“Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı o dərəcədə inkişaf etməlidir ki...” Siyasət

“Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı o dərəcədə inkişaf etməlidir ki...”

Elxan Şahinoğlu: "Naxçıvanda türk hərbi bazalarının yerləşdirilməsi artıq rəsmiləşdirilsin"

"Birincisi, Amuli dedi ki, "İran və Azərbaycan bir millət-iki dövlətdir". Bu fikirlər adətən Azərbaycan-Türkiyə münasibətləri haqqında deyilir. Amuli isə açıqlamasıyla demək istəyir ki, İran Azərbaycan üçün Türkiyə qədər dəyərlidir. Səfəviləri misal çəkməklə İranla Azərbaycanın ortaq tarixə malik olduğunu deyən Amuli iki ölkə arasındakı yaxınlığı "Azərbaycanın problemlərini öz problemimiz bilirik. İran və Azərbaycan Arazın iki qoludur. Mənşəyi, əsli və kökü birdir. Bu, tələb edir ki, iki ölkə arasında əlaqələr daha da inkişaf etsin. Şükürlər olsun, getdikcə əlaqələr daha da yaxşılaşır. Biz öz torpaqlarımızın izzətini necə istəyiriksə, Azərbaycan üçün də o cür izzət və başucalığı istəyirik" fikirləri ilə dəyərləndirib". Bu fikirləri"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu İranın Ali dini lideri Ayətullah Seyyid Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Həsən Amulinin müsahibəsini şərh edərkənd eyib. Elxan Şahinoğlu bildirib ki, Amuli Qarabağ haqqında da fikirlərini açıq ifadə edib: "Qarabağın ermənilərin işğalı altında olduğunu bildirən Amuli problemin həll olunmamasında 3 dövlətin adını çəkib: Rusiya, ABŞ və həmişəki kimi İsrail. Amuli sonuncu dövləti Tehranın ənənəvi siyasətindən çıxış edərək xatırladıb, yoxsa İsrailin Qarabağ münaqişəsinin yaranmasında və həllinin uzanmasında heç bir rolu olmayıb və yoxdur. Ən maraqlısı Amulinin Rusiyanı ittiham etməsidir".
Politoloq Amulinin 2016-c ilin aprel savaşı və erməni separatizmini tənqid etməsi ilə bağlı fikirlərinə də toxunub: "İranın hansısa rəsmisindən heç zaman oxşar açıqlamalar eşitməmişik. Heç bir İran rəsmisi və ya yüksək rütbəli din xadimi açıq-aşkar Rusiyanı, erməni separatizmini tənqid etmir. Amuli ilk dəfə deyil ki, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edir. Əsas sual budur: Bu açıqlamalar Amulinin yalnız özünə məxsusdur, yoxsa İranın siyasi və dini kəsimində onun kimi düşünən başqaları da var, varsa niyə onların oxşar açıqlamalarını eşitmirik və ya niyə demirlər ki, İran işğalçı Ermənistanla münasibətlərə yenidən baxmalıdır?
Bütün hallarda Amulinin səsləndirdiyi açıqlamalar Azərbaycanın xeyrinədir. Bu açıqlamalar işğalçılıq siyasəti yürüdən Ermənistan hakimiyyəti üçün mesaj əhəmiyyəti daşımalıdır. Azərbaycan İranın Ermənistanla əlaqələrindən narahatdır, ancaq bu o demək deyil ki, bu siyasət əbədidir və İran daima bu siyasətə sadiq qalacaq və İranda yaşayan azərbaycanlılar – ictimai fəallar, deputatlar, siyasilər və din xadimləri Tehranın Ermənistan siyasətini dəyişdirməyə çalışmayacaqlar. Öz növbəsində Azərbaycan İranda yaşayan milyonlarla azərbaycanlı amilindən öz xeyrinə istifadə etməyi bacarmalıdır".
E.Şahinoğlu əlavə edib ki, Ermənistanda İranı tənqid edən yazılar peyda olmağa başlayıb: "Ermənistan Prezidenti Serj Sərkisyan bugünlərdə İranın "Şərq" qəzetinə müsahibəsində deyib ki, İran qazının Ermənistan üzərindən Avropaya nəqlinə hazırdırlar. İndi Ermənistan saytları Sərkisyanın bu açıqlamasına belə şərh verirlər ki, İran qazının Ermənistan üzərindən Avropaya nəqli haqqında illərdir danışılsa da, ortada konkret fəaliyyət yoxdur. Ayrıca, haqqında çox danışılan İran-Ermənistan dəmiryolu tikintisi də kağız üzərində qalıb.
