Cənubi Koreyanın səfirindən ittiham Siyasət

Cənubi Koreyanın səfirindən ittiham

"Şimali Koreyanın məsuliyyətsiz nüvə sınaqları bəşəriyyətin məhvinə gətirib çıxara bilər"

"Koreya Xalq Demokratik Respublikasının sentyabrın 3-də Şimali Hamqyunq əyalətində ballistik raketlərin sınağından sonra həyata keçirdiyi və əvvəlki nüvə sınaqlarına nisbətən daha böyük partlayışla nəticələnən nüvə sınağı yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq-aşkar pozulması deyil, həm də Koreya yarımadası və ətraf ərazilərdə sülh və təhlükəsizliyə ciddi təhdiddir".
Bunu Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyu deyib.
Səfir bildirib ki, dünya ictimaiyyəti kimi, Cənubi Koreya hökuməti də bu nüvə sınağını şiddətlə qınayır: "Cənubi Koreyanın və beynəlxalq ictimaiyyətin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Koreya Xalq Demokratik Respublikasının tədbirsiz və məsuliyyətsiz şəkildə həyata keçirdiyi nüvə sınağı beynəlxalq ictimaiyyətin nüvə silahlarının yayılmaması rejiminə ciddi təhdiddir. Belə ki, bu, ümumilikdə bəşəriyyətin məhvinə gətirib çıxara bilər. Məhz bu səbəbdən bütün beynəlxalq ictimaiyyət Şimali Koreyanı nüvə silahlarının məhv edilməsinə və Koreya yarımadasında sabit sülhün yaradılmasına sövq etmək üçün səylərini birləşdirməlidir".
Səfirin sözlərinə görə, Şimali Koreyanın artan nüvə potensialı Koreya yarımadasında və ətraf ərazilərdə sülh və sabitliyə hər zaman ciddi təhlükə yaradır.
Diplomat qeyd edib ki, Cənubi Koreya ABŞ-la sıx əməkdaşlıq çərçivəsində KXDR-nın yaratdığı təhlükəyə cavab verə biləcək yüksək səviyyəli hazırlığını qoruyub saxlayır.
"Cənubi Koreya hökuməti xalqın həyatını və təhlükəsizliyini qorumaq prinsipinə daim sadiq olacaq", - deyə səfir vurğulayıb.