Brüsseldə beynəlxalq forum keçirilib Siyasət

Brüsseldə beynəlxalq forum keçirilib

Aİ-nin Qarabağ və Kataloniya problemlərinə fərqli yanaşmaması istənilib

Brüsseldə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forumun ikinci panel iclası "Avropada separatizm: səbəblər, nəticələr. Avropanın iqtisadi və siyasi gələcəyinə yaranan təhlükələr" mövzusuna həsr olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, İsrail səfiri, İsrail Knessetinin 17-ci çağırış deputatı, "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsisçisi və prezidenti İosif Şaqalın moderatorluğu ilə keçirilən panel iclasda çıxış edən Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri, Belçika və Lüksemburqdakı səfiri Fuad İsgəndərov Azərbaycan və Avropa İttifaqı münasibətlərindən bəhs edib.
Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer isə deyib ki, bütün separatçılıq ocaqları qeyri-legitim zor tətbiqinə və mərkəzdənqaçma qüvvələrinin birtərəfli olmasına söykənir: "Paradoks bundan ibarətdir ki, Kataloniya silahsız, dinc separatizmin yeganə nümunəsidir, amma Avropa İttifaqı nədənsə yalnız onu böyük səylə rədd edib. Çünki Kataloniya artıq Avropa İttifaqının özüdür, onun evinin içidir. Azərbaycan Avropa üçün əhəmiyyətlidir, Avropa öz tərəfdaşını başa düşməli və İspaniya kimi onu da dəstəkləməlidir. Münaqişənin həllinin özəyini qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması təşkil edir".
Bolqarıstan parlamentinin deputatı, Bolqarıstan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun rəhbəri Stanislav Anastasov Aİ-nin vəzifəsinin təkcə parçalanmanın və sonu olmayan separatizmin qarşısını almaq deyil, həm də xalqları birləşdirmək olduğunu söyləyib: "Azərbaycanın işğal edilmiş ərazilərinə icazəsiz getmiş bolqarıstanlı siyasətçi Semyonov millətçi partiyanın üzvüdür və bu da təəccüblü deyil".
Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsindən, ATƏT-in Minsk qrupunun passiv mövqedə durmasından təəssüfləndiyini bildirib.
Siyasi şərhçi Azər Həsrət erməni separatizminin bütövlükdə region üçün problem olduğunu vurğulayıb: "Çünki ermənilər sadəcə Azərbaycana yox, Türkiyəyə, Gürcüstana, hətta Rusiyaya qarşı bölücülük təşəbbüsü ilə çıxış edir, torpaq iddiası irəli sürürlər".
Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Oleq Medunitsya, Avropa Parlamentinin deputatı Ramon Manesku, Lüksemburq parlamentinin sabiq deputatı, Lüksemburqun Hüquqşünaslar Mərkəzinin rəhbəri Jak Ayves Henks, Rumıniyanın Münaqişələrin Qarşısının Alınması və Erkən Xəbərdarlıq Mərkəzinin rəhbəri Yulian Çifu, İsrailin Netanya Akademik Kollecinin Strateji Dialoq Mərkəzinin rəhbəri, istefada olan briqada generalı, keçmiş nəqliyyat və səhiyyə naziri Efraim Sneh, Yunanıstan parlamentinin sabiq deputatı, keçmiş daxili işlər naziri və turizm naziri Yoannis Kefalogiannis, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, Monteneqronun fəxri baş konsulu, Avrasiya İqtisadi Sammitinin təsisçisi Akkan Suver panel iclasında çıxış ediblər. Çıxış edənlər separatizmin ölkələr və xalqlar arasında münaqişə yaratdığını bildirib, problemlərdən çıxış yolları haqqında tezislərini səsləndiriblər. Forum çərçivəsində erməni separatizmindən bəhs edən film təqdim olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarında Ermənistanın nümayiş etdirdiyi destruktiv mövqedən danışıb. Ukraynalı deputat Oleq Medunitsiya separatizmi bir çox hallarda "saxta təzahür" kimi qiymətləndirib, imperiya statusunu saxlamaq istəyən ölkələrin bundan istifadə etdiyini diqqətə çatdırıb. İsrailin Netanya Akademik Kollecinin Strateji Dialoq Mərkəzinin rəhbəri, keçmiş nəqliyyat və səhiyyə naziri Efraim Sneh Azərbaycanın ərazi bütövlüyünün müqəddəs olduğunu vurğulayıb: "Dövlətlərin ərazi bütövlüyünün pozulmasına göstərilən münasibət Azərbaycana gəldikdə dəyişir. Onlar bunu xalqların öz müqəddəratını təyinetmə hüququ adlandırırlar. Məgər hərbi təcavüzlə öz müqəddəratını təyinetmə mümkündürmü? Ermənistana isti münasibət təkcə ikili standart yox, həm də riyakarlıqdır. Bu durum bəzilərinə sərf edir və onlar münaqişənin həllini bilərəkdən uzadırlar. Qarabağ problemi ədalətli həll olunmalıdır ki, növbəti münaqişələrin qarşısı alınsın".
