrı ölkələrin rəhbərləri, dövlət, hökumət başçıları ilə görüşlər keçirir. Prezident Azərbaycana yeni imkanların cəlb edilməsi üçün çalışır. Təbii ki, bu da öz nəticəsini verir. Çünki dünyanın ən aparıcı şirkətləri böyük maliyyə vəsaitləri ilə Azərbaycana gəliblər. Onlar son illər ərzində burada böyük işlər görməkdədirlər.
Bu baxımdan düşünürəm ki, cənab Prezidentin bu səfərki Forumda iştirakı da nəticə etibarilə Azərbaycana yeni maliyyə vəsaitlərinin, iqtisadi imkanların cəlb edilməsi önəmindən əhəmiyyətli olacaq. Ən azından biz dövlət başçısının orada keçirdiyi ikitərəfli görüşləri nəzərə alsaq bunun belə olacağına şübhə yeri qalmır. Ona görə də düşünürəm ki, Davos Forumu istənilən halda Azərbaycan və onun iqtisadi imkanlarının genişləndirilməsi üçün əhəmiyyətlidir. Ölkə rəhbəri də bu əhəmiyyəti hər birimizdən daha yaxşı dərk etdiyi üçün davamlı şəkildə o Forumun işində iştirak edir".