Beynəlxalq ekspert: Belçikada afrikalıların aşağılanması hələ də davam edir Siyasət

Beynəlxalq ekspert: Belçikada afrikalıların aşağılanması hələ də davam edir

Belçikada indiyə qədər afrikalıların zəif, arıq və vəhşi olduqları barədə şeirlər oxunur.

APA xəbər verir ki, bunu braziliyalı ekspert Luiz Filip Patrik Dö Jonq Filho “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfransdakı çıxışında deyib.

Ekspert Belçikada hələ də afrikalıların aşağılanması prosesinin mədəni, mətbuat və mədəniyyət sahələrində davam etdiyini bildirib.

O, bu məsələnin tarixi kökü barədə məlumat verib.

“Belçika Kralı II Leopoldun rejiminin açıq-aşkar qəddarlığı sonradan bürokratik nəzarət və mənəvi himayəçiliyə çevrildi. Lakin zorakılıq davam edirdi. Müstəmləkə administrasiyası Konqonu guya müasirləşdirmək məqsədilə İqtisadi və Sosial İnkişaf üçün Onillik Plan kimi sistemlər tətbiq etdi.

Lakin əslində, bu plan belçikalı məmurları saxta şəkildə səlahiyyətləndirir, yerli əhalini isə qərar qəbulundan tamamilə kənarda saxlayırdı. Təhsil və din nəzarətin güclü alətlərinə çevrildi. Missioner məktəbləri maarifləndirmək üçün deyil, itaətkarlıq tərbiyə etmək üçün fəaliyyət göstərirdi.

Uşaqlara itaət, əl əməyinin əhəmiyyəti və mənəviyyat öyrədilirdi. Kilsə müstəmləkəçiliyi ilahi bir missiya kimi təqdim edir, müstəmləkəçilər isə afrikalıların azadlıqlarını dəyərsiz hesab edərək, bilik vasitəsilə hökmranlığı əsaslandırırdılar.

Bu imperiya tarlalarda olduğu qədər sinif otaqlarında da qurulmuşdu”, - braziliyalı ekspert qeyd edib.