Azərbaycan, Gürcüstan və Türkiyə yeni dəmir yolu vasitəsilə Ermənistanı necə təcrid etdi? Siyasət

Azərbaycan, Gürcüstan və Türkiyə yeni dəmir yolu vasitəsilə Ermənistanı necə təcrid etdi?

Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin reallaşması ABŞ mətbuatının da diqqətindən yan keçməyib.
"Forbes" yazır ki, uzun illər gözlədikdən, gecikmələrdən sonra Bakı-Tiflis-Qars dəmir yolu nəhayət, təntənəli şəkildə istismara verilib. Bu yolla ilk qatar bu həftənin bazar ertəsi Yeni Bakı Limanından yola düşüb. O, Azərbaycanla Gürcüstandan keçməklə, Türkiyənin şərqinə gedəcək. Açılış mərasimində Azərbaycan və Türkiyənin prezidentləri, Gürcüstan və Qazaxıstanın baş nazirləri iştirak ediblər. Onlar dəmir yoluna rəmzi olaraq son mıxları vurublar.

Bakı-Tiflis-Qars dəmir yolu haqda qısa məlumat

Bakı-Tiflis-Qars dəmir yolu Azərbaycandan, yəni Xəzər dənizinin sahilindən başlayır və Gürcüstanın paytaxtına qədər uzanır. Burada o, Türkiyənin Avropaya qədər uzanan dəmir yolu sisteminə birləşir.
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistandan Bakıya uzanan mövcud dəmir yolu bağlanıb. Nəticədə, 1993-cü ildə ilk dəfə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi gündəmə gəlib. 2007-ci ilə qədər bu layihə haqda qəti qərar qəbul edilməyib. Həmin il Azərbaycan, Türkiyən və Gürcüstan liderləri Tbilisidə görüşüb və layihənin həyata keçirilməsilə bağlı razılaşma imzalayıblar. Nəhayət, 10 il sonra 846 kilometrlik bu ticarət yolu işə düşüb və əvvəlcədən planlaşdırıldığı kimi, onunla ilk qatar yola salınıb.
Hazırda Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə il ərzində 1 milyon sərnişin və 5 milyon ton yük daşına bilər. Yaxın gələcəkdə paralel dəmir yolunun salınması ilə yükdaşıma potensialını 15 milyon tonadək artırmaq mümkündür.
Bu layihəyə maliyyəni bütünlükdə Azərbaycanla Türkiyə ayırıb. Çünki Dünya Bankı, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı layihənin maliyyələşdirilməsindən imtina edib. Onlar buna səbəb kimi Ermənistandan keçən köhnə dəmir yolu xəttinin yenidən qurulmasına üstünlük verdiklərini göstəriblər. Dəmir yolu xəttinin Gürcüstandan keçən hissəsinə Azərbaycan Dövlət Neft Fondu 112 milyon dollar (kredit dərəcəsi - 1%) və 323 milyon dollar (kredit dərəcəsi – 5%) kredit ayırıb.