Fasilədən sonra Akkan Suverin moderatorluğu ilə "Dağlıq Qarabağ münaqişəsi və müasir dövrdə Avropadakı separatizm hərəkatının müqayisəli təhlili" mövzusunda üçüncü panel iclası keçirilib. Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı onun üçün həm də şəxsi faciədir, çünki özü bu regiondandır, Dağlıq Qarabağ regionunda Azərbaycan icmasını təmsil edir: "Zamanında beynəlxalq birlik Dağlıq Qarabağın işğalına barmaqarası baxmasaydı, bu gün ola bilsin ki, nə Ukraynanın şərqində müharibə, nə də Kataloniya separatizmi olardı".
Alman-Azərbaycan Forumunun həmsədri, sabiq deputat Helqa Daub Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğal olunduğunu qeyd edib: "Bu, işğalın klassik formasıdır və burada "xalqların öz müqəddəratını təyin etməsi"ndən danışmaq yersizdir. Xocalısoyqırımı barədə Almaniyada az bilirlər. Lakin bu yaxınlarda Bundestaqda Ermənistanın hərbi cinayətini xatırladan sənəd qəbul edilib. Mən Azərbaycan xalqına bütün Dağlıq Qarabağ ərazisində və ona bitişik 7 ətraf rayonda öz Konstitusiyasını tezliklə bərpa etməsini arzulayıram".
Moldovanın sabiq ombudsmanı Aureliya Qriqoriu isə qeyd edib ki, Dağlıq Qarabağa münasibətdə "münaqişə" termini işlədilməməlidir. O bildirib ki, bu, işğal və təcavüz nəticəsində etnik təmizləmədir. Eyni zamanda Qriqoriu Ermənistanın indiki rəhbərlərinin Xocalıda azərbaycanlılara qarşı soyqırımında iştirak etdiklərini xatırladıb. Jurnalist Maksim Şevçenko isə vurğulayıb ki, azərbaycanlılar Qarabağa qayıtmadan münaqişəni həll etmək mümkün olmayacaq.
Tarix elmləri doktoru, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya separatizmi ermənilərin xisləti adlandırıb. Kişineu Effektiv Siyasət İnstitutunun direktor müavini Ruslan Şevçenko Qarabağla Dnestryanı arasında müqayisə aparıb. Onun sözlərinə görə, vaxtilə hər iki regionda immiqrantlar yerləşdirilib: "Sonra onlar özlərini bu yerlərin "sahibi" hiss ediblər və "öz müqəddəratını təyinetmə" barədə danışmağa başlayıblar".
Tarixçi, erməni terrorizmi barədə çoxsaylı elmi tədqiqatların müəllifi Oleq Kuznetsov Azərbaycana qarşı bir çox hallarda ədalətsizliyə yol verildiyini, 992-ci ildə "Azadlığa dəstək" Aktına qəbul edilən 907-ci düzəlişin buna bariz nümunə olduğunu xatırladıb. Bohum Universitetinin professoru Hans-Yoaxim Heintze deyib ki, öz müqəddəratını təyinetmə hüququ Dağlıq Qarabağ ermənilərinə aid edilə bilməz, çünki onlar millət və ya ayrıca etnos deyil: "Mən amerikalı siyasətçilərdən Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ barədə hansı hüquqi əsasda danışdıqlarını soruşduqda, onlar etiraf etdilər ki, erməni lobbisi və şantajının təsiri altındadırlar. Dağlıq Qarabağ erməniləri milli azlıqdır və beynəlxalq hüquqa görə onlara müstəqillik düşmür".
Digər almaniyalı professor, Qarabağ haqqında bir çox kitabın müəllifi Yohannes Rau ermənilərin artıq bir dəfə öz müqəddəratlarını təyinetmə hüququnu reallaşdırdıqlarını nəzərə çatdırıb: "Bu gün ABŞ-dakı ermənilərin sayı Dağlıq Qarabağdakı ermənilərin sayından çoxdur. Məntiqlə, onlar orada da dövlət yaratmalıdırlar. Ermənistan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisindən və digər bölgələrindən çıxmalı, ümumi amnistiya verilməli, əsirlər dəyişdirilməlidir. O zaman Azərbaycan Qarabağa muxtariyyət verə bilər".
İraq parlamentinin deputatı Arşed Raşad Fatallah, politoloq, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun əməkdaşı Aleksandr Karavayev və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini və təkliflərini bildiriblər. Ekspertlərin və politoloqların çıxışları auditoriyadan suallar və debatlarda fəal iştirakla müşayiət edilib.
Çıxışlar dinlənildikdən sonra erməni separatizmindən bəhs edən İsrailin "İland TV" telekanalının redaktoru David Kohnun müəllifi olduğu "Qarabağ tələsi" kitabı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Arye Qutun 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Xocalıda törədilmiş soyqırımı aktı ilə bağlı dəhşətli hadisələrdən bəhs edən "Ağrı" kitabı və tarixçi-medievist, qafqazşünas Oleq Kuznetsovun "XX əsrdə transmilli ermәni terrorunun tarixi" kitabının təqdimatı keçirilib.