“Strateji maraqlarımıza cavab verən planlar cızılıb” Siyasət

“Strateji maraqlarımıza cavab verən planlar cızılıb”

Fikrət Sadıqov: "Azərbaycanın güclü oyunçuya çevrilməsi Türkiyənin də maraqlarına uyğundur"

"Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında həm hərbi texniki, həm siyasi, həm strateji maraqlarımıza cavab verən planlar cızılıb". Bunu politoloq Fikrət Sadıqov deyib. Türkiyənin ölkəmizin uzun illər davam edən və əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün əlindən gələni etdiyini deyən politoloq söyləyib ki, qardaş ölkə Ermənistanla diplomatik əlaqələrə malik olmamaqla yanaşı, sərhədlərini də bağlayıb: "Ümumiyyətlə, Türkiyə hər zaman, ən mürəkkəb anlarda Azərbaycanın yanında olub. Biz bunu hər zaman yüksək qiymətləndirmişik". F.Sadıqov qeyd edib ki, Azərbaycanın regionda güclü dövlətə çevrilməsi Türkiyənin də maraqlarına cavab verir: "Artıq ölkəmiz regionda aparıcı dövlətə çevrilib. Azərbaycanın güclü oyunçuya çevrilməsi Türkiyənin də maraqlarına uyğundur. Bu yaxınlarda Bakı-Tbilisi-Qars layihəsinin reallaşması buna əyani sübutdur. Bu layihə Azərbaycan, Gürcüstan, Türkiyə ilə yanaşı, Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsi deməkdir. Mən əminəm ki, iki ölkə arasında əlaqələr bundan sonra daha da möhkəmlənəcək. Azərbaycan və Türkiyə bütün sahələrdə vahid mövqedən çıxış edəcək".
Politoloq əlavə edib ki, iki ölkə arasında möhkəm alyansın yaranması Azərbaycan və Türkiyənin güclənməsini istəməyən qüvvələr tərəfindən edilən təzyiqlərin alınmasına da köməklik edə bilər: "Beynəlxalq münasibətlər sistemində, xüsusilə də beynəlxalq tribunalarda bir-birimizə dəstəkləyərək, mühüm layihələr həyata keçirərək əməkdaşlığımızı daha da güclü faktora çevirə bilərik".