Yeni İpək Yolu

Bakı-Tiflis-Qars dəmir yolu xəttinin keçdiyi Cənub Qafqaz regionu yeni yaranan böyük Avrasiya bazarının qəlbində yerləşir. Qeyd edək ki, dünya əhalisinin 65%-i Avrasiyada yaşayır. Bundan başqa, enerji resusrlarının 75%-i bu regiondadır. Bütün dünya üzrə ümum daxili məhsulun 40%-i Avrasiyada yerləşən ölkələrin payına düşür. Avrasiyanın şərqində Çin, qərbində Türkiyə ilə Avropa, şimalında Rusiya, Yaxın Şərqdə İran, cənubunda isə Hindistan yerləşir.
Qeyd edək ki, bu dəmir yolu xətti məşhur Yeni İpək Yolunun mərkəzində çatışmayan hissə idi. Çindən məhsullar Yeni İpək Yolu, yəni Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya daşınacaq.
Hazırda Yeni İpək Yolunun iki marşrutu fəaliyyət göstərir. Birincisi, şimal marşrutudur. Bu hissə ilə Çin məhsulları Rusiyadan keçərək Avropaya göndərilir. İkincisi isə, şərq-qərb marşrutudur. Bu yolla Çin məhsulları Qazaxıstandan keçərək Avropaya nəql olunacaq. Birinci yoldan fərqli olaraq, daha cənubda yerləşən ikinci marşrut yeni yaranan Trans-Avrasiya iqtisadi dəhlizinin bütöv şəbəkəyə çevrilməsi üçün vacib elementdir.
"Bakı-Tilfis-Qars dəmir yolu xətti işə düşdükdən sonra Türkiyə, Gürcüstan və Azərbaycan bu səmərəli tranzit marşrutdan fayda götürəcək, digər ölkələr isə daha qısa və təhlükəsiz yoldan faydalana biləcək", - deyə Bakı-Tiflis-Qars dəmir yolu xətti haqda iki kitab müəllifi olan azərbaycanlı tədqiqatçı Mahir Hümbətov bildirib.
Onun sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolu xətti vasitəsilə Cənubi Koreya, Çin və Hindistan məhsulları ən uzağı 15 gün ərzində Avropaya çatdırılacaq.
M.Hümbətov hesab edir ki, bu dəmir yolu xətti regional istehsalçıların öz məhsullarını Avropa, İran, Rusiya və Mərkəzi Asiyaya göndərməsi üçün ən səmərəli yoldur: "Bu, Bakı-Tiflis-Qars dəmir yolunun ticarət yollarının kəsişdiyi nöqtəyə çevrilməsinə yardım göstərəcək. Bu dəmir yolu xəttinin coğrafi mövqeyi onun ticarət yollarının kəsişdiyi mərkəzə çevrilməsi üçün böyük potensial yaradır".
Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Rusiyadan, o cümlədən Moskvanın Avropada istehsal olunan bir çox məhsulların idxalına və tranzitinə tətbiq etdiyi sanksiyalarından yan keçməsi bu layihəni xüsusilə cəlbedici edir.
"Bu yol Rusiyadan yan keçən marşrutun yaradılması üçün çəkilib", - deyə hazırda Aktau Limanında "DP World" şirkətində işləyən Martin Voetman əvvəlki müsahibəsində mənə bildirmişdi.
Rusiyanın sanksiyaları Yeni İpək Yolunda həmişə böyük mane olub. Xatırladaq ki, 2014-cü ildə Ukraynadakı münaqişəyə görə ABŞ ilə Avropa İttifaqı (Aİ) Rusiyaya sanksiyalar tətbiq edib. Bundan sonra Moskva Avropada istehsal olunan bir çox kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsinə və tranzitinə qadağa qoyub.
Rusiyanın sanksiya qoyduğu bir çox məhsulları avropalı istehsalçılar dəmir yolu vasitəsilə Çinə göndərməyə meyl edirdilər. Lakin Rusiyanın qadaları onlarda yeni nəqliyyat dəhlizinə ehtiyac yaratmışdı.
Beləliklə, Yeni İpək Yolunun Türkiyə-Qafqaz-Qazaxıstandan keçən dəhlizi bu böyük iqtisadi marşrutun tam gücü ilə fəaliyyət göstərməsinə yardım edə bilər. Çində istehsal edilən elektrik məhsulları Rusiyadan keçən şimal dəhlizi vasitəsilə Avropaya göndərilə, Avropa istehsalı olan kənd təsərrüfatı məhsulları isə Bakı-Tiflis-Qars dəmir yolu xəttinin keçdiyi cənub dəhlizi vasitəsilə Çinə nəql edilə bilər.
Amma Rusiya Avropa istehsalı olan kənd təsərrüfatı məhsullarının tranzitinə tətbiq etdiyi sanksiyaları aradan qaldırsa belə, bu, cənub dəhlizinin əhəmiyyətini azaltmayacaq. Çünki marşrutların şaxələndirilməsi Yeni İpək Yolunu universal edir və gücləndirir.
Bakı-Tiflis-Qars dəmir yolu xətti prinsipcə iqtisadi təşəbbüs olsa da, onun keçdiyi xəritəyə baxdıqda, layihədə siyasi aspektlər də görmək mümkündür. Açıq və aydındır ki, yeni dəmir yolu 1980-ci illərdən Azərbaycanla ərazi düşmənçiliyi olan Ermənistandan məqsədli olaraq yan keçir. M.Hümbətov hesab edir ki, Bakı-Tiflis-Qars dəmir yolu xətti Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlamasını sona çatdırmaq üçün bu ölkəyə qarşı təzyiq vasitəsi kimi istifadə edilə bilər. O əlavə edib ki, bu dəmir yolu Gürcüstana əhalisinin əksəriyyəti etnik erməni olan Cavaxetiya bölgəsini tamamilə nəzarətdə saxlamaq imkanı da verəcək.
Azərbaycan, Gürcüstan və Türkiyə bir çox birgə təşəbbüslər həyata keçirir. Buraya neft və qaz kəmərlərinin çəkilişi, enerji, müdafiə, təhsil sahəsində sıx əməkdaşlıq daxildir. Bu təşəbbüslərlə bərabər Bakı-Tiflis-Qars dəmir yolu xətti Qafqaz regionunda əməkdaşlıq üçün yeni imkanların yaranmasına xidmət göstərir. Bununla bərabər, Ermənistan sürətlə Avrasiyanın kəsişdiyi məkana çevrilən bu regiondan daha da təcrid olunur.