“Rəsmi Yerevan Lavrovun bəyanatına qarşı etiraz edir” Siyasət

“Rəsmi Yerevan Lavrovun bəyanatına qarşı etiraz edir”

Mübariz Əhmədoğlu: "Sadə ermənilər isə emosional ritorikaya söykənirlər"

"Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatı Dağlıq Qarabağ tənzimlənməsində ermənilərin mövqeyinə ən ciddi zərbələrdən biridir. Sadəcə, ermənilər emosional ritorikaya söykənərək belə düşünürlər ki, guya Lavrov Azərbaycan jurnalistinin sualına sərt cavab verib və Azərbaycan jurnalistinin üstündən tankla keçib. Reallıqda isə ekspertlərindən fərqli olaraq rəsmi Yerevan Lavrovun bəyanatına qarşı etiraz edir". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, Ermənistan xarici işlər naziri E.Nalbandyan dərhal Moskvaya qaçdı, Lavrovla görüşdü: "Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı foto-şəklin tərtibatından bəlli olur ki, əvvəlcədən planlaşdırılmamış görüş qeyri-rəsmi ərazidə keçirilib. Nalbandyanın müavini Şavarş Koçaryan da Lavrovun bəyanatını rəsmi mövqe hesab etmir. Rəsmi Yerevan başa düşüb ki, Lavrovun dilindən "işğal olunmuş ərazilər" termini səslənibsə, Rusiya bunu gec-tez Ermənistana qarşı ciddi şəkildə istifadə edəcəkdir. Çünki əgər ərazilər işğal olunubsa, demək işğalçı var. İşğalçı varsa demək BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsi ilə cəzalandırılmalıdır. Rəsmi Yerevanı perspektiv ciddi narahat edir".
Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın daxili işi olmamasına gəlincə MşƏhmədoğlu qeyd edib ki, burada da Lavrov həqiqətdən uzaq bir şey demir: "1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılarkən və onun tərkibi formalaşdırılarkən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan daxili, yoxsa beynəlxalq münaqişə olması ilə bağlı Azərbaycanda qızğın müzakirələr başladı, uzun müddət davam etdi. Hətta bəzi erməni ekspertləri də Azərbaycanın daxilində gedən bu diskussiyalara münasibət bildirdi. ATƏT-in (ozamankı ATƏM) Budapeşt sammiti (1994-cü il) zamanı artıq ATƏT-in Minsk Qrupunun fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri və sülhməramlıların tərkibi ilə bağlı qərarlar qəbul edildi. Bütün bunlar hamısı artıq bir daha təsdiq etdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi beynəlxalq məsələyə çevrilib. Burda Azərbaycan üçün ciddi zərərli bir şey yoxdur. Çünki ermənilər Sovet dönəmində Dağlıq Qarabağla bağlı qəbul olunan qərarları qəbul etmirlər. Bu qərarları təkcə bir qrupun- ya Sovet İttifaqının Kommunist Partiyasının və yaxud Stalinin qəbul etdiyi qərar hesab edirlər. Dağlıq Qarabağ ermənilərinin 1923-cü ildə Azərbaycanın tərkibində qalmağa səs verdiklərini unutdurmağa çalışırlar. İndi beynəlxalq ictimaiyyət, BMT, ATƏT-in Minsk Qrupu, Avropa İttifaqı və Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğuldur. Maraqlısı da burasındadır ki, bütün bu təşkilatların mövqelərində Dağlıq Qarabağa müstəqilliyin verilməsi nəzərdə tutulmayıb. Dağlıq Qarabağ münaqişəsinə dair olan bütün sənədlərdə iki istisna var:
1. Dağlıq Qarabağ münaqişəsi regionunda üçüncü dövlət olmayacaq.
2. Dağlıq Qarabağ azərbaycanlıları olmadan Dağlıq Qarabağın statusu müəyyənləşdirilməyəcək
Beynəlxalq ictimaiyyətin iştirakı ilə Dağlıq Qarabağ Azərbaycana qaytarılır. Bu tsiklik erməni xəstəliyinə qarşı ən yaxşı vasitələrdən biridir. Ermənilər bir daha heç zaman beynəlxalq ictimaiyyəti aldada bilməyəcək, Azərbaycana qarşı ərazi iddiası qaldıra bilməyəcəklər.
Görünür, erməni ekspertləri siyasətin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tarixini özlərinin siyasi fəaliyyətə başladığı dövrdən hesablayırlar. Ona görə də özlərindən əvvəlki dövrlərdə baş verənlər onlar üçün yoxdur. Bəli, Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın daxili məsələsi deyil, bu BMT, ATƏT MQ, Aİ, AŞ və s. qurumların məşğul olduğu məsələdir".
Politoloq digər bir məsələyə də toxunub: "Sergey Lavrovun bəyanatında Rusiya-İsrail vətəndaşı Aleksandr Lapşinlə bağlı məsələlər də ermənilərin maraqlarına nəzərdə tutulan məsələ deyil. Azərbaycanın Belarusla arasındakı münasibətlərindən bəzi Rusiya rəsmilərinin narahatçılığı var. İndi görünür, bəzi Rusiya rəsmiləri məhz Lapşin məsələsindən istifadə edərək Belarusla Azərbaycanın arasında narazılıq yaratmağa cəhd elədilər. Ona görə Lapşinlə bağlı məsələyə Ermənistan mövqeyindən yanaşmaq düzgün deyil. Həm də Rusiya doğrudan da öz vətəndaşını müdafiə etmək niyyətində idisə Dilqəm Əsgərovun qismində bu məsələni həll edə bilərdi. Ermənilər Rusiya vətəndaşı olan Dilqəm Əsgərovu həbs ediblər və Rusiya rəsmilərinin bir neçə müraciətini qulaq ardına vurublar. İndi belə olan təqdirdə Ermənistanın Rusiyadan Rusiya vətəndaşlığına istinad edərək Lapşinlə bağlı məsələ qaldırmaları yalnız erməni məntiqi ilə izah oluna bilər".