“Le Pen qələbə qazana bilməyəcək” Siyasət

“Le Pen qələbə qazana bilməyəcək”

Fransada hansı namizədin prezident seçilməsinin Azərbaycan-Fransa əlaqələrinə ciddi təsiri olmayacaq. Siyasəti "ikinci mərtəbədəki", yəni gələcək prezidentin arxasında dayanan maliyyə-sənaye qüvvələri diqtə edirlər. Onlar da öz işlərini yaxşı bilirlər. İlk növbədə öz maraqları ilə yanaşı Fransanın da maraqlarını güdürlər.
Politoloq Rasim Ağayev belə deyib.
Rasim Ağayev bildirib ki, Fransanın dövlət maraqları rəsmi Parisin Azərbaycanla əməkdaşlıq etməsini tələb edir: "Hazırda avropalıların gözündə Azərbaycanın çəkisi kifayət qədər ağırdır. Bu onların Azərbaycanı sevməsi ilə bağlı deyil. Ortada neft-qaz məsələsi var. Azərbaycan da gərək bu amildən istifadə edib Fransa ilə əlaqələrdə öz maraqlarını güdən siyasət aparsın".
Bu arada Fransadakı erməni diasporu seçkinin ikinci turunda E.Makronu dəstəkləmək qərarı verib. Halbuki əvvəl Le Penə dəstək verirdilər. Fransadakı erməni lobbisinin iki tanınmış nümayəndəsi Ara Toranyan və Murad Papazyan Makrona göndərdikləri məktubda "Siz 24 apreldə Parisdə soyqırım abidəsini ziyarət etdiniz. Ayrıca, siz 24 apreli təqvimə daxil etməyi təklif etmisiniz. Ümid edirik ki, Siz soyqırımın tanınması işində fəal olacaqsınız", kimi cümlələr yer alıb.
R.Ağayev erməni diasporunun bu addımı ilə bağlı deyib ki, bu o qədər də ciddi öyrənilmiş məsələ deyil: "Ermənilər idarəolunan qüvvədir. Onlar situasiyanı yaxşı bilir, prosesləri izləyirlər. Fransanı özlərinə ikinci vətən hesab edirlər. Onlar Fransada aparıcı qüvvələrdən biridir. Onların bütövlükdə Fransada və bu ölkənin rəsmi dairələri arasında xüsusi yeri var. Yəni, əgər onlar Le Penə deyil, Makrona dəstək olmaq qərarı veriblərsə, demək, nə etdiklərini bilirlər. Çünki indi Le Penin zamanı deyil. Le Pen qələbə qazana bilməyəcək. Ona görə də ermənilər necə deyərlər, Makrona maya qoyurlar".
Politoloq onu da bildirib ki, Le Pen sağçı qüvvələri – millətçiləri təmsil edir. Bu isə erməniləri o qədər də sevindirmir: "Hərçənd, biz Le Penin də ermənipərəst vədlər verdiyini gördük. Onun çıxışlarında ermənipərəst nüanslar hiss olunurdu".
Qeyd edək ki, aprelin 23-də Fransada prezident seçkilərinin birinci turu keçirilib. "İrəli" Partiyasının namizədi Emmanuel Makron seçicilərin 23,86 faizinin səsini toplayaraq qalib gəlib. İkinci yerə 21,43 faiz səslə Milli Cəbhənin namizədi Marin Le Pen çıxıb. Seçkinin ikinci turu mayın 7-də keçiriləcək.