"Hindistan Pakistana gedən su mənbələrinin qarşısını kəsib" Siyasət

"Hindistan Pakistana gedən su mənbələrinin qarşısını kəsib"

“Son günlər dünyanın siyasi gündəliyində Hindistanla Pakistan arasında hərbi gərginliyin artması məsələsi çox ciddi yer alıb. Azərbaycan üçün önəmli olan odur ki, tərəflərdən biri Pakistan Azərbaycanın dostu, qardaşı, strateji müttəfiqidir. Pakistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Azərbaycanla qardaşlıq münasibətlərini önə çəkən bir ölkə olub”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib.

Deputat əlavə edib ki, bu gün Pakistanın qarşılaşdığı məsələ Azərbaycan ictimaiyyətini narahat etməyə bilməzdi: “Görünən odur ki, Hindistanda baş verən terror hadisəsi iki ölkə arasında münasibətləri gərginləşdirib. Ancaq maraqlı tərəfi isə ondan ibarətdir ki, terroru törədənlər hələ tapılmayıb, kimlərin bunu törətməkdə əli olduğu hələ müəyyənləşməyib. Bu, müəyyənləşmədən Hindistan Pakistanı ittiham edir, onunla münasibətləri gərginləşdirir. Eyni zamanda, Hindistandan Pakistana gedən su mənbələrinin qarşısını kəsib. 20 milyonluq bir ölkə sudan məhrum edilir. Bu nə insanlığa, nə də beynəlxalq hüquq normalarına sığmayan bir məsələdir”.

A.Mirzəzadə həmçinin hərbi qarşıdurma təhlükəsinin də hər gün artırdığını diqqətə çatdırıb: “Biz münaqişənin tezliklə diplomatik yolla həll edilməsinin tərəfdarıyıq. Eləcə də Azərbaycan ictimaiyyəti bu gün qəlbi, ürəyi ilə Pakistanın yanındadır. Biz Pakistana dözüm, səbr, bu problemdən öz şərəfli adını, nüfuzunu qoruyaraq çıxmasını arzulayırıq və həmişə dostumuz qardaşımız Pakistanın yanındayıq”.

Röya İsrafilova