Azərbaycan–İtaliya strateji tərəfdaşlığı yeni mərhələdə: enerji, təhlükəsizlik və humanitar sahələrdə dərinləşən əməkdaşlıq - RƏY Siyasət

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı yeni mərhələdə: enerji, təhlükəsizlik və humanitar sahələrdə dərinləşən əməkdaşlıq - RƏY

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri iki ölkə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Mirkişili APA-ya açıqlamasında deyib ki, iki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq artıq yalnız siyasi dialoq çərçivəsi ilə məhdudlaşmır, eyni zamanda iqtisadi, enerji, hərbi-texniki və humanitar sahələri də əhatə edən çoxşaxəli və dayanıqlı əməkdaşlıq platformasına çevrilib. Bu əməkdaşlıq modeli həm regional, həm də qlobal səviyyədə mühüm nümunə kimi çıxış edir.

Strateji tərəfdaşlıq və siyasi dialoq güclənir

Deputat qeyd edib ki, Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələr uzun illərdir yüksək səviyyədə inkişaf edir və bu münasibətlər qarşılıqlı etimada əsaslanır: “İtaliya Avropanın aparıcı dövlətlərindən biri olmaqla yanaşı, Azərbaycanın ilk strateji tərəfdaşlarından biri kimi çıxış edir. 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri bu münasibətlərin hüquqi əsasını təşkil edir və bu gün həmin sənədlərdə əks olunan müddəalar real nəticələrlə müşayiət olunur. Formalaşmış açıq və etibarlı dialoq münasibətlərin inkişafında əsas rol oynayır. Xüsusilə 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya səfəri, daha sonra müxtəlif beynəlxalq platformalarda keçirilən görüşlər, o cümlədən Avropa Siyasi Birliyi çərçivəsində aparılan müzakirələr və nəhayət, Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri bu münasibətlərin ardıcıl və sistemli şəkildə inkişaf etdiyini göstərir. Ciorcia Meloninin səfəri həm siyasi, həm də rəmzi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Ermənistan paytaxtında keçirilən çoxtərəfli tədbirdən sonra Azərbaycana səfər etməsi ölkəmizə verilən önəmin və iki ölkə arasındakı dostluğun real göstəricisidir”.

Enerji əməkdaşlığı: Avropanın təhlükəsizliyində Azərbaycanın rolu

Tahir Mirkişili bildirib ki, Azərbaycan–İtaliya əməkdaşlığının əsas sütunlarından biri enerji sektorudur və bu sahədə tərəflər uzun illərdir etibarlı tərəfdaş kimi çıxış edirlər: “Bu gün Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayan əsas ölkələrdən biridir və qaz, eləcə də neft təchizatında ikinci yerdə qərarlaşır. 2025-ci ildə Azərbaycanın İtaliyaya qaz ixracı 10 milyard kubmetr təşkil edib və ümumilikdə Cənub Qaz Dəhlizi vasitəsilə bu ölkəyə 50 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu göstəricilər Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji aktor kimi rolunu daha da gücləndirir. Hazırkı geosiyasi şəraitdə enerji təhlükəsizliyi məsələsi Avropa üçün xüsusi aktuallıq daşıyır və Azərbaycan bu sahədə etibarlı tərəfdaş kimi ön plana çıxır. Tərəflər qaz təchizatının artırılması, yeni enerji marşrutlarının inkişafı və xüsusilə TAP layihəsinin genişləndirilməsi istiqamətində müzakirələr aparıblar. Bu isə gələcəkdə əməkdaşlığın daha da dərinləşəcəyinə ciddi əsaslar yaradır”.

