Hakimlərin “Güzəştli mənzil”lə bağlı müraciətlərinin qəbuluna başlanılıb Hadisə

Hakimlərin “Güzəştli mənzil”lə bağlı müraciətlərinin qəbuluna başlanılıb

“Güzəştli mənzil” sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlanıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən bildirilib. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 21.04.2026 tarixli 650 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişikliyə əsasən, güzəştli ipoteka kreditini almaq və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırası genişləndirilib. Müvafiq dəyişikliklə, “ən azı 3 il hakimlik stajı olan Azərbaycan Respublikası məhkəmələri hakimləri” də güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə edilib.

Ölkə başçısının bu Fərmanını icra etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılıb, həmin kateqoriyaya uyğun olan hakimlər tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilib. Sənədlərin siyahısı ilə mida.gov.az internet səhifəsində yerləşən “Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür.

Həmin şəxslər 06.05.2026-cı il tarixindən etibarən SİMA Rəqəmsal İmza ( https://sima.az/az ), Asan İmza (https://asanimza.az/) və ya SİMA Token (Elektron İmza) (https://sima.az/az/token) istifadə edərək “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər.

Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 5 saylı Bakı "ASAN xidmət" mərkəzində "Güzəştli mənzil" pəncərəsi vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan “108 Çağrı” mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər.