16:23
721
“Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi” platformasında səsləndirdiyi fikirlər ilk növbədə regionda formalaşan yeni status-kvonun siyasi legitimləşdirilməsi cəhdi kimi oxunmalıdır. Burada diqqət çəkən əsas məqam odur ki, Bakı artıq post-münaqişə mərhələsini sadəcə təhlükəsizlik prizmasından deyil, siyasi tanınma və qəbul mərhələsi kimi təqdim edir. Ermənistanın 2028-ci ildə keçiriləcək zirvəyə ev sahibliyi təşəbbüsünü dəstəkləməsi kimi nüanslar bu kontekstdə simvolik deyil, daha çox qarşılıqlı tanınmanın ilkin elementləri kimi şərh oluna bilər. Bu isə o deməkdir ki, regionda münasibətlər tədricən “münaqişə sonrası idarəetmə” modelindən “normallaşma institusionallaşması” mərhələsinə keçir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov deyib.
A.Nəsirov qeyd edib ki, digər tərəfdən, çıxış Avropa strukturları ilə münasibətlərdə yeni bir kommunikasiya strategiyasının formalaşdığını göstərir: “Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasına yönələn tənqidlər sadəcə narazılıq ifadəsi deyil, daha çox siyasi mesajdır ki, Azərbaycan artıq xarici qiymətləndirmələri birtərəfli qəbul edən aktor deyil. Bu yanaşma beynəlxalq münasibətlərdə “norm contestation” kimi tanınır, yəni dövlət mövcud normativ çərçivəyə etiraz edərək öz interpretasiyasını irəli sürür. Bakı bu kontekstdə suverenlik və ərazi bütövlüyü məsələsini universal prinsip kimi təqdim edərək selektiv yanaşmaları açıq şəkildə rədd edir”.
Onun fikirlərinə görə, nəhayət, çıxışın daha az diqqət çəkən, lakin strateji əhəmiyyətli tərəfi kommunikasiya və nəqliyyat xəttlərinin ön plana çıxarılmasıdır: “Bu, sadəcə iqtisadi məsələ deyil, regionun gələcək təhlükəsizlik arxitekturasının əsasını təşkil edən faktor kimi çıxış edir. Azərbaycan burada özünü tranzit və logistika mərkəzi kimi təqdim etməklə yalnız iqtisadi dividendlər deyil, həm də siyasi təsir alətləri əldə etməyə çalışır. Beləliklə, sülh prosesi təkcə siyasi razılaşma deyil, eyni zamanda, regionun geoiqtisadi xəritəsinin yenidən qurulması kimi dəyərləndirilə bilər”.
Röya İsrafilova
16:43
651
16:27
693
16:22
847