18:14
574
“İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərən mühüm görüşdür. Azərbaycan ilə İtaliya arasında münasibətlər uzun illərdir qarşılıqlı hörmətə, etibarlı tərəfdaşlığa və ortaq maraqlara əsaslanır. Bu gün İtaliya Azərbaycanın Avropadakı əsas iqtisadi və ticarət tərəfdaşlarından biridir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirib.
Deputat əlavə edib ki, Möhtərəm cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində İtaliya ilə güclü və dayanıqlı münasibətlər formalaşdırıb: “Xüsusilə enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında strateji bağları daha da gücləndirib. TAP layihəsi vasitəsilə Azərbaycan qazının Avropaya çatdırılması iqtisadi, həm də Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu prosesdə İtaliyanın xüsusi rolu var. Eyni zamanda, münasibətlər yalnız enerji sektoru ilə məhdudlaşmır. Siyasi dialoq, humanitar əlaqələr, mədəniyyət, təhsil və investisiya sahələrində əməkdaşlıq genişlənir. İtaliya şirkətlərinin Azərbaycanda həyata keçirdiyi layihələr, xüsusilə azad olunmuş ərazilərdə bərpa və quruculuq prosesinə göstərilən maraq diqqət çəkir. Bütün bunlar Azərbaycanın yaratdığı sabit və etibarlı investisiya mühitinin göstəricisidir”.
G.Ağamalı qeyd edib ki, Ciorcia Meloninin Azərbaycana səfəri ölkəmizin artıq regionun əsas siyasi və iqtisadi güc mərkəzlərindən biri kimi qəbul olunduğunun təzahürüdür: “Azərbaycan regionun və beynəlxalq diplomatik platformaların fəal iştirakçısıdır. İtaliya kimi böyük Avropa dövlətinin Azərbaycanla münasibətlərə xüsusi önəm verməsi də bunun bariz nümunəsidir. Sözügedən səfər ikitərəfli münasibətlərin daha da dərinləşməsinə, yeni iqtisadi layihələrin formalaşmasına və regional əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək”.
Röya İsrafilova