FHN “Naxçıvan Palace” hotelində təlim keçirib Hadisə

FHN “Naxçıvan Palace” hotelində təlim keçirib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən “Naxçıvan Palace” hotelində “Kütləvi insan cəmləşən mehmanxana və hotellərdə fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hallar o cümlədən yanğın hadisəsi zamanı davranış və təxliyə qaydaları” mövzusunda təlim keçirilib.

FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti idarələrinin müvafiq canlı qüvvə və texnikalarının, “Naxçıvan Palace” hotelinin işçi heyəti, Naxçıvan şəhərində fəaliyyət göstərən hotel və mehmanxanaların nümayəndələrinin cəlb edildiyi təlimin keçirilməsində məqsəd hotelin işçi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması olub.

Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən hotel kollektivinə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər, hotellərdə baş verə bilən yanğınlar zamanı davranış qaydaları və təxliyə barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.

Sonra təlimin praktiki hissəsinə start verilib. Belə ki, şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, hotel personalı ilə birgə “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş verən mehmanxanada təxliyə planına uyğun olaraq, xilasedicilər tərəfindən zərərçəkmişlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət alan şəxslərə “ilkin yardım göstərilib”.

Təlim uğurla başa çatıb və qarşıya qoyulan məqsədlərə nail olunub.

Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil edilir.

FHN FHN FHN FHN FHN FHN FHN