“Maarifçi proqramların yoxluğu ciddi problemdir” Gündəm

“Maarifçi proqramların yoxluğu ciddi problemdir”

“Azərbaycanda elmi-kütləvi və mədəni-maarif yönümlü təhsil proqramlarının inkişafı ciddi problemlərlə üzləşir”.

Bunu təhsil eksperti Elmin Nuri “xalqcebhesi.az”-a açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, belə proqramların hazırlanması zamanı milli dəyərlərlə müasir biliklərin inteqrasiyası əsas prinsip olmalıdır:
“Bu balans qorunmalıdır və proqramların əsas komponentləri məhz bu istiqamətdə formalaşdırılmalıdır. Amma məsələnin digər tərəfi ondan ibarətdir ki, ümumiyyətlə belə proqramların özü demək olar ki, yoxdur.
Yerli media, xüsusilə televiziya məkanında elmi-kütləvi və maarifçi verilişlərə çox nadir hallarda rast gəlinir.Bəzən ayrı-ayrı təşəbbüslər olur, amma onlar da qısa müddət sonra yoxa çıxır. Bunun əsas səbəbi isə bu tip proqramların kommersiya baxımından cəlbedici olmamasıdır. Təəssüf ki, maarifçilik ikinci plana keçir, sponsor marağı olmadığı üçün bu sahəyə diqqət ayrılmır”.

Elmin Nuri vurğulayıb ki, son dövrlərdə bəzi kanallarda, o cümlədən yeni başlayan layihələrdə müəyyən addımlar atılsa da, bu yetərli deyil:
“Təhsillə bağlı daha geniş auditoriyanı əhatə edən, yeddidən yetmiş yeddiyə hər kəs üçün maraqlı olacaq elmi-kütləvi proqramlara ciddi ehtiyac var. Rəqəmsal platformalarda da vəziyyət ürəkaçan deyil. Deyirlər ki, artıq televiziya dövrü geridə qalır, sosial şəbəkələr və podkastlar önə çıxır. Amma bu platformalarda da elmi-kütləvi kontent çox azdır. Gənclər müəyyən təşəbbüslər göstərir, lakin baxış sayı az olduğu üçün motivasiyalarını tez itirirlər və layihələr yarımçıq qalır”.

Onun fikrincə, bu sahədə sistemli yanaşma və dəstək mexanizmləri formalaşdırılmadan ciddi irəliləyiş əldə etmək çətin olacaq.

Günel Elxan