İqtisadi əlaqələr və investisiya imkanları genişlənir

Deputat nəzərə çatdırıb ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və iki ölkə arasında ticarət dövriyyəsi son illərdə rekord həddə çatıb: “Bu əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır, sənaye, tikinti, infrastruktur və digər sahələri də əhatə edir. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına yatırdığı milyardlarla dollar sərmayə, eyni zamanda İtaliya şirkətlərinin Azərbaycandakı fəallığı qarşılıqlı iqtisadi maraqların yüksək səviyyədə olduğunu göstərir. Hazırda Azərbaycanda 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir və onların fəaliyyəti xüsusilə strateji layihələrdə özünü göstərir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərində də İtaliya şirkətləri fəal iştirak edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən 20-dən çox layihə, Mingəçevirdə sənaye təşəbbüsləri və Zəfər muzeylərinin layihələndirilməsi bu əməkdaşlığın konkret nəticələridir. Bu, həm də İtaliya şirkətlərinə göstərilən etimadın göstəricisidir. Bu ilin yanvar ayında keçirilən hökumətlərarası komissiyanın iclası və 2026-cı ildə Bakıda planlaşdırılan biznes forum iqtisadi əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək. Bu platformalar biznes dairələri arasında əlaqələri gücləndirəcək və yeni investisiya imkanları yaradacaq”.

Hərbi-texniki əməkdaşlıq və təhlükəsizlik sahəsində yeni mərhələ

Tahir Mirkişili Azərbaycan ilə İtaliya arasında hərbi-texniki əməkdaşlığın son illərdə yeni mərhələyə qədəm qoyduğunu nəzərə çatdırıb: “Bu sahədə əməkdaşlıq yalnız silah tədarükü ilə məhdudlaşmır, həm də texnologiya mübadiləsi, birgə istehsal və innovativ həllərin tətbiqini əhatə edir. Azərbaycan müdafiə nazirinin İtaliyaya səfəri, Hərbi Hava Qüvvələri üçün müasir yük təyyarələrinin alınması və digər layihələr bu əməkdaşlığın praktik nəticələridir. Bu istiqamət ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə yanaşı, milli sənaye potensialının inkişafına da töhfə verir. Eyni zamanda, təhlükəsizlik, aerokosmik sənaye və infrastrukturun qorunması kimi sahələrdə əməkdaşlıq perspektivləri də genişdir və bu sahələr gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri kimi çıxış edir”.

Təhsil, mədəniyyət və humanitar əlaqələr möhkəmlənir

Deputat vurğulayıb ki, Azərbaycan–İtaliya münasibətlərinin davamlılığını təmin edən əsas amillərdən biri də humanitar əməkdaşlıqdır: “Bakıda fəaliyyət göstərən İtaliya–Azərbaycan Universiteti bu əməkdaşlığın ən mühüm nailiyyətlərindən biridir. Artıq burada 500-dən çox tələbə təhsil alır və bu universitet gələcəkdə iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcək mütəxəssislərin yetişdirilməsində mühüm rol oynayacaq. Mədəniyyət, elm və təhsil sahəsində həyata keçirilən birgə layihələr xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir və strateji tərəfdaşlığın sosial əsaslarını möhkəmləndirir. Bu əlaqələr uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradır”.

Aİ ilə münasibətlərdə İtaliyanın rolu və regional əhəmiyyət

Tahir Mirkişili bildirib ki, İtaliya Azərbaycanın Avropa İttifaqı (AI) ilə münasibətlərinin inkişafında xüsusi rol oynayır: “İtaliya Aİ daxilində Azərbaycanın ən yaxın tərəfdaşlarından biri kimi çıxış edir və bu ölkənin dəstəyi Azərbaycan–Aİ əməkdaşlığının genişlənməsinə mühüm töhfə verir. Enerji, nəqliyyat və logistika sahələri bu əməkdaşlıqda prioritet istiqamətlərdir. Azərbaycan Avropa ilə Asiya arasında strateji tranzit mərkəzi kimi çıxış edərək regionda mühüm nəqliyyat və enerji qovşağı rolunu gücləndirir. Bu isə həm iqtisadi, həm də geosiyasi baxımdan ölkənin əhəmiyyətini artırır. Azərbaycan və İtaliya arasında formalaşmış yüksək səviyyəli dialoq və qarşılıqlı etimad bütün sahələrdə əməkdaşlığın inkişafına güclü təkan verir. Ciorcia Meloninin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yalnız mövcud səviyyəsini təsdiqləmir, eyni zamanda gələcək inkişaf istiqamətlərini də müəyyən edir. Azərbaycan–İtaliya tərəfdaşlığı artıq təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş – regional və qlobal kontekstdə əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq modeli qarşıdakı illərdə daha da dərinləşəcək, yeni sahələri əhatə edəcək və hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, beynəlxalq sabitliyə də töhfə verəcək”.