15:54
777
Azərbaycan Respublikası Milli Məclisinin üzvü İlham Məmmədov Lefke Avropa Dövlət Universitetinin dəstəyi ilə fəaliyyət göstərən Kıbrıs Azərbaycan Evini ziyarət edib. Səfər çərçivəsində o, mərkəzin qurucusu Ruslan Quliyev ilə görüş keçirib.
Görüş zamanı Kıbrıs Azərbaycan Evinin fəaliyyəti, əsas məqsədləri və gələcək inkişaf planları barədə ətraflı məlumat təqdim olunub. Müzakirələrdə Quzey Kıbrıs ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi, xüsusilə sağlamlıq turizminin inkişafı, beynəlxalq platformalarda birgə fəaliyyət imkanları, milli-mədəni dəyərlərin təbliği və gənclərin maarifləndirilməsi kimi məsələlər ön plana çıxıb. Eyni zamanda Türk dünyası daxilində ictimai əməkdaşlığın gücləndirilməsi mövzusu da diqqət mərkəzində olub.
Görüş çərçivəsində Lefke Avropa Universiteti ilə əməkdaşlıq imkanları da müzakirə edilib. Universitetin tibb, əczaçılıq və diş həkimliyi fakültələrinin fəaliyyəti, azərbaycanlı tələbələr üçün təhsil imkanları və mövcud təqaüd proqramları barədə fikir mübadiləsi aparılıb.
Millət vəkili İlham Məmmədov mərkəzin fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, bu kimi təşəbbüslər Quzey Kıbrıs–Azərbaycan əlaqələrinin inkişafına və Türk dünyası birliyinin möhkəmlənməsinə mühüm töhfə verir.
Səfərin sonunda İlham Məmmədov mərkəzin xatirə dəftərinə ürək sözlərini qeyd edib. Ruslan Quliyev isə göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirərək, Kıbrıs Azərbaycan Evinin gələcək layihələri və əməkdaşlıq istiqamətləri haqqında məlumat verib.
Qeyd edək ki, Kıbrıs Azərbaycan Evinin əsas məqsədi Quzey Kıbrıs və Azərbaycan arasında ictimai, mədəni, təhsil və humanitar əlaqələrin inkişafına dəstək vermək, Türk dünyasında həmrəyliyi və əməkdaşlığı gücləndirməkdir.




