

Türkiyənin İstanbul şəhəri dünyanın diqqətini öz üzərinə cəmləməkdə davam edir. İndiyə qədər 3 dəfə Rusiya ilə Ukrayna arasındakı danışıqlara ev sahibliyi edən İstanbul 4-cü dəfə də buna əsas namizəddir.
Belə ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya-Ukrayna danışıqlarında növbəti görüşün Türkiyə şəhərində baş tuta biləcəyini istisna etməyib. O, “Biz ilk tura ev sahibliyi edən ölkəni seçmək istəyə bilərik. Növbəti görüşlər İstanbulda ola bilər" deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ukrayna ilə danışıqların İstanbulda keçirilməsini məqsədəuyğun hesab etdiklərini bəyan edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında nə zamansa görüş baş tutarsa, məkan kimi yenə də əsas adı hallanan şəhərlər sırasında İstanbul ilk sıralardadır. Bunu Ukrayna rəhbərinin son açıqlamasında da görmək mümkündür. Zelenski istər prezidentlər, istərsə də, savaş tərəflərinin nümayəndə heyətləri səviyyəsində görüş yeri kimi Türkiyə, İsveçrə və ya Vatikan kimi ölkələrin adını çəkib.
Bu arada xarici işlər naziri Hakan Fidan avqustun 3-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdükdən sonra Türkiyənin ev sahibliyi etməyə hazır olduğuna işarə edib.
Nazir Fidan, "Lavrovla görüşümüz müsbət keçdi. İkitərəfli əlaqələri və regional məsələləri ətraflı müzakirə etdik. Görüşümüzdə Rusiya-Ukrayna müharibəsi mühüm rol oynadı. Danışıqlara ev sahibliyi etmək öhdəliyimizi davam etdirdiyimizi bildirdik. Ev sahibliyi etmək sülhün borcudur" deyib.
Bu arada onu da bildirək ki, dünya mediasında Trampla Putin arasında görüş reallaşarsa, hər iki tərəfin seçim üzərində İstanbulun üzərində dayanacaqları barədə xəbərlər də dolaşır. Bir sözlə sülh platformasında bütün tərəflərin Türkiyəyə ən sadiq, etibarlı ölkə kimi yanaşdıqları qeyd olunur. Hətta Cümhurbaşqanı Ərdoğan Putin, Tramp və Zelenskini ölkəsinə gətirib Rusiya-Ukrayna savaşını bitirmək üçün son danışıqları apara biləcək yönündə əsas lider kimi göstərilir. Burada da yeganə səbəb kimi, Trampla Putindən başqa Zelenskinin də Türkiyəyə isti yanaşması önə çəkilir.
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov “Yeni Müsavat”a açıqlamasında qardaş ölkənin sülh təşəbbüsünün bütün dünyada rəğbət doğurduğunu bildirdi:
“İstanbul dünyanın siyasi və diplomatik mərkəzinə çevrilib. Bu həm də Türkiyəyə etimadın və güvənin olması ilə yanaşı, həm də önəmli beynəlxalq rolunun göstəricisidir. Ukrayna ilə Rusiya arasında görüş ünvanının İstanbul seçilməsi təsadüfi deyil. Türkiyə həm Rusiya, həm də Ukrayna üçün qəbul edilən ölkədir və bütün təzyiqlərə baxmayaraq neytrallığını qoruyub saxlayıb. İstanbulda həmçinin taxıl diplomatiyasının da uğurla həyata keçirən mərkəz kimi yadda qaldı. Ukrayna-Rusiya arasında danışıqların son 3 raundu İstanbulda baş tutdu. Doğrudur, həmin görüşlərdə ciddi uğurlar qazanılmasa da, humanitar sahədə müəyyən irəliləyişlərə nail olundu. Əsirlərin, yaralıların dəyişdirilməsində, eyni zamanda mülki obyektlərin, xüsusən də enerji sektoruna hücumların dayandırılması haqqında razılığa gəlindi. İlk görüşdə Trampın iştirak edəcəyi barədə prezidentin özü açıqlama versə də, Putinin iştirak etməməsi səbəbindən bu baş vermədi. Məsələni mürəkkəbləşdirən səbəb ondan ibarətdir ki, Moskva kompromislərə hazır deyil