Azərbaycanda İsraildən cavab gözləyirlər Siyasət

Azərbaycanda İsraildən cavab gözləyirlər

"İsrail Ədliyyə Nazirliyi hələ Rusiya və İsrail vətəndaşı olan bloqçu Aleksandr Lapşinin ekstradisiyası ilə bağlı Azərbaycan Ədliyyə Nazirliyinə müraciət etməyib". Bu barədə Sputnik Azərbaycan-a Lapşinin vəkili Eduard Çernin məlumat verib.
"Hər şey İsrail tərəfindən asılıdır. Lapşin artıq Ədliyyə Nazirliyinə İsrailə ekstradisiya olunmaq arzusunda olduğunu bildirib və müvafiq müraciət ünvanlayıb. İndi hər şey İsraildən asılıdır. İsrailin isə bu prosesə nə vaxt başlayacağı hələlik məlum deyil" — vəkil deyib.
Qeyd edək ki, bloqçu Aleksandr Lapşin İsrailə ekstradisiya olunmaq üçün, bu ölkənin Azərbaycandakı səfirliyinə üç həftə əvvəl ərizə ilə müraciət etsə də, hələ ki, İsrail tərəfindən cavab almayıb.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Lapşinə ittiham olunduğu Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə bəraət verilib. Qeyd edilib ki, bu maddə ilə verilən ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməyib. Hökmdə qeyd edilir ki, Lapşinin Azərbaycan dövlətinin əleyhinə etdiyi çağırışları təxəyyülünün məhsuludur, dedikləri ehtimal xarakteri daşıyır. Məhkəmə Lapşini Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.