“Elə etməliyik ki, ayrı-seçkiliyə yol verilməsin” Siyasət

“Elə etməliyik ki, ayrı-seçkiliyə yol verilməsin”

Qüdrət Həsənquliyev: "Valyutadəyişmədə hansı öhdəlik yaranır ki, onun depoziti də saxlanılsın?"


"Bir müddət öncə valyutadəyişmə məntəqələrinin ləğvi həm turistlər, həm də vətəndaşlar arasında narahatlıqlara səbəb olmuşdu, müəyyən çətinliklər yaratmışdı. Əlbəttə, çox müsbət haldır ki, bu gün sözügedən qanun layihəsi parlamentə təqdim olunur və yenidən valyutadəyişmə məntəqələrinin açılmasına şərait yaradılır".
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin plenar iclasında "Valyuta tənzimi haqqında" Qanununda dəyişikliklər edilməsi barədə qanunun layihəsinin müzakirəsi zamanı bildirib.
Qüdrət Həsənquliyevin sözlərinə görə, burada təqdirəlayiq hal vətəndaşlara bu qanundan yararlanmaq imkanlarının tanınması ilə bağlıdır: "Amma burada bir məsələ - qanunun 13-1-ci maddəsi ilə bağlı fikrimi bildirmək istəyirəm. Bu lisenziyanın alınması üçün müraciətlə bağlıdır. Əgər fiziki şəxslərə lisenziya verilməsi məsələsindən söhbət gedirsə, burada dövlət qeydiyyatına alınması üçün şəhadətnamənin sürəti əvvəlcədən fiziki şəxsdən tələb olunur. Bəlkə heç lisenziya verilməyəcək? O zaman nə üçün vətəndaş vergi ödəyicisi kimi qeydiyyata durmalıdır? Mən çox istərdim ki, bu məsələyə aydınlıq gətirilsin".
Millət vəkili vurğulayıb ki, digər məsələ qanunun 13-1.2.3 bəndi ilə bağlıdır: "Deyilir ki, ərizədə qeyd olunan obyektlərin hər birinin üzərində ərizəçinin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədin natarioat qaydada təsdiq olunmuş sürəti olmalıdır. Əgər bir adam lisenziya ala bilməyəcəksə, valyutadəyişmə məntəqəsi kimi istifadə edə biləcəyi obyekti yoxdursa, o zaman gedib nə üçün kiminləsə müqavilə bağlamalı və buna görə pul ödəməlidir?. Lisenziyanın verilməsi ən azından iki mərhələdə həyata keçirilə bilər. Əks təqdirdə bu sənədlərin öncədən tələb olunması da doğru deyil ".
Millət vəkili əlavə edib ki, bundan başqa 13-1.2.9-cu maddədə qeyd olunur ki, "bu qanunun 3-cü maddəsinin 5-ci bəndində nəzərdə tutulan tələblərə əməl edilməsi barədə təsdiqedici sənədlər tələb olunur". Onun sözlərinə görə, bu maddədə də qeyd olunur ki, valyutadəyişmə məntəqələrinin açılacağı yerlər müvafiq icra hakimiyyəti orqanı ilə Nəzarət Palatası tərəfindən birgə müəyyənləşdirilir: "Yəni sənədlər necə müəyyənləşdirilə bilər? Lisenziya alınmamış, Nəzarət Palatası müraciət əsasında vətəndaşa müəyyən vaxt ayırıb göstərəcək ki, harada bu məntəqəni açmaq olar? Yaxud aydın deyil ki, məsələ hansı orqanla və necə razılaşdırılmalıdır? Buna görə deyirəm ki, 3-cü maddənin 5-ci bəndində nəzərdə tutulan sənədlərin ərizə ilə birlikdə tələb olunması xeyli problemlər yaradacaq və sui-istifadə hallarına yol açacaq. Biz axı bilmirik, məsələn nə qədər valyutadəyişmə məntəqəsi fəaliyyət göstərəcək. Yaxud valyutadəyişmə məntəqəsi icra hakimiyyəti orqanının razılığı ilə harada açılacaq? Məsələn ərizəçi adi vətəndaşdır, heç bir statusu yoxdur, hələ Nəzarət Palatasına ərizə verməyib. Bu məsələlər müvafiq orqanlarla necə razılaşdırılacaq?
Ona görə də düşünürəm ki, ya vətəndaş ərizə verəndən sonra buna sənəd, arayış verilməlidir ki, o müvafiq orqanlarla digər məsələləri həll etsin. Ondan sonra da lisenziyanı alsın. Əvvəlcədən bu sənədlərin tələb olunması bəri başdan vətəndaşa yox demək kimi bir şeydir. Ya da belə çıxır ki, vətəndəş bunu Nəzarət Palatası ilə qeyri rəsmi formada razılaşdırmalıdır. Yoxsa sadə vətəndaşın qanuni yolla bu sənədləri əldə etməsi mümkünsüz bir məsələdir. Ona görə də, 13-1-ci maddə ilə bağlı ciddi düşünməliyik. Elə etməliyik ki, vətəndaşlar bu hüquqdan istifadə edə bilsinlər, burada ayrı seçkiliyə yol verilməsin".
Millət vəkili həmçinin əlavə edib ki digər bir problemli məsələ girovla bağlıdır: "Qanunun 13-10-cu maddəsindən söhbət gedir. Burada o halda girov saxlanıla bilər ki, maliyyə öhdəliyi yarandığı təqdirdə həmin girov hesabına o öhdəliklər yerinə yetirilsin. Valyutadəyişmədə hansı öhdəlik yaranır ki, onun depoziti də saxlanılsın? Yəni bu adam lisenziyanın qüvvədə olduğu dövrdə külli miqdarda vəsaitindən istifadə edə bilməsin ki, sonradan Nəzarət Palatası həmin vəsaitdən öz qərarına uyğun olaraq istifadə etsin. Bunun da bir izahı olmalıdır. Düşünürəm ki, bu vəsaitin lisenziyanın qüvvədə olduğu dövrdə orada saxlanması doğru deyil. Bu vətəndaşların müəyyən vəsaitinin dövriyyədən çıxarılmasıdır ki, bu da yolverilməzdir. Ona görə ki, vətəndaş həmin vəsaitdən özünün başqa məqsədləri üçün istifadə edə bilər".