və irəli sürdüyü ağır şərtlərin yumşaldılması barədə hər hansı bir işarə də yoxdur. Etimad mühiti yaratmaq üçün müvəqqəti atəşkəsə də razılıq vermir. Əksinə son dövrlər Rusiyanın hərbi əməliyyatlarının genişləndirilməsi və Ukraynanın Kiyev də daxil olmaqla bombarduman edilməsi, dron və raket hücumlarına məruz qoyması danışıqlar üçün ciddi baryer yaradır. Belə vəziyyətdə çətin ki, liderlər masa ətrafında otura bilsinlər. Məncə Putin -Zelenski, yaxud Putin-Zelenski-Tramp görüşü yaxın perspektivdə mümkün görünmür. Tərəflər arasında ziddiyyətlər və fikir ayrılıqları getdikcə dərinləşir. Artıq Rusiya-NATO toqquşması riskləri yaranmaqdadır. Trampın göstərişi ilə iki atom sualtı gəmisi Avropaya göndərilib. Yəni ritorika da sərtləşir. Nüvə təhdidləri artır. Məntiqi olaraq belə kulminasiyada tərəflər qarşılıqlı güzəştləri və diplomatiyanı işə salmalıdır. Türkiyə də cəhd edir ki, böhran daha da toqquşma həddinə çatmasın. Təəssüf ki Kremlin addımlarında biz bunu görmədiyimizdən İstanbulda Ukrayna- Rusiya görüşləri barədə nikbin proqnoz verə bilmirik. Ancaq istənilən halda diplomatik səylər dövriyədə olmasa müharibədən heç kim uduşla çıxmayacaq”.
Ədalət, Hüquq və Demokratiya partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Türkiyənin əsas məkan kimi seçilməsini heç də təsadüf saymır:
“Bu gün qardaş Türkiyə Putin-Tramp görüşü üçün bəlkə də yeganə ölkədir. Ən optimal məkan Türkiyədir. Çünki Türkiyə həm Rusiya, həm də Amerika ilə balanslaşdırılmış siyasət yürüdür. Hansısa tərəf kimi çıxış etmir. Beynəlxalq hüququ əsas tutur. Rusiya-Ukrayna müharibəsi başlanan gündən sayın Ərdoğan obyektiv olaraq beynəlxalq hüququn pozulduğunu və müharibənin dərhal dayandırılmasını, Rusiya ilə Ukrayna arasında vasitəçiliyi öz üzərinə götürdüyünü bəyan etdi. Bütün bunların nəticəsidir ki, bu günə qədər bir neçə dəfə Rusiya-Ukrayna nümayəndələri məhz Türkiyədə görüşüblər. Zelenskinin özü də Türkiyəyə səfər edib və Putini Türkiyədə gözləyəcəyini bəyan edib. İsranbul hər iki tərəf üçün ən etibarlı şəhərdir. Onsuz da bütün müharibələrin sonu sülhlə bitir. Gec-tez Rusiya-Ukrayna müharibəsi də bitəcək. Masa üzərində müzakirələr aparılacaq. Ümid edək ki, Rusiya və Ukrayna rəhbərliyi tezliklə müharibənin bitməsinə razılıq versinlər. Çünki, hər gün hər iki tərəfdən yüzlərlə əsgər dünyasını dəyişir, günahsız mülki şəxslər, körpələr, qadınlar, yaşlılar dünyasını dəyişir. Trampla Putinin razılığa gəlməsi məsələsinə gəldikdə isə, onu qeyd edə bilərəm ki, Putin əmin olsa ki, ABŞ-da Trampa impiçment elan oluna bilər, onun mövqelərinin gücləndirilməsi üçün güzəştə gedər. Çünki Putin əsas məqsədinə çoxdan nail olub, Krıma quru yol təmin edilib. Putin Trampdan istifadə edərək, Rusiya iqtisadiyyatının gücləndirilməsinə, Trampın Nobel Sülh Mükafatı almasına və Rusiyaya tətbiq olunmuş sanksiyaların aradan qaldırılmasına nail ola və bundan sonra atəşkəsə razı ola bilər. Putin sadəcə sülhü baha satmaq istəyir. Sual yarana bilər ki, Tramp Putinin istədiyini ona verə bilməsə müharibə davam edə bilər?
Rusiyada başa düşürlər ki, hətta Trampın qurban verilməsi qarşılığında belə Ukraynanı tam şəkildə məğlub etmək indiki mərhələdə alınmayacaq. Ona görə də Rusiyanın atəşkəsə gedəcəyi ehtimalı böyükdür. Müdrik qərar bu olardı”.