“Rusiyada milli siyasətin əsas amilləri çox zəifdir” Siyasət

“Rusiyada milli siyasətin əsas amilləri çox zəifdir”

Fikrət Sadıqov: "Orada milli ayrı seçkiliyə yol verilsə, Rusiyanın özünə zərbə vurulacaq".

"Hesab edirəm ki, Rusiyada milli siyasətin əsas amilləri çox zəifdir. Rusiya özü çoxmillətli dövlətdir. Orada milli ayrı seçkiliyə yol verilsə, Rusiyanın özünə zərbə vurulacaq".
Bu fikirləri politoloq Fikrət Sadıqov bəzi talış əsilli şəxslərin Rusiyada anti-Azərbaycan fəaliyyətini şərh edərkən deyib.
O qeyd edib ki, Rusiyanı idarə edən rəsmilər bunu nəzərə almalıdır. Politoloqun fikrincə, görünən odur ki, bu məsələni nəzarətdən çıxardırlar: "Guya söz azadlığı, demokratiya imkan verir ki, Azərbaycana qarşı müxtəlif KİV-də fikirlər səsləndirilsin. Amma bu düzgün deyil. Hesab edirəm ki, bəzi dairələr milli siyasətin bir sıra nüanslarını dərk etmirlər".
Politoloq əlavə edib ki, Rusiyanın bütün KİV-lərində anti-Azərbaycan kampaniyasının aparıldığını demək olmaz, yəni bu hal kütləvi xarakter daşımır. Lakin ermənipərəst qüvvələr talışlarla birgə Azərbaycan əleyhinə fikirlər səsləndirir: "Hesab edirəm ki, bu həm iki ölkə arasındakı münasibətlərə, həm də Rusiyanın milli zəmində qurulmuş dövlət siyasətinə ziddir".