
Nyu-Meksiko universitetində atışma baş verib
25 İyul 18:00
ABŞ-da 87 konqresmen Tramp Administrasiyasını ermənilərin Qarabağa qayıtmasına dəstək verməyə çağırıb. Erməni lobbisinin “humanitar məsələ” kimi təqdim etdiyi bu çağırışın arxasında Vaşinqtondan Qarabağa qədər uzanan məkrli plan var. Bunu müraciətin mətni, xüsusilə “Dağlıq Qarabağ” ifadəsi açıq şəkildə göstərir.
Azərbaycan sərhədləri daxilində “Dağlıq Qarabağ” adlı inzibati ərazi yoxdur. Ermənilər də Qarabağdan könüllü şəkildə çıxıblar. Rəsmi Bakı ermənilərin qayıdışına qarşı deyil, lakin bu, Azərbaycan qanunvericiliyi çərçivəsində, Azərbaycan vətəndaşlığı altında mümkün ola bilər. Amerikalı konqresmenlərin “ermənilərin “Dağlıq Qarabağa” qaytarılması” çağırışı isə onilliklərdir Cənubi Qafqazı münaqişə ocağına çevirən erməni separatizminin körüklənməsinə hesablanıb.
Sual yaranır: Ermənistan rəhbərliyi Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı, Bakı və İrəvan arasında elə Tramp Administrasiyasının da dəstəyi ilə sülh sazişinin imzlanması istiqamətində mühüm danışıqların getdiyi vaxt 87 konqresmenin anti-sülh çağırışının hədəfləri nədir, onlar erməni separatizmini niyə aktuallaşdırırlar?
Burada zəncirvari şəkildə bir-birinə bağlı olan üç əsas hədəf görünür.
Birinci hədəf: Bakı-İrəvan xəttində sülh gündəliyini sıradan çıxarmaqdır;
Müraciət ABŞ Konqresində Ermənistanla dostluq qrupunun həmsədrləri Frenk Pallone, Qas Bilirakis, Bred Şerman və Devid Valadaonun rəhbərliyi ilə hər iki partiyadan olan konqresmenlər, yəni erməni lobbisinin üzvləri imzalayıb. Təcrübəyə əsasən, Kapitoli təpəsində yuvalanmış bu lobbinin indiyə qədər Qarabağ üzərindən həyata keçirdiyi kampaniyaların bir məqsədi olub: Azərbaycan torpaqlarında işğala əsaslanan status-kvonu qorumaq, erməniləri müdafiə etmək və Ermənistanın əlini gücləndirmək;
Hərçənd, mövcud vəziyyət – Azərbaycan-Ermənistan danışıqları, rəsmi İrəvanın Qarabağ iddiasından imtina etməsi fonunda erməni lobbisinin “ermənilərin qayıdışı” üzərinə köklənməsi sülh prosesini pozmağa hesablanıb. Bunun məhz Əbu-Dabi görüşündən sonra gündəmə gətirilməsi də təsadüfi deyil. Çünki Bakı və İrəvan Əbu-Dabidə ilk dəfə ikitərəfli format çərçivəsində geniştərkibli görüş keçirdi və sülh sazişinin bütün istiqamətlərini müzakirə etdi. Bu görüş tərəflərin sülh üçün siyasi iradə nümayişi idi. Və situasiya göstərir ki, tərəflər heç olmadığı qədər sülhə yaxındırlar. Erməni lobbisi məhz sülh gündəliyini arxa plana keçirməyə, erməni separatizmi üzərindən münaqişəni alovlandırmağa və yeni müharibəyə nail olmağa çalışır. Birinci Qarabağ müharibəsi zamanı eyni şəbəkənin Azərbaycana qarşı “907-ci düzəlişi” qəbul etdirməsi, erməni separatizmini dəstəkləməsi də müharibəni alovlandırmaq məqsədi daşıyırdı. Analoji cəhdlər indi də edilir.