Reallıqda İranla Azərbaycan arasında dəmir yolu çəkilir. Məsələ burasındadır ki, İran Ermənistandakı dağları yarıb dəmiryolunun tikintisinə milyardlarla dollar yatırım qoymaqdansa Azərbaycanla dəmiryolunun inkişafına üstünlük verir. Digər tərəfdən İranın gərəkli maliyyəsi yoxdur ki, Ermənistan üzərindən dəmir yolu çəksin, Ermənistana isə heç bir bank bu məqsədlə kredit ayırmaz. Bunun əvəzinə Azərbaycan İrana 500 milyon dollar kredit verir ki, öz ərazisindəki dəmir yolu tikintisini tamamlasın ki, Azərbaycan üzərindən keçən Şimal-Cənub nəqliyyat xətti tam gücüylə işləsin. Bu mənada yaxın perspektivdə İran-Azərbaycan iqtisadi münasibətlərinin inkişafının İran-Ermənistan münasibətlərinə təsir gücü hiss olunmalıdır".
Politoloq həmçinin əlavə edib ki, İrəvan Rusiyanın Türkiyəyə satdığı S-400 raketlərinin Ermənistanla sərhədə, hətta Naxçıvanda yerləşdirilə biləcəyindən narahatdır və bunu açıq dilə gətirməyə başlayıb. Siyasi şərhçi Türkiyənin S-400 raket komplekslərinin sözügedən ərazilərdə yerləşdirməsini dəstəkləyib: "Əgər Rusiya Ermənistanda istədiyi raket komplekslərini, o cümlədən "İsgəndər"ləri yerləşdirirsə və bu, açıq-aşkar Azərbaycan əleyhinədirsə, Azərbaycan da özünü qorumalı, müasir raket kompleksləri almalıdır. Aydındır ki, Rusiya "İsgəndər" raket kompleksini Azərbaycana satmayacaq. Belə olan halda bu istiqamətdə Türkiyə ilə əməkdaşlıq mümkündür. Çünki Qarabağ uğrunda müharibə başlasa, Naxçıvana müəyyən təhlükələr yarana bilər. Türkiyə isə Qars müqaviləsinə əsasən Naxçıvanı qorumalıdır. Bu fonda Türkiyənin Naxçıvana iqtisadi, siyasi və hərbi dəstəyi böyük rol oynayır. Buna görə də Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı o dərəcədə inkişaf etməlidir ki, Naxçıvanda türk hərbi bazalarının yerləşdirilməsi artıq rəsmiləşdirilsin. O cümlədən Naxçıvanda Türkiyəyə məxsus müasir silah və raket komplekslərinin yerləşdirilməsi də mümkündür. İrəvan bilməlidir ki, Azərbaycan torpaqlarının işğalı Ermənistana baha başa gələcək. Azərbaycana təhlükə yaranması o deməkdir ki, Ermənistan qarşısında bu dəfə təkcə Azərbaycanı yox, Azərbaycan-Türkiyə hərbi ittifaqını görəcək".
Ekspert ABŞ-Rusiya münasibələrini də şərh edib. O deyib ki, Kremlin Birləşmiş Ştatlar prezidenti Donald Trampa olan ümidləri özünü doğrutlmadı. Onun sözlərinə görə, Ağ Evlə Kreml arasında münasibətlərin gərginləşməsinin iki səbəbi var: "Birincisi, Rusiya ətrafındakı bütün separatçılara dəstək verir, qonşuluğundakı Gürcüstan və Ukraynanın ərazilərini işğal edib. Buna Amerikanın istənilən prezidenti seyrçi qala bilməzdi. Ikincisi, Rusiyanın bu siyasəti və üstəgəl də Amerikadakı son prezident seçkisi zamanı təşkil etdiyi kiber hücumlar Amerikada anti-Rusiya siyasətini gücləndirdi və Amerika prezidenti bu siyasətin əleyhinə olaraq Kremllə yaxınlaşa bilməzdi. Bunun nəticəsi olaraq Donald Tramp Konqresin Rusiyaya qarşı qəbul etdiyi sanksiyalar haqqındakı qanun layihəsini imzaladı". Politoloq hesab edir ki, ABŞ - Rusiya münasibətlərinin normallaşması üçün Moskva Ukraynadakı separatçılara dəstək verməməli, Krımı Ukraynaya geri qaytarmalıdır: "Ancaq Kreml bu addımları atmayacaq. Ona görə də ABŞ-Rusiya münasibətləri yaxın illərdə normallaşmayacaq, tam əksinə gərginləşməkdə davam edəcək. Bunu ABŞ-ın vitse-prezidenti Maykl Pensin Estoniya, Gürcüstan və Çernoqoriyaya səfəri də sübut edir. Bu o ölkələrdir ki, Rusiyanın təzyiqi ilə üz-üzədirlər. Vaşinqton bu ölkələrə dəstəyini artıracaq və bu dövlətləri Rusiyanın təzyiqlərindən qoruyacaq. Bu münasibətlərdə faktiki "soyuq müharibə" illərinə qayıdışdır. Rusiya Gürcüstan və Ukraynanı parçalamasaydı, başqa ölkələrə kiber hücumlar təşkil etməsəydi, bu gün Vaşintonla Kreml arasında münasibətlər tamamilə fərqli olacaqdı və bəlkə də Moskvanın çox arzuladığı beynəlxalq terrorçulara qarşı vahid əməkdaşlıq mərkəzi qurulacaqdı. Ancaq Moskvanın siyasəti buna imkan vermədi və beynəlxalq aləmdə və dövlətlərarası münasibətlərdə gərginlik artdı".
