1993-cü ilin 3 oktyabrında xalqımız özünün gələcək taleyini müəyyənləşdirdi - Vüqar Rəhimzadə Siyasət
Qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın yaratdığı yeni reallıqlar əsasında regionda və dünya siyasətində yerini və mövqeyini daha da möhkəmləndirir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə səsləndirdiyi bu fikirləri xatırlamaqla Lider və düşünülmüş siyasət amillərinin ölkənin inkişafında, beynəlxalq münasibətlər sistemində rolunun artmasında əhəmiyyətli rolunu daha aydın şəkildə görür və bundan böyük qürur hissi keçiririk ki, Heydər Əliyev kimi Ümummilli Liderimiz, cənab İlham Əliyev kimi Prezidentimiz var. Ölkə Prezidentinin bəyan etdiyi kimi, biz tarixi Zəfərimiz və suverenliyimizin tam bərpası ilə bütün dünyaya və bu gün işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır. İnam heç vaxt qırılmamalıdır. Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz. Bu ədalətə çatmaq üçün gərək onu əldə edəsən, o, göydən düşməz. Sən haqlısan, bütün dünya da sənin haqlı olduğunu etiraf edir, bilir, ancaq nəticə yoxdur. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır. Əlbəttə ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Bu, önəmlidir. Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir. Bunu təmin etmək üçün əlbəttə ki, dövlət siyasəti olmalıdır və var.
Təbii ki, bu siyasətin əsasını müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev qoydu. Tarixi paralellər əsasında müstəqillik tariximizin bəzi məqamlarına nəzər salaq. Bu gün Azərbaycanın böyük Zəfərindən, 30 il işğal altında qalan torpaqlarının nəhayət tarixi sahibinə qovuşmasından, bu ərazilərin dirçəlişindən və Böyük Qayıdış Proqramının uğurlu icrasından bəhs edirik. Amma 33 il bundan öncə müstəqilliyini yenidən bərpa edən Azərbaycan tamamilə fərqli bir mənzərəni yaşayırdı. İlk illər ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətinin yoxluğu, bir sözlə, hakimiyyətsizliyin hökm sürməsi ölkəni, xalqı böyük çətinliklərlə, faciələrlə, təhlükələrlə üz-üzə qoymuşdu. Azərbaycanın müstəqilliyi sual altında idi. Belə bir çətin dövrdə, yəni 1993-cü ilin iyununda xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev tarixi nailiyyətimiz kimi dəyərləndirdiyi müstəqilliyimizi qorumaq, daha da möhkəmləndirmək üçün mühüm addımlar atdı. 1993-cü ilin 3 oktyabr tarixində keçirilən prezident seçkiləri xalqımız üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Həmin gün xalq öz seçimini etdi və böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli, bütövləşən, yeni Azərbaycan dövlətinin təməli qoyuldu.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycanın tarixində, xalqımızın taleyində elə günlər var ki, onların önəmi illər keçdikcə daha dərindən dərk olunur, ölkəmizin həyatında dönüş nöqtəsi kimi dəyərləndirilir. Təbii ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından öncə bu gün respublikamızın ictimai-siyasi həyatında aparıcı rol oynayan, ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olan bu partiya Azərbaycanın ən çətin dövründə xalqın istəyi, zamanın tələbi ilə yaradıldı. Cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında həmin hadisəni belə dəyərləndirdi ki, 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Dövlətimizin başçısı bu çağırışı da etdi ki, biz bu tarixi yaxşı bilməliyik: “O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox. O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi”.
Vüqar Rəhimzadə vurğulayıb ki, 1993-cü il oktyabrın 3-də xalqımız özünün gələcək taleyini müəyyənləşdirən, inkişafa, tərəqqiyə gedən yolun əsası kimi dəyərləndirilən tarixi seçimini etdi. Xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən Ulu Öndər Heydər Əliyev oktyabrın 10-da keçirilən andiçmə mərasimində dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz etdi, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Andiçmə mərasimində bu əminliyi ifadə etdi ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm. Ümummilli Lider Heydər Əliyev andına daim sadiq qalaraq Azərbaycanın dünyaya Günəş kimi doğmasını təmin etdi. İlk növbədə sosial-iqtisadi yüksəlişə yol açan ictimai-siyasi sabitlik bərqərar edildi. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Ulu Öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin ikinci dövründə gördüyü işlər məhz 1969-1982-ci illərdə yaradılan möhkəm bazaya əsaslanırdı. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi məsələ müstəqillik yollarında ilk addımlarını atan Azərbaycanın varlığını təsdiqləmək, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmək idi.
Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail oldu. Bu model sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi. Dahi şəxsiyyət bu çağırışı da etdi ki, Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır. Ümummilli Lider demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərdi, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail oldu. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət həyata keçirir. Ulu Öndər Heydər Əliyev milli dövlətçilik siyasətinin sarsılmaz təməllərini müəyyən etdi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləridir. Ümummilli Liderin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi.
Vüqar Rəhimzadə bildirib ki, Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursu gələcək hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəldi. Ümummilli Lider Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi. Məhz dahi şəxsiyyətin gərgin əməyi və ardıcıl səyləri nəticəsində hazırda tarixin arxivinə atılmış keçmiş Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.
Milli Məclisin deputatı 3 oktyabr 1993-cü il tarixinin bugünkü reallıqlarımızın başlanğıcı olduğunu önə çəkərək ötən 31 ildə qazanılan uğurları, keçilən yolu bir yazı çərçivəsində əhatə etməyin mümkünsüzlüyünü diqqətə çatdırıb. Bildirib ki, 2003-cü ildən başlayan Böyük Yolun davamı xalqın Heydər Əliyev siyasətinə inamının, etimadının göstəricisi oldu. Dahi şəxsiyyət Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciəti ilə cənab İlham Əliyevə inamını ifadə etdi, qarşıda dayanan vəzifələri açıqladı. Əsas vəzifə ərazi bütövlüyümüzün bərpası, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. Bu gün sonsuz fəxrlə və qürur hissi ilə qeyd edirik ki, bu vəzifə də artıq reallığa çevrilib. Dövlət başçısı İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir. Ölkə Prezidenti 2003-cü ilin prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən andiçmə mərasimində verdiyi vədlərin hər birini reallıqda təsdiqlədi. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bu vədi vermişdi ki, Ulu Öndər Heydər Əliyevin əsəri olan müasir müstəqil Azərbaycanı daha da qüdrətləndirəcək, zənginləşdirəcək, yeni-yeni zəfərlərə doğru aparacağıq. Artıq qalib, bütövləşən Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfərlərə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına imza atmaqla yeni dövrə qədəm qoyub. Yeni dövrün reallıqlarından bəhs edərkən bu mərhələnin çağırışlarına uyğun olaraq müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident və parlament seçkilərini xüsusi vurğulamalıyıq. Qürurverici haldır ki, dövlət başçısı İlham Əliyev 7 fevral 2024-cü il tarixində keçirilən prezident seçkilərində ailəsi ilə birlikdə Xankəndi şəhərində səs verdi. Ümumiyyətlə, bu il biri-birindən mühüm hadisələrlə zəngindir. Böyük Qayıdış Proqramına uyğun olaraq cari ildə Şuşa, Xocalı, Cəbrayıl şəhərləri sakinlərinə qovuşdu. İlin sonuna qədər Xankəndiyə və Kəlbəcərə də köç karvanlarının yola salınacağı gözlənilir. Artıq 5 şəhərə və 4 kəndə keçmiş məcburi köçkünlər qayıdıb. Bu mühüm hadisəni, əlamətdar günü, bayramı da qeyd etməliyik ki, dövlət başçısı İlham Əliyevin 20 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 Sentyabr Dövlət Suverenliyi Günü kimi təsis edildi. Bu tarix, eyni zamanda, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günüdür. Dövlət başçısı İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə böyük əminliklə bildirdi ki, quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev “Yenə də bu gün Ulu Öndərin xatirəsinə hörmət ifadə edərək bir daha deyirik və görürük ki, əgər 1993-cü ildə xalqın tələbi ilə o, Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi” fikirlərinin davamı olaraq bu yolun Azərbaycana qazandırdığı uğurlar əsasında “Bu gün Qarabağda, azad Qarabağda olmaq, sizi görmək, yataqxanada, o balkonda tələbələrin gülər üzlərini görmək doğrudan da böyük xoşbəxtlikdir. Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz. Müəllimlərə, tələbələrə uğurlar arzulayıram. Yaxşı işləyin, yaxşı oxuyun ki, hər zaman Azərbaycan zəfər çalsın, hər zaman - əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun!” çağırışı ilə qarşıdakı dövrün vəzifələrini açıqladı.