Qüdrət Həsənquliyev: “Qanunvericiliyə ciddi dəyişikliklər etməliyik” Gündəm

Qüdrət Həsənquliyev: “Qanunvericiliyə ciddi dəyişikliklər etməliyik”

“Vüqar müəllim bir çox məsələlərə diqqəti yönəltdi və qeyd etdi ki, bəzi dəyişikliklərin edilməsi dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında Prezident Fərmanından irəli gəlir. Əlbəttə, şəffaflığın artırılması istiqamətində atılan bütün addımları təqdir edirəm və bu layihəyə də səs verəcəyəm. Biz doğrudan da dövlət maliyyəsindən səmərəli istifadənin təmin edilməsini, şəffaflığın yaradılmasını istəyiriksə, dövlət satınalmaları haqqında qanunda indiki kimi yox, daha ciddi və sanballı dəyişikliklər etməliyik”.
Xalqcebhesi.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib: “Hamımız bu cəmiyyətdə yaşayırıq və bilirik ki, bizim çox vicdanlı mərkəzi icra hakimiyyəti orqanlarının, dövlət orqanlarının rəhbərləri var və onlar doğrudan da dövlət satınalmaları zamanı məsələyə vicdanla yanaşırlar. Amma biz eyni zamanda mətbuatda onu da oxuyuruq ki, bir çox hallarda müvafiq dövlət müəssisələrinin, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə öncədən razılaşmadan nəinki tenderləri udmaq, hətta heç tenderlərə girmək mümkün deyil.
Tutaq ki, bir özəl şirkət hər hansı bir binanı tikir və o binanı tikmək üçün torpaq sahəsi alır, əlavə xərcləri var.
Bununla yanaşı onun hər kvadratmetri üçün çəkdiyi xərclər tutaq ki, dövlət satınalması ilə əgər hansısa xidmətlər alınıbsa, o görülən işlərdən bəzən 4 dəfə, bəzən daha artıq ucuz olur.
Yaxşı olar ki, biz Milli Məclisdə müvafiq komitənin iştirakı ilə dinləmə keçirək, bu məsələləri aydınlaşdıraq ki, bu, niyə belədir. Bəzən dövlət müəssisələri pərakəndə satış qiyməti bazarda hamı üçün aydın olan bir malı dəfələrlə baha qiymətə rəsmiləşdirirlər. Bunların qarşısı alınmalıdır və qanunvericilikdə bunun üçün mexanizmlər yaradılmalıdır.
Hesab edirəm ki, dövlət vəsaitlərinə qənaət üçün bəzən gedib elə yerdən yapışırlar, elə yerdən vəsaitə qənaət etmək istəyirlər ki, adam doğrudan da təəccüb edir ki, hamının gördüyü yerlərdə özü də böyük məbləğdə vəsaitlərin oğurlandığı göründüyü halda, niyə bunların qarşısının alınması istiqamətində ciddi addımlar atılmır? Bəzi hallarda da insanlar həqiqətən də tenderlərə qatıla bilirlər, udurlar və udduqdan sonra əgər razılaşma olmayıbsa - açıq söyləmək lazımdır, bunu hamı bilməlidir, yəqin ki, mərkəzi icra hakimiyyəti orqanları da bizi dinləyirlər - həmin şirkətin rəhbərliyinin başına min bir oyun açırlar, sən bu işi düzgün görməmisən, təkrar gör, yaxud da ki, keyfiyyətsiz görmüsən, ona görə də sənə filan qədər cərimə yazacağıq, vəsaitlər vaxtı-vaxtında ödənilmir və s. Ona görə bu qanunsuzluqların qarşısının alınması üçün zaman gəlib çatıb. Doğrudan da biz qanunvericiliyə ciddi dəyişikliklər etməliyik və bunun üzərində ciddi işləməliyik”.