“Azərbaycan son illər ərzində nəinki yeni silahlar alır, həmçinin istehsal da edir” Siyasət

“Azərbaycan son illər ərzində nəinki yeni silahlar alır, həmçinin istehsal da edir”

Zahid Oruc: " Həmin müasir silahlarımız ön cəbhədə düşmənə qarşı tətbiq olunur"

"Azərbaycanın hərbi arsenalının gücü Ermənisandan üstündür və belə hədə-qorxulara artıq yer yoxdur". Bunu Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib. O, bildirib ki, "Azərbaycan son illər ərzində nəinki yeni silahlar alır, həmçinin istehsal da edir. Həmin müasir silahlarımız ön cəbhədə düşmənə qarşı tətbiq olunur". Dünyada müasir hərbi texnikaların çox sürətlə yeniləndiyini və inkişaf etdirildiyini Zahid Orucun sözlərinə görə, ölkənin yerləşdiyi məkan, qarşısına qoyduğu hərbi vəzifələr, məruz qaldığı təhlükələr dəyərləndirilərək, ona adekvat təhlükəsizlik konsepsiyası qurulur: "Formalaşdırılan istənilən silahlı qüvvələrin o coğrafiyada, hərbi arealda malik ola biləcəyi silahların çeşidləri, texniki-taktiki xarakteristikaları müəyyənləşdirilir. Düşünürəm ki, ölkə başçısının xarici səfərlərinin siyahısına, coğrafiyasına baxsaq, eyni zamanda imzalanmış müqavilələr və beynəlxalq təşkilatların açıqladığı məlumatlara nəzər salsaq, görürük ki, Azərbaycanın aldığı bu silahlar daha böyük müharibələrdə tətbiq olunurlar".
Deputat son günlər ərzində cəhbədə baş vermiş döyüş toqquşmaları barədə də fikir səsləndirib: "Əgər hər iki tərəf təmas xəttində ayrılan 30-40 metrlik məsafədə yalnız əlbəyaxa döyüşərdisə, əsgərlərin bir-biri ilə hazırlıq vəziyyətindən söhbət gedərdisə, heç kəsin şübhəsi yoxdur ki, Azərbaycan əsgəri düşməni məhv edər. Reallıq ondan ibarətdir ki, müxtəlif müşahidə avadanlıaları, yəni "Teplovizor" və müasir "dron" qurğuları və yaxud digər cihazlar vasitəsilə o bölgənin xəritəsi götürülürsə, onun hərəkətini müşahidə etmək mümkün olursa, burada əsgərin və zabitin fəaliyyəti az qala ikinci plana keçir. İndi ötən əsrin ortalarındakı vəziyyət deyil. Müasir vəziyyət ondan kəskin şəkildə fərqlənir. İndi kommunikasiyalar istənilən ordunun resursuna, gücünə çevirilib. Qeyd etdiyimiz silahlar yalnız 500-1000 metr məsafədən düşmənin atəş nöqtələrini və canlı qüvvəsini məhv etmir. Eləcə də 10 km məsafədən bunlar həyata keçirilə bilər. Birinci növbədə onu nəzərə almalıyıq ki, məsafədən idarə olunan müharibə modeli daha çox seçilməlidir. Bu, bəzi qabaqcıl ölkələrdə də özünü göstərir. Digər təfədən də müharibə hava miqyasına keçəcəyi təqdirdə onun böyümə ehtimalları var. Buna istər vasitəçilər, istərsə də region dövlətləri qətiyyən yol vermək istəmirlər. Düşünürəm ki, genişmiqyası döyüşlər baş verərsə, Azərbaycan mütləq qalib gələcək". Zahid Oruc qeyd edib ki, Azərbaycan ordusunun arsenalında düşməndə olmayan çoxlu silahlar var: "Bu haqda danışmaq siyasət adamı olaraq bizim işimiz deyil. Həm də bir sıra hallarda bunlar açıq diskussiyaların predimenti olmur. Bunlar məxfidir. Ümumən ordunun yerinə yetirdiyi fəaliyyətdən peşəkarlar, mütəxəsislər danışır. Biz hadisələrə bir qədər parlament baxışını təqdim edirik. Tam əminliklə onu söyləmək mümkündür ki, son günlər ərzində generallarımız və hərbçilərimizlə söhbətlərdə bir daha da əmin oluram ki, bizim güclü, hünərli, qabiliyyətli, hər cür əməliyyatı yetirməyə qadir olan peşəkarlarımız var. Unutmayaq ki, orduda nə qədər funksiyalar və vəzifələr bütövlükdə bölüşdürülürsə, hər bir əsgərin öz vəzifəsi varsa, bəzən artilleriyanın, hava hücumundan müdafiə sistemlərinin və s texnikaların da hər birinin öz hədəfləri var. Əgər cəmiyyət arzulayırsa ki, bu müharibə baş versin, onda ordunun real imkanları nümayiş edilə bilər".