“Biz öz yolumuzdayıq” Siyasət

“Biz öz yolumuzdayıq”

Dünyamalı İmaməliyev: "Yolumuz böyük öndərlər-Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy yoludur. Bu yolun daşıyıcıları kimi ideyamız, amalımız Millətləşmək, Dövlətləşmək və Bütövləşməkdir"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ideoloji və təbliğat məsələləri üzrə katibi Dünyamalı İmaməliyevin partiyanın mətbuat xidmətinə verdiyi müsahibəni təqdim edirik.

- Dünyamalı bəy, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə verdiyi müsahibə çox böyük səs-küyə səbəb oldu və birmənalı qəbul edilmədi. Qüdrət bəy əslində bu müsahibəsilə nələri demək istəyib və kimlərə hansı mesajları verib?
- Çox doğru buyurursunuz. Qüdrət bəyin bu müsahibəsi siyasi sferada və cəmiyyətdə böyük müzakirələrə səbəb oldu. Bu, özlüyündə Qüdrət bəyin necə vacib bir məsələyə diqqət yönəltdiyinin göstəricisidir və cəmiyyətin bu müzakirələrə cəlb olunması özlüyündə çox yaxşı haldır. Bizim partiyanın adından də göründüyü kimi, əsas ideoloji xəttimiz Bütöv Azərbaycançılıqdır. BAXCP yarandığı gündən Azərbaycanın bütövlüyünü öz adında və fəaliyyətində həmişə prioritet xətt olaraq tutub. İndi keçək sualınıza. Qüdrət Həsənquliyev bütün siyasi həyatını Azərbaycanın Müstəqilliyinə və
Bütövlüyünə həsr etmiş çox az saylı siyasətçilərdəndir. Əgər Qüdrət Həsənquliyev bu məsələni qaldırıbsa qaragüruhçuluq edib özlərinə xal yığmaqdansa, onun irəli sürdüyü arqumentləri soyuq başla analiz etsələr başa düşərlər ki, BAXCP sədri Azərbaycan dövlətçiliyinə necə canyanğısı ilə yanaşır. Qüdrət Həsənquliyev həmin müsahibəsində hazırkı dünya siyasətini, geosiyasi oyunları, Qərbin bu illər ərzində apardığı ikili standartı (əslində ikiüzlü riyakar siyasətini), Qərb liderlərinin cəsarətsizliyini və Azərbaycanın ərazisinin 20 faizinin hansı dövlət tərəfindən işğal olunduğunu, eyni zamanda, işğalçıya hansı dövlətin dəstək verdiyini tam açıqlığı ilə cəmiyyətə göstərir. Artıq ərazilərimizin işğal altında olması müddəti əsrin dörddə birinə çatıb. Ölkəmizdə işğal altında olan Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu görməyən bütöv bir nəsil yetişir. Qərbin və Avropanın siyasi dairələri, ATƏT-in Minsk qrupunun həmsədrləri prosesin illər boyu uzanması yönündə əllərindən gələni edirlər. Dəfələrlə onlar rəsmi və ya qeyri-rəsmi şəkildə Dağlıq Qarabağ probleminin həlli açarının Rusiyanın əlində olduğunu birbaşa və dolayısı ilə etiraf ediblər. İndi biz nəyə görə Dağlıq Qarabağın qaytarılmasını onun işğalında başlıca rol oynayan dövlətlə yox, ancaq öz əhalisinin rifahını, qışda
qazla təchizatını düşünən Avropa və ABŞ ilə müzakirə etməliyik? Axı ABŞ və Avropa Birliyinin 2008-ci ildə Gürcüstanda, hazırda isə Ukraynada sərgilədikləri iradə və gücün hər birimiz şahidiyik. 1994-cü il dekabrın 5-də dövlətlər yığışıb Budapeşt sammitində Ukraynanın təhlükəzizliyinə qarant durdular və bu ölkəni nüvə silahından məhrum etdilər. İndi isə Ukraynanın ərazisinin yarısı əlindən gedir, bunlar Rusiyanın 20 məmuruna yasaq qoyurlar ki, ölkələrinə buraxmayacaqlar və bununla da dünya ictimayyətinin gözünə kül üfürürlər. Əslində, onlar özlərinin enerji və iqtisadi maraqlarını güdürlər. Qüdrət Həsənquliyev deyir ki, gəlin hər kəsi öz adı ilə çağıraq. Yəni işğalçını işğalçı, yalançını da yalançı deyib, çağıraq. Biz səhnədə pərdənin arxasındakı ayıya güvənən çaqqalla yox, elə ayının özü ilə razılaşsaq daha məntiqli olmazmı?
Axı illərdi ki, Avropa Birliyinin, ATƏT-in münaqişənin həllinə hansı "töhfələr" verdiyi göz önündədir.
Qüdrət Həsənquliyev Azərbaycanda marağı olan bütün güc mərkəzlərinə münaqişənin həllinin alternativi olduğunu və Azərbaycanın bundan heç nə itirməyəcəyini çatdırır. Amma bizim iyirmi ildən də artıq hakimiyyət uğrunda şeytanla belə razlığa gedən yalançı siyasətbazlara deyirəm ki, heç olmasa üç ay bundan əvvəlki fəaliyyətinizi yada salın, əgər sizlərdə xəcalət hissi vardırsa xəcalət çəkin.