İkinci hədəf: erməni diasporu/lobbisinin “sağ çıxmaq” cəhdləridir;
Qarabağ münaqişəsi erməni diasporunun ideoloji dayaqlarından və ermənilər üzərində nəzarət imkanı yaradan qondarma “böyük Ermənistan” planının istinad nöqtələrindən olub. Erməni diasporu bu prosesi praktiki olaraq, bir neçə istiqamətdə davam etdirirdi:
- Ermənistanı siyasi və maliyyə dəstəyi ilə Azərbaycana qarşı işğalçı siyasətə sürükləyir;
- Ermənistana dəstək adı ilə erməni biznesmenlərdən böyük ianələr toplayır;
- Siyasətçiləri – konqresmenləri, senatları ələ alır, ABŞ başda olmaqla müxtəlif ölkələrin siyasi elitasına təsir edir;
Qarabağın işğaldan azad edilməsi və Ermənistan rəhbərliyinin Azərbaycanla sülh danışıqlarına razı olması, sülh üçün müəyyən məsafənin qət edilməsi erməni diasporunun ideoloji və praktiki mövcudluğunu sual altına salır. Çünki sülh əldə edildikdən sonra erməni diasporuna ehtiyac azalacaq və dünyadakı ermənilər üzərində nəzarət zəifləyəcək. Bu halda indiyə qədər erməni diasporunun bəslədiyi lobbi üzvləri də “gəlir mənbəyindən” məhrum olacaqlar. Bəllidir ki, “ermənilərin Qarabağa qayıdışı” çağırışı diaspor və lobbinin sülh gündəliyini sıradan çıxarmaq və “sağ qalmaq” cəhdidir.
Üçüncü hədəf: Trampa qarşı “etimad sui-qəsdi”nin edilməsidir;
Erməni diasporu/lobbisi Donald Trampın ABŞ-a rəhbərlik etməsinə əvvəldən qarşı olub. Hələ birinci hakimiyyəti (2016-2020) dövründə lobbi qruplarına qarşı çıxan Trampın İkinci Qarabağ müharibəsi zamanı neytral mövqe sərgiləməsini hələ də bağışlaya bilmirlər. ABŞ-da 2020-ci il prezident seçkiləri zamanı erməni diasporu/lobbisinin demokratları dəstəkləməsi də bundan qaynaqlanırdı. 2024-cü il seçkilərində yenə demokratları sona qədər dəstəklədilər. Trampın seçilməsi erməni şəbəkəsinin kabusuna çevrilib.
1. Tramp demorkatlardan fərqli olaraq, Cənubi Qafqaz siyasətini Ermənistan vektorlu qurmur, neytral mövqe sərgiləyir və əsasən sülh gündəliyini dəstəkləyir: bu, erməni diasporunun mövcudluğunu sual altına salacaq sülhün gəlməsi perspektivini gücləndirir;
2. Tramp “Vaşinqton bataqlığı”nı qurutmaq siyasəti izləyir: bu, erməni diasporundan maliyyə alan və ABŞ-ın milli maraqlarını şəxsi maraqlarına qurban verən lobbiçilərin sonu deməkdir;
Prezident İlham Əliyev də III Şuşa Qlobal Media Forumunda bu məsələyə toxundu. Trampın müharibələrə başlamamış yeganə ABŞ Prezidenti olduğunu deyən Azərbaycan lideri qeyd etdi ki, onun hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür.
“Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun”, - Prezident vurğuladı.
Erməni lobbisini narahat edən əsas səbəblərdən biri Trampın “Vaşinqton bataqlığı”nı qurutması, nəticədə erməni şəbəkəsinin ifşa edilməsidir. Artıq erməni lobbisinin əsas “lider”lərindən olan Bob Menendez qeyri-şəffaf fəaliyyətinə görə artıq həbs edilib. Tramp digər ermənipərəst senator Adam Şiffin saxtakarlığa görə həbs edilməsi çağırışları edib. Bu o deməkdir ki, Şiffin yeni ünvanı Menendezin yanı olub. Və növbə erməni lobbisinin digər üzvlərinə - anti-Azərbaycan mövqeyi ilə məşhur olan, COP29 zamanı Bakıdan qaçan Frenk Palloneyə və digərlərinə də çatacaq.
“Ermənilərin Qarabağa qayıdışı” məsələsinin aktuallaşdırılması Trampa qarşı “etimad sui-qəsdi”dir. Bununla:
- Trampın sülh planlarını sabotaj edirlər;
- ABŞ prezidentinə olan etimadı sarsıtmağı planlaşdırırlar;
- Ümumilikdə Vaşinqtonun Cənubi Qafqazdakı, respublikaçıların isə ABŞ-dakı mövqelərini zəiflətməyə çalışırlar;
Və bütün bunların fonunda “Vaşinqton bataqlığı”nı qurutmaq istəyən Trampın önünü kəsə biləcəklərini hesablayırlar. Bu baxımdan, 87 konqresmenin Tramp Administrasiyasına müraciəti Kapitoli təpəsindən Qarabağa qədər uzanan təxribat planıdır.
Asif Nərimanlı