Azər Bayramov: İxrac xərclərinin kompensasiyası üzrə yeni mexanizm hazırlanır
Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul edib
Qaya Məmmədov: Kallasın Azərbaycana səfəri hazırkı geosiyasi şəraitdə böyük əhəmiyyət kəsb edir
Mülkiyyətçi dəyişikliyi ilə bağlı əmək müqaviləsinə xitam verilməsi halları barədə qərar verilib
11:06
350
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın mayın 5-də Azərbaycana səfəri hazırkı geosiyasi şəraitdə Azərbaycan-Aİ tərəfdaşlığı üçün böyük əhəmiyyət kəsb edir.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov bildirib.
Qaya Məmmədov deyib ki, uzun müddətdir ki, Aİ Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir: “Eyni zamanda, son dövrlər Aİ üzv dövlətlərin ortaq səsi kimi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində daha fəal rol oynamağa başlayıb. Həm iqtisadi, həm də beynəlxalq təhlükəsizlik məsələlərində Azərbaycan və Aİ arasında ortaq maraqlar vardır. Bu baxımdan, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasətinə məsul nümayəndəsinin Azərbaycana səfəri ortaq gündəliyin daha da zənginləşdirilməsi və gələcək praktik addımların müəyyən edilməsi baxımından mühüm addımdır”.
Deputat qeyd edib ki, Aİ-nin Azərbaycanın bölgədə davamlı sülhün bərqərar edilməsi istiqamətində səylərinə siyasi və praktik dəstəyi böyük əhəmiyyətə malikdir: “Aİ-nin xarici siyasət və praktik əməkdaşlıqla bağlı fəaliyyətinə məsul olan icra strukturlarının bu məsələlərdə realist və praqmatik yanaşması təqdirəlayiqdir. Azərbaycan rəhbərliyi ilə aparılmış dialoq enerji və nəqliyyat sahələrində əməkdaşlığın, o cümlədən Azərbaycan ərazisi ilə Avropa və Asiyanı birləşdirən təhlükəsiz və səmərəli nəqliyyat dəhlizinin daha da inkişaf etdirilməsinə böyük təkan verəcək”.
Qaya Məmmədov hesab edir ki, Aİ və Azərbaycan arasında siyasi, iqtisadi və humanitar sahədə güclü tərəfdaşlıq və böyük perspektivlər Avropa Parlamentinin öz yanaşmasını düzəltməsi üçün bir xəbərdarlıq olmalıdır: “Hansı motivlərlə edilməsindən asılı olmayaraq, Avropa Parlamentinin anti-Azərbaycan fəaliyyətinin ilk növbədə Aİ və Azərbaycan arasında tərəfdaşlığa zərər vurmağı hədəflədiyi hamıya aydın olmalıdır. Ümid edirik ki, Avropanın siyasi qüvvələri hazırkı geosiyasi vəziyyətdə Azərbaycan və Aİ arasında olan güclü ortaq maraqlara lazımi qiymət verəcək və qəbuledilməz ritorika və üsullarla Avropa Parlamenti vasitəsilə Azərbaycana təzyiq etməyin əbəs və ilk növbədə özlərinə zərərli olduğunu anlayacaqlar”.