- Məlum müsahibədən sonra "BAXCP sədri Rusiyanı yenidən Azərbaycana dəvət edir" kimi, ifadələr səsləndi. Doğrudanmı belə bir təhlükə var?
- Qeyd etdiyim kimi, bu, illər boyu xalqın hisləri ilə oynayan, hakimiyyətə gəlmək naminə xarici dövlətlərin alətinə çevrilən qaragüruhun uydurmalarıdır. Qüdrət Həsənquliyev Rusiya ilə ikitərəfli siyasi və iqtisadi, hüquqi müqavilələr çərçivəsində torpaqlarımızın qaytarılması yollarını göstərir. Gəlin baxaq, iki il bundan əvvələdək Qəbələ RLS-də Rusiyanın 1500 nəfərlik hərbi kontingenti növbə çəkirdi. Bunun Azərbaycanın suverenliyinə hansı təhdidi vardı? Yaxud, biz əgər Dağlıq Qarabağ uğrunda Rusiyanın neytrallığına nail olarıqsa, nədən qazımızı dünya qiymətlərilə Rusiyaya satmayaq? Avropa bizim üçün digər dövlətlərdən biridir. Kim bizim dövlətimiz üçün daha üstün mövqe sərgiləyəcəksə onunlada əlaqələrimizi gücləndirməliyik.
Qüdrət Həsənquliyev deyir ki, biz torpaqlarımızın azad olması üçün bütün vasitələrdən istifadə etməliyik. Əgər Azərbaycanın maraqları daxilində ikitərəfli razılaşma mümkün olmazsa, o zaman Azərbaycan dövləti siyasi və iqtisadi islahatları sürətləndirməli, ordu quruculuğunu daha da gücləndirməli və münasib zamanda torpaqlarını hərbi yolla azad etməlidir.
- Hətta ötən il prezident seçkilərində Rusiyanın layihəsində yer alanlar belə Qüdrət Həsənquliyevə çamur atmağa başladılar.
- Doğrusu onların nə dedikləri, nə atdıqları bizi o qədər də ilgiləndirmir. Çünki yel qayadan heç nə aparmaz. Bunlar 2013-cü il prezident seçkilərində pul, hakimiyyət naminə "Milyaderlər İttifaqının" emisarının ətrafında toplaşıb gözləri yolda, qulaqları səsdə idi ki, Rüstəm İbrahimbəyov nə zaman gəlir. Bir Rusiya vətəndaşını prezidentliyə namizəd etmək üçün gənc övladlarımızın beynini dumanlandırıb İbrahimbəyovun müdafiəsi üçün küçələrə çağırırdılar. Həmin vaxt BAXCP və onun lideri Qüdrət Həsənquliyev bütün cəmiyyətə səslənirdi ki, bunlara inanmayın. Bu, Rusiyanın proyektidir. Biz var gücümüzlə bu prosesin üstünə getdik. İndi nə oldu, bütün varlığı ilə Vətəninin bütövlüyü üğrunda çarpışan, daim parlamentdən və mətbuatdan işğalçını öz adı ilə çağıran Qüdrət Həsənquliyev Rusiyapərəst oldu, ancaq Rusiyanın yaratdığı Milli Şuranın oyunçuları vətənpərvər oldular? Həmin vaxt Pənah Hüseyn özü etiraf etdi ki, "biz rejissoru kənardan olan oyunun aktyorlarıyıq". Rauf Arifoğlu isə dedi ki, "Biz Milli Şuranı Rusiya proyektindən çıxarıb milliləşdirdik".
Bu ötən illər ərzində cəmiyyətdə intriqa yayan və hər fürsətdə dövlətin, millətin maraqlarını satanlar kimlərlə əməkdaşləq etmədilər? Biri PKK militanı ilə görüşdü, müzakirələr apardı, sonra ABŞ-a sığınan Rəsul Quliyevlə birləşdi, gözü səmada qaldı ki, təyyarə nə vaxt gələcək? Daha sonradan bəyanat verdi ki, "mən Yeni Azərbaycan Partiyasının süpürgəçisi ilə də danışığa hazıram". Qənimət Zahidin isə Sakit Allahverdiyevin əli ilə Rusiyada kömək axtarması, əlaqələr qurmağa çalışması dünənin hadisələridir. İndi bir neçə ölkənin kəşfiyyatına işləyən birisi Qüdrət Həsənquliyevi qeyri-vətənpərvərlikdə suçlayır. Yazıqlar olsun. Bəsdirin, xalqın adından danışıb onun hissləri ilə oynadınız. Xalq sizləri çox yaxşı tanıyır. Bunun bariz nümunəsi ötən il prezidendt seçkilərində icazəli mitinqə 20 partiyanın 1500 nəfərdən az iştirakçı gətirə bilməməsidir. Biz bu illər ərzində hansı yolu getmişiksə, həmin yolun yenə də yolçularıyıq. Yolumuz böyük öndərlər-Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy yoludur. Bu yolun daşıyıcıları kimi ideyamız, amalımız Millətləşmək, Dövlətləşmək və Bütövləşməkdir!