“30 ilə yaxındır ki, Ermənistanı İran saxlayır” Siyasət

“30 ilə yaxındır ki, Ermənistanı İran saxlayır”

Mübariz Əhmədoğlu: "ABŞ-ın Ermənistana göndərdiyi pullar siyasi elitanın cibinə gedir"

"Hesab edirəm ki, hazırda ABŞ üçün riskli vəziyyət yaranıb".
Bunu politoloq Mübariz Əhmədoğlu dünən keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ABŞ-ın siyasi elitası prezidentlərini cəzalandırır və onların cəza aləti Rusiyadır. Politoloq əlavə edib ki, ABŞ-ın elə bir imici var ki, onun ərazisinə heç kim bir güllə də ata bilməz: "Lakin Şimali Koreya rəsmiləri ABŞ-ın təsir zonasına daxil olan Guam adasına zərbə endirəcəyini bildirir. Lakin ABŞ-ın yeritdiyi siyasət Şimali Koreyaya qarşı koalisiya yaradılmasına imkan vermir. Yəni bu siyasət Çin və Rusiyanın kənarda qalmasına səbəb olur". Politoloq həmçinin Rusiya-ABŞ gərginliyi fonunda regionda yaranan vəziyyəti də şərh edib. O qeyd edib ki, Rusiya Ermənistana təzyiq edir ki, qoşunlarını Suriyaya göndərsin. Bu isə Suriyada Ermənistan qoşunlarının İran qoşunları ilə üz-üzə dayanmasıdır: "30 ilə yaxındır ki, Ermənistanı İran saxlayır. ABŞ-ın Ermənistana göndərdiyi pullar siyasi elitanın cibinə gedir. Həmçinin Avropa İttifaqından gələn pullar da şəxsi ciblərə gedir. Lakin İrandan gələn pullar ölkə üçün sərf olunur".
Myanmar hadisələrinə münasibət bildirən M.Əhmədoğlu problemə fərqli yanaşıb: "Bu hadisə dinimiz adından dəllallıq edənlərin əməllərini üzə çıxardı. Bizim ən böyük səhvimiz Əfqanıstanda budda abidəsinin dağıdılmasına reaksiya verməməyimiz oldu".
Politoloq təklif edib ki, Əfqanıstana müsəlman dövlətlərindən desant dəstəsi göndərilsin və buddistlər görsün ki, müsəlmanlar Taliblərə qarşı vuruşur: "Əgər bu addım atılmasa Myanmardakı müsəlmanların vəziyyəti daha da gərginləşəcək. Buna görə də buddistlər müsəlmanların budda məbədini dağıdan terrorçulara qarşı nifrətini görməlidir". Politoloq qeyd edib ki, Azərbaycanda bu işdə fəal rol oynaya bilər.
Mübariz Əhmədoğlu həmçinin əlavə edib ki, xarici mediada Azərbaycanın siyasi elitası haqqında dərc edilən yazıların məqsədi AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırmaqdır: "Çirkli pullar" haqqında yazılan bu yazılar bizim Rusiya məkanında məğlub etdiyimiz ermənilərin Qərb məkanındakı mətbuatda çıxışlarıdır". O qeyd edib ki, biz MDB məkanından erməniləri qovub çıxarmışıq: "Əvvəllər Azərbaycan əleyhinə kampaniya başlayanda 10 mətbu orqanı Azərbaycanın üzərinə düşürdü, lakin indi Azərbaycanın üzərinə düşən cəmi 2 xarici media orqanı düşüb".
Politoloq Rusiyadakı ermənipərəstlərin rolundan da danışıb. O əlavə edib ki, siyasi korrupsiyanın ən geniş yayıldığı ölkə Rusiyadır: "Lakin Rusiyanın "Ria – Novosti" Agentliyi Azərbaycandakı "korrupsiyadan" yazır və bu agentliyin rəhbərliyi onu təsdiqləyir".
M.Əhmədoğlu bildirib ki, Azərbaycanın siyasi elitası ilə bağlı yazılan yazıdakı rəqəmlər sadəcə gülüş doğurur.