Bəs Amerika-Rusiya gərginliyi Azərbaycana necə təsir edə bilər?. Politoloq bildirib ki, rəsmi Bakı Amerika-Rusiya qarşıdurmasında tərəf tutmaq, seçim etmək istəmir: "Rəsmi Bakı həm Rusiya, həm də Amerika ilə tərəfdaş münasibətlərini davam etdirmək istəyir. Ancaq bu siyasəti həyata keçirmək getdikcə çətinləşir. Birincisi, Amerikanın Rusiya sərhəddi boyunca müttəfiqləri - Polşa, Baltik ölkələri, Ukrayna və Gürcüstan Azərbaycanın da tərəfdaşlarıdırlar. Rusiyanın bu dövlətlərin hər biri münasibətləri gərgindir. Buna baxmayaraq, Azərbaycan prezidenti keçən aylarda həm Polşaya, həm də Latviyaya rəsmi səfər edib, əməkdaşlığın gücləndirilməsi barədə müxtəlif sazişlərə imza atdı. Rəsmi Bakının bu dövlətlərlə qurduğu əlaqələr Moskvanın xoşuna gəlmir və gəlməyəcək. İkincisi, Amerika Azərbaycanın iştirakçısı olduğu enerji layihələrinə dəstək verir. Vaşinqton Azərbaycanın təşəbbüskar kimi çıxış etdiyi TAP və TANAP layihərinin reallaşdırılmasına tərəfdardır. Bu Vaşinqtona ona görə lazımdır ki, Avropanın Rusiyadan qaz asılılığı azalsın. Rusiya prezidenti və digər rəsmiləri sözdə azad rəqabətə tərəfdar olduqlarını bildirsələr də, əməldə Avropadakı bəzi əlaltılarının köməyi ilə TAP və TANAP boru xətlərinin tikintisini ləngitməyə, daha əvvəl Rusiya qazını Türkiyə üzərindən Cənubi Avropaya çatdırmaq istəyirlər. Üçüncüsü, Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi başa çatıb. Bu dəmir yolu ilə Çindən çıxan mallar Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınacaq. Moskva bu layihəni də özü üçün təhlükəli sayır. Çünki, Moskva Çində istehsal olunan malların dəmir yolu ilə yalnız Rusiyadan Avropaya çatdırılmasına çalışır. Doğrudur, Çin Rusiyanın dəmir yolları ilə Avropaya mal daşıyır, ancaq bu yol etibarlı deyil, bir tərəfdən ləngimələr var, digər tərəfdən bir sıra Avropa dövləti həmin malların Rusiya üzərindən qəbuluna müsbət yanaşmırlar. Ona görə də Bakı-Tiflis-Qars dəmiryolu Çinin diqqətini çəkəcək və Pekin mallarının Avropaya çatdırılmasının diversifikasiyasına üstünlük verəcək. Əlbəttə, Vaşinqton birbaşa Bakı-Tiflis-Kars layihəsinə dəstək verməyib, ancaq Çin mallarının Rusiyadan yan keçərək Avropa barazına çatdırılmasında maraqlıdır". Elxan Şahinoğlu deyib ki, son zamanlar Türkmənistan qazının Xəzərin dibi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılması mövzusu yenidən aktuallaşıb: "Vaşinqtonun bu layihəyə də marağı artıb ki, bu da Moskvada narahatlıqla qarşılanır". Politoloq onu da deyib ki, Amerika-Rusiya gərginliyi Minsk qrupu formatının fəaliyyətini də çətinləşdirir: "Onsuz da həmsədrlik institutu münaqişənin həllini sürətləndirə bilmir. Ancaq bundan sonra bu format çərçivəsində Rusiya ilə Amerikanın birgə çalışması, münaqişənin həlli ilə bağlı ortaq prinsipdən çıxış etməsi problematikdir".